...

Aydın Quliyev: Ermənistanda parlament sədri ilə baş nazirin açıq döyüşü başlayıb

Siyasət Materials 21 Avqust 2018 12:32 (UTC +04:00)
Ermənistanda parlament sədri ilə baş nazirin açıq döyüşü başlayıb.
Aydın Quliyev: Ermənistanda parlament sədri ilə baş nazirin açıq döyüşü başlayıb

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanda parlament sədri ilə baş nazirin açıq döyüşü başlayıb. Bunu Trend-ə “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

A.Quliyev qeyd edib ki, Ermənistanda konstitusiya böhranı baş nazir Nikol Paşinyan tərəfindən açıq şəkildə etiraf olundu: "Ancaq böhran baş nazirin dediklərindən də kəskindir və dərinləşməyə meyillidir. Paşinyanın bir nömrəli məqsədi özünün baş nazir kimi qalması şərtilə növbədənkənar parlament seçkisi keçirməkdir. Əks halda yeni parlamentdə çoxluğu ələ keçirməsi mümkünsüzdür. O, baş nazir kimi yerində qalmasa, seçkini uda da bilməyəcək. Ancaq məsələ burasındadır ki, Paşinyan mövcud konstitusiya ilə çıxılmaz bir dalana girib. Yəni növbədənkənar parlament seçkisi baş nazirin istefası və indiki parlamentin yeni baş nazir seçmək üçün iki dəfə göstərəcəyi cəhdin uğursuz nəticələnməsi şəraitində mümkündür".

Ekspert əlavə edib ki, N.Paşinyan bu şərtin onun üçün nə qədər təhlükəli olduğunu tam başa düşür:

"Çalışır ki, indiki parlament konstitusiyada dəyişiklik etsin və mövcud parlamentin özünü buraxmaq səlahiyyətini konstitusiyaya daxil etsin. Yalnız bu halda Paşinyan həm baş nazir postunda qala, həm də eyni vaxtda növbədənkənar parlament seçkisi keçirə bilər. İndiki parlamentin özünü xoşluqla buraxmayacağını yaxşı bildiyi üçün yüz minlərlə xalqı yenidən meydanlara tökmək və davamlı “meydan hərəkatı"nın təzyiqi altında parlamenti Konstitusiyaya dəyişikliyinə vadar etmək istəyir. Bu onun ciddi planıdır, başqa yolu yoxdur, yaxın həftələrdə İrəvanın yüz minlərlə dinc aksiyaçının ayaq tapdağı olacağını görəcəyik".

Baş redaktor vurğulayıb ki, N.Paşinyanın planına artıq iki güclü müqavimət ocağı yaranıb:

"Keçmiş prezident Robert Koçaryan bütün rusiyayönümlü qüvvələri Paşinyan əleyhinə açıq toparlanmağa çağırdı. Paşinyanın bəyanatını izah edərkən onun “Rusiya bu tərzdə danışılası ölkə deyil” deməsi məhz çağırışdır. İkinci müqavimət cəbhəsini parlament sədri Ara Babloyan yenicə yaydığı sərt bəyanatla açdı. Babloyan rəhbərlik etdiyi parlamenti Paşinyanın konstitusiyaya dəyişiklik siyasətinə qarşı ayağa qaldırmağa hazırlaşır. Parlament sədrinin ictimai həmrəyliyin təhlükə qarşısında olduğunu bəyan etməsi Ermənistanın vətəndaş qarşıdurmasına sürətlə yaxınlaşdığını deməyə əsas verir. Ermənistan tək dəhlizə yox, həm də çox qaranlıq dəhlizə girir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti