...

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin İsmayıllı filialının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB-2)

Siyasət Materials 25 Avqust 2018 21:23 (UTC +04:00)
Prezident İlham Əliyev “Azərxalça” ASC-nin İsmayıllı filialının açılışında iştirak edib.
Prezident İlham Əliyev “Azərxalça” ASC-nin İsmayıllı filialının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB-2)

Bakı. Trend:

Avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında iştirak edib.

Dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi önəm verən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib. “Azərxalça” ASC-nin ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında xalça emalatxanalarının tikintisi nəzərdə tutulmuşdu. Artıq Horadiz, Şəmkir, Quba və Xaçmazdakı müəssisələr dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib.

Bu müəssisələri materialla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 18 milyon dollar olan “Yunəyirici - boyaq” fabrikinın, Horadiz, Şəmkir, Quba və Xaçmazda 5 regional yun və boyaq tədarükü məntəqəsinin inşası davam etdirilir. Artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. 2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. Artıq istifadəyə tam hazır olan “Azərxalça” ASC-nin İsmayıllı filialı da bu sırada mühüm yerlərdən birini tutur.

Məlumat verildi ki, müəssisənin binasının inşasına 2016-cı ildə başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə yerinə yetirilib. Filialın ümumi sahəsi 1252,88 kvadratmetr olan binasında 150 toxucunun və 12 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir.

Müəssisənin kollektivi ilə görüşən Prezident İlham Əliyev dedi:

- Çox gözəl bir gündür, xalçaçılıq fabrikinin açılışı münasibətilə sizi təbrik edirəm.

Xalçaçı: Çox sağ olun, biz də Sizə təşəkkür edirik.

Prezident İlham Əliyev: Çox şadam ki, belə gözəl müəssisə yaradılıb və qadınlar işlə təmin olunublar.

Xalçaçı: Çox sağ olun. Bu gündən sonra gözəl xalçalar toxuyacağıq. Biz 10 rayon üzrə birinci yeri tutmuşuq, bu gündən sonra da çalışacağıq. Bizi medalla təltif etmişiniz, Sizə təşəkkür edirik.

Prezident İlham Əliyev: Bəli, bəli təltif etmişəm. İsmayıllının çox böyük ənənələri var.

Xalçaçı: Bəli, biz birinci yerə çıxmışıq, xalçaçılar adından Sizə təşəkkür edirik.

Prezident İlham Əliyev: Yaxşı işləmisiniz ki, birinci yerə layiq görülmüsünüz.

Xalçaçı: Çox sağ olun. Sizin sayənizdə bizim hər şəraitimiz yaxşıdır. Şəraitə görə onlar da yaxşı xalça toxuyurlar. Çox sağ olun, Sizə təşəkkür edirik.

Prezident İlham Əliyev: Çox yaxşı. İsmayıllı rayonunun xalçaçılıq ənənələri çox zəngindir, qədimdir. Çox yaxşı ki, siz bu sənəti yaşatmısınız, yaşadırsınız. Gərək gələcək nəsil də bu sənəti mənimsəsin. Yəni, xalçaçılıq sənəti bizim milli sərvətimizdir. Azərbaycan xalçaları dünya miqyasında tanınır və dünyanın aparıcı muzeylərində təqdim olunur.

Biz xalçaçılığın inkişafı ilə bağlı çox ciddi tədbirlər görürük. Bölgələrdə xalça fabriklərinin yaradılması bu işlərin bir hissəsidir. Bu, son müddət ərzində açılan sayca beşinci fabrikdir. İlin sonuna qədər daha beş fabrik açılacaq. Ümumiyyətlə, nəzərdə tutulur ki, ölkəmizdə 30 xalçaçılıq fabriki yaradılacaq və minlərlə insan, xüsusilə qadınlar işlə təmin olunacaqlar. Bu fabriklərdə çalışanlar da qadınlardır. Biz qadınlar üçün də iş yerləri yaradırıq. Burada istehsal olunan, toxunan xalçalar həm ölkə daxilində, həm də xaricdə satılacaq və beləliklə, Azərbaycan öz ixrac məhsullarını dünyaya daha da geniş formada təqdim edəcəkdir. Xalçaçılıq sənətinin gələcəkdə yaşaması üçün sizin əməyiniz, zəhmətiniz, istedadınız əsas rol oynayır. Mənə verilən məlumata görə, bu fabrikdə 150-yə yaxın insan işlə təmin olunub. Gələcəkdə işlər yaxşı gedərsə, bu fabriki böyütmək də olar ki, bu işə daha çox qadın cəlb olunsun.

Dövlət daim sizi dəstəkləyəcək. Bütün avadanlıqlar, bütün dəzgahlar, iplər - hamısı dövlət tərəfindən təmin olunur. Yaxın aylarda, yəqin ki, gələn il Azərbaycanda əyirici-boyaq fabriki də işə düşəcək. Ondan sonra, ümumiyyətlə, xaricdən heç bir material gətirməyə ehtiyac qalmayacaq. Deməli, iplərdən tutmuş, boyalara qədər bütün materiallar Azərbaycanda istehsal olunacaqdır. Azərbaycanda xalçaçılığın çox böyük tarixi və çox böyük gələcəyi var. “Azərxalça” müəssisəsinin yaradılması məhz bu məqsədi güdürdü. Mənim qoyduğum vəzifələr, verdiyim tapşırıqlar yerinə yetirilir və İsmayıllı rayonundakı xalçaçılıq fabriki bunu bir daha göstərir. Sizi ürəkdən təbrik edirəm.

Xalçaçılar: Çox sağ olun.

X X X

Prezident İlham Əliyev toxunmuş xalçanı kəsdi.

Dövlətimizin başçısı müəssisənin kollektivi ilə söhbəti davam etdirərək onlara işlərində uğurlar arzuladı.

Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağsu, İsmayıllı, Qobustan, Şamaxı, Ağdaş, Göyçay, Hacıqabul, Kürdəmir, Salyan, Ucar, Zərdab, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarının kəndlərində toxunan orijinal Şirvan xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Qeyd olundu ki, müəssisədə çalışan toxucular İsmayıllı şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı da həyata keçiriləcək.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti