...

Deputat: Gəncə hadisələri göstərdi ki, düşmənlərimiz Azərbaycanda sabitliyi pozmağa cəhd edirlər

Siyasət Materials 11 İyul 2018 21:01 (UTC +04:00)
Gəncə şəhərində baş verən son hadisələr onu göstərir ki, Azərbaycanı istəməyən qüvvələr Azərbaycanın uğurları artdıqca öz məkrli niyyətlərini heç cür gizlədə bilmirlər.
Deputat: Gəncə hadisələri göstərdi ki, düşmənlərimiz Azərbaycanda sabitliyi pozmağa cəhd edirlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Gəncə şəhərində baş verən son hadisələr onu göstərir ki, Azərbaycanı istəməyən qüvvələr Azərbaycanın uğurları artdıqca öz məkrli niyyətlərini heç cür gizlədə bilmirlər. Bunu Trend-ə millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev vurğulayıb ki, Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş möhtəşəm parad dostlarımızı sevindirdi, düşmənlərimizi isə çox məyus etdi:

"Xaricdə olan düşmənlərimiz ölkəmizdəki əlaltıları vasitəsilə Azərbaycanda mövcud olan və dünya ölkələrinə nümunə göstərilən sabitliyi pozmaq, gərginlik yaratmaq məqsədilə əvvəlcə Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror aktı təşkil etdilər. 10 iyul 2018-ci il tarixində isə kriminal keçmişli, ekstremist radikal təmayüllü bir qrup şəxs Gəncə şəhərində ictimai asayişi pozaraq qeyri-qanuni aksiya keçirməyə cəhd göstərdilər. Bu zaman 2 yüksək rütbəli polis zabiti şəhid oldu. Baş verən bu hadisələr Azərbaycan dövlətçiliyinə vurulan bir zərbədir. Azərbaycanın sürətli inkişafını, güclü bir dövlətə çevrildiyini görən düşmənlərimiz bütün vasitələrdən istifadə edərək Azərbaycanda mövcud olan sabitliyi pozmağa cəhd göstərirlər".

Millət vəkilinin sözlərinə görə, bu qüvvələr bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir və bu dövlətin müvafiq güc strukturları belə təxribatların qarşısını qətiyyətlə alıblar və bundan sonra da belə olacaq:

"Düşünürəm ki, qısa müddət ərzində hüquq-mühafizə orqanlarımız dövlətçiliyimizə qarşı yönəlmiş bu təxribatın iştirakçıları, təşkilatçıları da daxil olmaqla, bütün günahkarları müəyyənləşdirib ədalət məhkəməsinin qarşısına çıxaracaq".

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti