...

Prezident İlham Əliyev NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 12 İyul 2018 16:10 (UTC +04:00)
Prezident İlham Əliyev Brüsseldə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib
Prezident İlham Əliyev NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak edib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

İyulun 12-də Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökümət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Prezident İlham Əliyev Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak etmək üçün NATO-nun yeni mənzil-qərargahına gəldi.

Dövlətimizin başçısı burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç ilə görüşdü.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçi Türkiyənin NATO-dakı ofisinə çay süfrəsinə dəvət etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak etdi.

Azərbaycan Prezidenti İlham ƏLİYEV tədbirdə çıxış edərək dedi:

-Cənab baş katib, xanımlar və cənablar.

Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələri regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynayır. 2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər. 2018-ci ilin yanvar ayından Azərbaycan Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb.

Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusu üçün Etimad Fonduna maliyyə dəstəyi göstərib. Biz Azərbaycanda Əfqanıstan Ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edirik. Özündə 200-dən çox ictimai xidməti birləşdirən “ASAN xidmət” Əfqanıstanda tətbiq olunur.

Azərbaycan Qətiyyətli Dəstək missiyasına nəqliyyat və logistik dəstək də göstərir. Ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyi göstərilməsinə böyük dərəcədə kömək edib.

Ötən il Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə həmsədrlik, keçən ay isə Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi edib.

Ermənistanın təcavüzündən əziyyət çəkən və bu təcavüz nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, bir milyon soydaşına qarşı məlum acınacaqlı etnik təmizləmə törədilmiş Azərbaycan işğalın və dağıntının iqtisadi və humanitar nəticələrini yaxşı anlayır.

Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir.

Azərbaycan Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinin aradan qaldırması, ölkədə sülh və inkişafın əldə edilməsi işinə köməyini bundan sonra da davam etdirəcək.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Brüsselə səfəri başa çatdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti