...

Prezident İlham Əliyev: İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün gələcəkdə də geniş meydan, geniş imkanlar olacaq

Siyasət Materials 18 İyul 2018 18:10 (UTC +04:00)
İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün gələcəkdə də geniş meydan, geniş imkanlar olacaq.
Prezident İlham Əliyev: İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün gələcəkdə də geniş meydan, geniş imkanlar olacaq

Bakı. Trend:

İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün gələcəkdə də geniş meydan, geniş imkanlar olacaq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bu gün Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri başlamışdır. Bu, tarixi səfərdir, çünki ilk dəfədir ki, İtaliya Prezidenti Azərbaycana səfər edir. Səfər zamanı apardığımız danışıqlar və fikir mübadiləsi İtaliya-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasını əyani şəkildə sübut edir. Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Biz dostuq. Bizi birləşdirən bir çox layihələr, ortaq maraqlar var. Bu gün bütün bu məsələlər müzakirə olundu. Sabah biz cənab Prezident Sercio Mattarella ilə birlikdə İtaliya və Azərbaycan iş adamları ilə görüşəcəyik, onlara da öz sözümüzü deyəcəyik. Əlbəttə, onlar da bütün bu hadisələri izləyir və görürlər ki, siyasi əlaqələr yüksək səviyyədədir".

İlham Əliyev bildirib ki, beləliklə, biznes dairələri üçün çox gözəl imkanlar açılır: "Əminəm ki, həm İtaliya, həm Azərbaycan şirkətləri bu imkanlardan istifadə edib bizim ticarət dövriyyəsinin şaxələndirilməsi istiqamətində önəmli addımlar atacaq. Bu gün mən artıq rəsmi danışıqlar zamanı qeyd etdim ki, İtaliya bizim üçün bir nömrəli ticarət tərəfdaşıdır. Bu, əlbəttə ki, çox müsbət haldır. Amma biz istəyirik ki, bizim ticarət əlaqələrimiz çoxşaxəli olsun, bir çox sahələri əhatə etsin və buna nail olacağıq.

Bizim gələcək sənaye inkişafımızla bağlı planlarımız əminəm ki, həyata keçiriləcək. Bir çox yeni, ən yüksək texnologiyalara cavab verən sənaye müəssisələri yaradılacaqdır. Ona görə, İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün gələcəkdə də geniş meydan, geniş imkanlar olacaqdır".

Prezident əlavə edib: "Mən İtaliya Prezidenti cənab Sercio Mattarellanı bir daha salamlayıram. Qeyd etməliyəm ki, bu müəssisə Sumqayıt şəhərində yaradılır. Sumqayıt şəhərinə ilk dəfədir ki, aparıcı Avropa dövlətinin Prezidenti gəlir. Bu, Sumqayıtın tarixi üçün də çox əhəmiyyətli məsələdir. Sumqayıt indi müasir sənaye şəhəridir. Cənubi Qafqazda Bakıdan sonra ikinci sənaye şəhəridir. Sumqayıt sovet vaxtında kimya sənayesi şəhəri kimi yaradılmışdır. Sumqayıtın çox ciddi ekoloji problemləri var idi. Mən cənab Prezidentə bu barədə məlumat verdim. Ekoloji vəziyyət, havanın çirklənməsi insanları çox narahat edirdi. Bütün bunlara son qoyuldu".

Dövlət başçısı deyib ki, bu gün müasir müstəqil Azərbaycanda ən yüksək ekoloji standartlar təmin edilir və Sumqayıt indi ekoloji inkişaf baxımından ölkəmizin ən qabaqcıl yerlərində qərarlaşıb: "Bu zavodun sumqayıtlılar üçün də böyük əhəmiyyəti olacaq. Sumqayıtda yaradılacaq böyük sənaye klasterində minlərlə, on minlərlə insan işləyəcək və beləliklə, şəhərin inkişafı da uğurla gedəcək.

İtaliya Prezidentinin bu zavodun açılışında iştirakı bizi fərəhləndirir. Bu, doğrudan da gözəl hadisədir. Bu, əsl dostluq rəmzidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti