...

Millət vəkili: Sınaqlardan qətiyyətlə çıxmış xalq-iqtidar birliyini sarsıtmaq mümkün deyil

Siyasət Materials 11 İyul 2018 16:21 (UTC +04:00)
Anti-Azərbaycan qüvvələrinin ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, insanlar arasında çaxnaşma yaratmaq, siyasi hakimiyyətə təzyiqlər etmək kimi cəhdləri iflasa məhkumdur.
Millət vəkili: Sınaqlardan qətiyyətlə çıxmış xalq-iqtidar birliyini sarsıtmaq mümkün deyil

Bakı. Samir Əli - Trend:

"Anti-Azərbaycan qüvvələrin ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, insanlar arasında çaxnaşma yaratmaq, siyasi hakimiyyətə təzyiqlər etmək kimi cəhdləri iflasa məhkumdur. Çünki Azərbaycanda ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dinamik inkişafın qarantı xalq-iqtidar birliyidir, vətəndaşlarımızın Prezident İlham Əliyevə olan sevgisi, dəstəyidir. Biz bunu haqqında təəssüflə danışdığımız Gəncə hadisələri zamanı da gördük”.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Gəncədəki təxribat xarakterli hadisələrin nəticəsində həm radikal müxalifət, həm radikal dindarlar, həm də onların havadarları bir daha Azərbaycan xalqının iqtidarına olan etimadını, dəstəyini, eyni zamanda, ölkənin ictimai sabitliyini, insanların təhlükəsizliyini təmin edən polisimizin şücaətini, qətiyyətini gördü:

“Azərbaycanda xaos yaratmağa cəhd edənlər birdəfəlik anlamalıdırlar ki, çox çətin sınaqlardan qətiyyətlə çıxmış xalq-iqtidar birliyini sarsıtmaq mümkün deyil. Çünki Azərbaycan xalqı xaosu, özbaşınalığı, dağıdıcılığı hələ 1992-ci ildə AXC-Müsavat hakimiyyəti illərində görüb. Elə Gəncə əhalisi də 1993-cü ildə anti-milli ünsürlərin fəaliyyəti nəticəsində küçə döyüşlərinin, silahlı hücumların, vətəndaş müharibəsinin şahid olublar. Lakin xüsusi məqam kimi qeyd edilməlidir ki, Azərbaycan xalqı hər zaman anti-Azərbaycan qüvvələrin təxribatlarına getməyib, iqtidarla birliyini nümayiş etdirib, ictimai-siyasi sabitliyi qoruyub”.

Millət vəkili əlavə edib ki, Gəncədə də təxribat törətməyə çalışan bir qrup anti-milli ünsürə insanların dəstək verməməsi, onları etdikləri hərəkətlərə görə qınaması isbatladı ki, gəncəlilər Heydər Əliyev siyasətinə sadiqdirlər, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər:

"Gəncə daim vətənpərvər insanların yurdu olub və tarixdən də görürük ki, düşmənlərimizin ən çox məğlub olduğu yer məhz Gəncə olub. Bu səbəbdən də, düşünürəm ki, daim dövlətlə və dövlətçiliklə birgə olan Gəncə sakinləri bu proseslərdən də qətiyyətlə çıxacaq, sabitliyi pozmağa çalışan qüvvələrə yox deyəcək və bununla da anti-Azərbaycan qüvvələrinin cəhdləri nəticəsiz qalacaq".

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti