...

Nazir: 1 ildə 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib

Siyasət Materials 22 Noyabr 2018 09:34 (UTC +04:00)
1 700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub
Nazir: 1 ildə 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib

Bakı. Samir Əli - Trend:

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı dövlət başçısının 10.02.2017-ci il tarixli sərəncamı bu sahədə ədliyyə və məhkəmə sistemi üçün "yol xəritəsi” olub.

Trend-in məlumatına görə, bu barədə ədliyyə naziri Fikrət Məmmədov "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, sərəncama uyğun olaraq Cinayət Məcəlləsində dəyişikliklər edilərək bir sıra əməllər dekriminallaşdırılıb, yeni qanunun təsiri altına düşən 5 700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1 700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub: "Sərəncamın icrası nəticəsində istintaq təcridxanalarına daxil olan həbs olunmuş şəxslərin sayı 25 faiz azalıb, həmçinin məhkəmələr tərəfindən azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının sayı enib.

Eyni zamanda, həbs qətimkan tədbirinə dair prokurorlar tərəfindən məhkəmələrə verilmiş təqdimatların sayı təxminən 22 faiz, həbsdə saxlama müddətinin uzadılması barədə müraciətlərin sayı isə 37 faiz azalıb.

Sərəncama uyğun olaraq, həmçinin alternativ cəzaların icrasına effektiv nəzarətin təşkili məqsədilə Nazirlikdə yeni Probasiya xidməti yaradılıb, cinayət qanunvericiliyinə dəyişikliklər edilərək yeni cəza növü - azadlığın məhdudlaşdırılması cəzası müəyyən olunub.

Həmin cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi təmin olunub, bu sahədə bir sıra dövlətlərin təcrübəsi öyrənilib, xarici və yerli şirkətlərin nəzarət qurğuları sınaqdan keçirilib və yerli istehsalçıya üstünlük verilib".

Ədliyyə naziri bildirib ki, probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş, məhkumları fasiləsiz izləməyə və operativ əlaqə qurmağa imkan verən Elektron monitorinq mərkəzi yaradılıb, mərkəzin imkanları və "elektron qolbağ”ın funksiyaları barədə geniş ictimai təqdimatlar keçirilib: "İstifadəsinə bir neçə aydır başlanılmış bu elektron nəzarət vasitələri artıq 500 şəxsə tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir. Qısa müddətdə yaranmış müsbət təcrübəmizə maraq göstərilərək elektron nəzarət vasitələrinin tətbiqi digər dövlətlər tərəfindən öyrənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti