...

Azərbaycan KİV-ləri Rusiya XİN-ə nazirlik rəsmisinin fikirlərinin sonradan təhrif edilməsi ilə bağlı müraciət ünvanlayıblar

Siyasət Materials 5 İyun 2018 14:34 (UTC +04:00)
Azərbaycan kütləvi informasiya vasitələri (KİV) Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin direktoru Mariya Zaxarovaya müraciət ünvanlayıblar.
Azərbaycan KİV-ləri Rusiya XİN-ə nazirlik rəsmisinin fikirlərinin sonradan təhrif edilməsi ilə bağlı müraciət ünvanlayıblar

Bakı. Trend:

Azərbaycan kütləvi informasiya vasitələri (KİV) Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin direktoru Mariya Zaxarovaya müraciət ünvanlayıblar.

Trend-in məlumatına görə, müraciətdə qeyd olunur ki, Trend İnformasiya Agentliyinin jurnalistinin bu il iyunun 1-də Rusiya Xarici İşlər Nazirliyində (XİN) keçirilən brifinq zamanı Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinə verdiyi suala cavabın sonradan nazirliyin saytında təhrif olunması qəbuledilməzdir.

Qeyd edək ki, jurnalist A.Kojinə aşağıdakı sualı vermişdi: “Əvvəlki müsahibələrinin birində Ermənistanın baş naziri bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin iştirakı olmadan mümkün deyil. Bununla bağlı sual yaranır: fikrinizcə, bu cür bəyanatlar nə dərəcədə nizamlanma prosesini mürəkkəbləşdirir və tərəflərə ümumi dil tapmağa mane olur?”

Bu suala Rusiya XİN nümayəndəsi aşağıdakı kimi cavab verib:

"Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin ATƏT tərəfindən müəyyənləşdirilmiş həlli yollarına uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir. Mən belə deyərdim”.

Trend İnformasiya Agentliyinin Rusiya XİN rəsmisinin fikirlərinin sonradan təhrif edilməsi ilə bağlı BƏYANATI

Trend İnformasiya Agentliyinin Rusiya XİN rəsmisinin fikirlərinin sonradan təhrif edilməsi ilə bağlı BƏYANATI

Lakin bir saat keçdikdən sonra Rusiya XİN-in rəsmi saytında brifinqin stenoqramı yerləşdirildikdə A.Kojinin cavabındakı “ümumiyyətlə” («вообще») sözü naməlum səbəblərdən “sizin” («ваши») sözü ilə əvəz edilib və nəticədə rusiyalı diplomatın cavabının məğzi tamamilə təhrif olunub.

Bəyanatda qeyd olunur ki, bu hadisə təəccüb doğurur və Minsk qrupunun həmsədr ölkələrinin rəsmi mövqeyinin təhrif olunmasına dair yolverilməz nümunədir: “Eyni zamanda, Ermənistanın yeni hökuməti tamamilə əsassız və qeyri-konstruktiv bəyanatlar səsləndirir. Ermənistan tərəfinin tanınmamış qondarma rejimin danışıqlar prosesində iştirakına dair bəyanatı danışıqlar prosesinin BMT və ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində hazırlanmış bütün 20 illik konsepsiyasına ziddir”.

Bəyanatda deyilir ki, Azərbaycan jurnalistikası Rusiya-Azərbaycan dostluğunu yüksək qiymətləndirir və öz imkanları daxilində iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin dərinləşməsi və qorunması üçün əlindən gələni edir:

“Biz hesab edirik ki, xalqlarımız arasında mehriban qonşuluq əlaqələri bütün regionun çiçəklənməsinə, Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edir. Təbii ki, bütün bu məsələlərdə Rusiya və Azərbaycan diplomatlarının böyük xidmətləri var. Buna görə də biz əsrlər boyu ənənələrə malik, diplomatiya tarixində çoxsaylı müsbət nümunələr qoymuş, bu qədər hörmətli və ciddi dövlət orqanı olan Rusiya XİN-in belə qarşıdurmaya yol aça biləcəyini anlaya bilmirik. Hesab edirik ki, bu hadisə Rusiya XİN-ə hörmət gətirmir. Rusiya xarici siyasət idarəsi sözügedən saxtakarlığı aradan qaldırmalı və həqiqəti bərpa etməlidir”.

Müraciəti Ə.Amaşov (Azərbaycan Mətbuat Şurasının sədri), A.Aslanov (AZƏRTAC), B.Sadıqov (“Azərbaycan” qəzeti), H.Həsənov (“Xalq” qəzeti), R.Hacıyev (“Bakinskiy raboçiy” qəzeti), H.Məmmədov (“Yeni Azərbaycan” qəzeti), Bəhruz Quliyev (“Səs” qəzeti), Vüqar Rəhimzadə (“İki Sahil” qəzeti), İ.Hüseynov (“Kaspiy” qəzeti), İ.Quliyev (“Kaspi” qəzeti), A.Vəliyev (“Şərq” qəzeti), Y.Oğuz (“Olaylar” qəzeti), R.Məcid (“525-ci qəzet”), N.Əliyev (“Palitra” qəzeti”), S.Mikayılova (“Azernews” qəzeti), E.Mirzəbəyli (“Xalq cəbhəsi” qəzeti), A.Abbas (“Ədalət” qəzeti), A.Quliyev (“Bakı xəbər” qəzeti), R.Abbasov (“Yeni Müsavat” qəzeti), B.Həziyev (“Bizim yol” qəzeti), İ.Hüseynov (Trend İnformasiya Agentliyi), V.Abışova (APA İnformasiya Agentliyi), N.Niftiyev (“Azadinform” İnformasiya Agentliyi), M.Əliyev (“Report” İnformasiya Agentliyi), E.Fətullayev (“Haqqın” xəbər portalı), E.Seyfullayev (“Qafqazinfo” xəbər portalı) imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti