...

Hikmət Babaoğlu: Azərbaycan Prezidenti milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir

Siyasət Materials 17 İyul 2018 17:00 (UTC +04:00)
Azərbaycan mətbuatının problemləri və qayğıları daima Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir.
Hikmət Babaoğlu: Azərbaycan Prezidenti milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycan mətbuatının problemləri və qayğıları daima Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzindədir. Mediamızın bugünkü inkişafı, ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi, jurnalistlərin peşə nüfuzunun artırılması, onların məişət problemlərinin həlli, evlə təmin olunması, cap məhsullarının əlavə dəyər vergisindən azad olunması və s. kimi mühüm məsələlər məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır".

Bunu Trend-ə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, son illərdə idxal edilən qəzet kağızının bizdən asılı olmayan səbəblərdən bahalaşması çap mediası üçün müəyyən çətinliklər yaratmaqdadır: "Belə məqamda Azərbaycan Prezidentinin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə mətbuatımıza birdəfəlik yardım ayırması olduqca böyük hadisədir və düşünürəm ki, mümkün problemləri əvvəlcədən həll etmək baxımından olduqca əhəmiyyətlidir".

Millət vəkili bildirib ki, cənab Prezident informasiya təhlükəsizliyi məsələlərinə çox böyük önəm verir və onu milli təhlükəsizliyimizin əsas komponentlərindən biri kimi qiymətləndirir:

"Bu, milli mətbuatımıza verilən çox böyük qiymətdir. Doğrudan da postmodernist cəmiyyətlər əsas etibarilə informasiya cəmiyyəti kimi xarakterizə olunur və informasiya belə cəmiyyətlərdə əsas institutlardan biri kimi çıxış edir. Azərbaycanda da demokratik və açıq cəmiyyət mövcud olduğu üçün informasiya resurslarının keyfiyyəti əslində elə ictimai şüurun keyfiyyətini müəyyənləşdirir ki, bu da çox vacib bir məsələdir. İctimai şüur milli maraqların və dövlətçilik maraqlarının qorunması baxımından başlıca intellektual faktorlardan biridir. Ona görə də ölkəmizin informasiya məkanının təhlükəsizliyinin qorunması milli mətbuatımızın fəaliyyəti ilə birbaşa bağlıdır. Bütün bunlar isə mediamızın inkişafını zəruri edir".

H.Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyevin artıq ənənə halını alan bu cür birdəfəlik yardımları mətbuatımızın inkişafına böyük töhfədir və biz media mənsubları bunu çox yüksək qiymətləndirməliyik: "Bu bir daha onu göstərir ki, Azərbaycan Prezidenti milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti