...

Prezident İlham Əliyev: Azərbaycan Milli Ordusu və Qafqaz İslam Ordusunun Bakını birgə azad etməsi tarixi hadisə idi

Siyasət Materials 15 Sentyabr 2018 18:24 (UTC +04:00)
Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi.
Prezident İlham Əliyev: Azərbaycan Milli Ordusu və Qafqaz İslam Ordusunun Bakını birgə azad etməsi tarixi hadisə idi

Bakı. Trend:

Bu bayram günündə biz birlikdəyik. Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan və Türkiyə vətəndaşlarını ürəkdən təbrik etmək istəyirəm. Azərbaycanın rəmzlərindən biri olan Azadlıq meydanından bütün türk bacı-qardaşlarımıza səmimi salamlarımı, sevgimi, məhəbbətimi çatdırıram.

Bu sözləri Prezident İlham Əliyev Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında deyib.

Bu ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini xatırladan dövlətimizin başçısı bunun tarixi hadisə olduğunu vurğulayıb.

“İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz fəxr edirik ki, bu respublikanı yaradan Azərbaycan xalqı olmuşdur. Ancaq gənc müstəqil Azərbaycan böyük çətinliklərlə üzləşmişdi. Azərbaycan hökuməti öz ərazisinə tam nəzarət edə bilmirdi. Bakı şəhəri və bir neçə başqa şəhər işğal altında idi. Azərbaycan hökuməti Gəncə şəhərində yerləşmiş və orada fəaliyyət göstərmişdi. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır”, - deyə Prezident İlham Əliyev qeyd edib .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti