...

Hikmət Hacıyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu xarici siyasət xətti 2018-ci ildə də davam etdirilib

Siyasət Materials 22 Dekabr 2018 14:36 (UTC +04:00)
Trend Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məqaləsini təqdim edir.
Hikmət Hacıyev: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu xarici siyasət xətti 2018-ci ildə də davam etdirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə də ölkəmizin uğurlu xarici siyasət xətti davam etdirilib. Dövlətimizin başçısı xarici siyasət məsələlərini daim diqqət mərkəzində saxlayır, diplomatiyamız qarşısında duran prioritet vəzifələri müəyyən edir, onların planlı və ardıcıl surətdə həyata keçirilməsini təmin edir. Dünya xəritəsində olan heç də hər bir dövlət Azərbaycan kimi müstəqil xarici siyasət yürütmək iqtidarında deyil.

Trend Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Prezident İlham Əliyevin yürütdüyü strateji diplomatiya və xarici siyasətimizin nailiyyətləri” sərlövhəli məqaləsini təqdim edir.

2018-ci ilin yanvarında Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev bildirmişdi: “Azərbaycan bu gün dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Belə ölkələrin sayı çox deyil, xüsusilə əhali və ərazi baxımından böyük olmayan ölkələrə bu, o qədər də xas deyil. Biz isə müstəqillik yolu ilə gedirik və azad, müstəqil həyatımız bizim üçün hər şeydən üstündür”.

Qismən kiçik dövlət olan Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanlarını Prezident İlham Əliyevin güclü şəxsiyyət kimi qəti iradəsi, dərin və strateji baxışı və düşünülmüş, çevik qərarları və uzaqgörən siyasəti şərtləndirir.

Azərbaycan müstəqil xarici siyasətini Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, beynəlxalq münasibətlərdə ziddiyyətlərin kəskinləşməsi və gərginliyin artması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə müşayiət olunan fəaliyyətlər, Azərbaycana yaxın regionlarda yeni münaqişə ocaqlarının yaranması, beynəlxalq terrorizm təhlükəsinin, dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin artması, o cümlədən yerləşdiyimiz regionun geosiyasi çətinlikləri şəraitində həyata keçirir. Həmçinin ölkəmizə qarşı davamlı şəkildə dezinformasiya və hibrid müharibə əməlləri aparılır.

Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi, ölkəmizdə daxili təhlükə mənbələri mövcud deyil. Potensial təhlükələr ölkəmizin xaricində formalaşır. Dövlətimizin başçısının yürütdüyü çevik, praqmatik və tarazlaşdırılmış çoxşaxəli xarici siyasət ölkəmiz ətrafında xoşməramlı mühitin formalaşmasına, xaricdən olan hədə və təhdidlərin preventiv əsaslarla neytrallaşdırılmasına xidmət edir. Ona görə də bu gün Azərbaycan regionda sabitlik və təhlükəsizlik adası kimi tanınır.

Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil və çevik xarici siyasətin həyata keçirilməsində Prezident İlham Əliyevin qonşu və digər dövlətlərin başçıları ilə görüşləri, yüksək səviyyəli dialoqu və müzakirələri müstəsna əhəmiyyətə malik amildir. Daxili siyasətdə olduğu kimi, xarici siyasət məsələlərində də dövlətimizin başçısının qrafiki gərgin və intensiv xarakter daşıyır, çoxsaylı səfərlər və görüşlərlə müşayiət olunur. Yola salmaqda olduğumuz 2018-ci ildə Prezident İlham Əliyevin Türkiyə, Rusiya, Böyük Britaniya, İsveçrə, Fransa, Xorvatiya, Belçika, Qazaxıstan, Qırğızıstan, Belarus və Türkmənistan olmaqla 16 rəsmi və işgüzar səfəri həyata keçirilib. Həmçinin Türkiyə, İran, Rusiya, İtaliya, Tacikistan, Makedoniya, Monqolustan, Albaniyanın dövlət başçıları, Almaniyanın Kansleri, Bolqarıstan, Gürcüstan və Slovakiyanın baş nazirləri, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ölkəmizdə rəsmi və işgüzar səfərlərdə olublar.

Prezident İlham Əliyevin gündəliyində hər bir səfər nəticəyönümlü və praktiki xarakter daşıyır, strateji maraqlara əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edir.

2018-ci ildə Prezident İlham Əliyevin qonşu dövlətlər olan Türkiyə, Rusiya və İranın dövlət başçıları ilə dostluq şəraitində keçən görüşləri, ikitərəfli əsasda həyata keçirilən səfərlər və səmimi dialoqu mehriban qonşuluq əlaqələrimizin daha da inkişafında mühüm əhəmiyyət kəsb edib. Prezident İlham Əliyevin Avropa İttifaqının mənzil-qərargahına səfəri və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk ilə görüşü, Aİ ilə Tərəfdaşlıq Prioritetləri sənədinin paraflanması, ABŞ Prezidentinin dövlətimizin başçısına ünvanlandığı məktublar və Birləşmiş Ştatların yüksək çinli nümayəndə heyətlərinin ölkəmizə səfərləri Azərbaycanın Aİ və ABŞ-la əməkdaşlığının daha da inkişafına təkan verib.

Dövlətimizin başçısının iştirakı ilə 2018-ci ildə xarici ölkələrlə 90-dan çox müqavilə, birgə bəyanat və digər bu qəbildən olan sənədlər imzalanıb. Bu sənədlər mahiyyət etibarilə digər ölkələrlə ikitərəfli əməkdaşlığın müqavilə-hüquq bazasının genişlənməsinə xidmət edir. Prezident İlham Əliyev və digər ölkələrin dövlət başçıları ilə birlikdə imzalanmış sənədlər sırasında bunları qeyd edə bilərik:

- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya;

- “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu”;

- “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”;

- Azərbaycan Respublikasının Prezidenti və Tacikistan Respublikasının Prezidentinin Birgə Bəyanatı;

- “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”;

- Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatı;

- Azərbaycan Respublikasının Prezidenti və Türkmənistan Prezidentinin Birgə Bəyanatı.

2018-ci ildə Xəzər dənizinin hüququ statusu haqqında Konvensiyanın imzalanması Azərbaycanın, o cümlədən bütün Xəzəryanı dövlətlərin birgə nailiyyətidir. Region xalqları əsrlərboyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, dənizin hüquqi statusunu tənzimləyəcək sənəd bu günədək mövcud olmamışdı. Məhz bu səbəbdən 2018-ci il avqustun 12-də Aktauda V Zirvə toplantısında dövlət başçıları tərəfindən imzalanmış Konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit etdi. Zirvə toplantısında çıxışı zamanı dövlətimizin başçısı tərəfindən qeyd edildiyi kimi, Konvensiya Xəzər dənizində hərtərəfli hüquqi rejimi müəyyənləşdirmiş oldu.

İmzalanan sənədlərdə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyinin təsbit edilməsi Prezident İlham Əliyevin gündəliyində prioritet mövzulardan biridir. Belə ki, qeyd olunan digər sənədlərdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri müəyyən olunmaqla bərabər, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək və münaqişənin məhz bu prinsiplər, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsi bir daha öz təsbitini tapıb.

İl ərzində Prezident İlham Əliyev tərəfindən ölkədə və ölkə xaricində əcnəbi nümayəndə heyətləri ilə 230-dan çox görüş keçirilib. Amma buraya hələ mədəniyyət, sosial və idman təyinatlı nümayəndə heyətləri ilə görüşlər daxil deyil. Dövlətimizin başçısı dünyada iqtisadi-siyasi və maliyyə gündəliyinin formalaşdırılmasında mühüm rol oynayan Davos İqtisadi Forumu kimi nüfuzlu çoxtərəfli platformada, NATO-nun Brüssel Sammiti, həmçinin MDB və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantılarında, Qoşulmama Hərəkatının Bakıda keçirilmiş nazirlər toplantısında və digər mötəbər tədbirlərdə çıxış edərək Azərbaycanın qlobal və regional problemlərlə əlaqədar fundamental baxışını ortaya qoyub.

Diplomatik münasibətlərin vacib tərkib hissələrindən biri də diplomatik yazışmalar və korrespondensiyadır. İl ərzində Prezident İlham Əliyevlə dünya liderləri arasında olan məktub mübadiləsi və digər bu qəbildən olan diplomatik yazışmaların sayı 750-dən çoxdur.

2018-ci il, həmçinin Ermənistanda Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi xunta rejiminin iflası ilə yadda qalıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yürütdüyü siyasət, Ermənistanın təcridi Serj Sarkisyan rejiminin tarix səhnəsindən silinməsini şərtləndirən vacib amillərdən olub.

Ermənistanda baş verən siyasi böhrana münasibətdə Azərbaycan Prezident İlham Əliyevin şəxsində strateji təmkinini və yüksək siyasi mədəniyyətini nümayiş etdirdi. Ermənistanın yeni siyasi rəhbərliyinin danışıqlar prosesinin formatını dəyişmək və siyasi iddialar irəli sürmək cəhdlərinin qarşısı alındı. MDB-nin Düşənbədə keçirilmiş Sammiti çərçivəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş söhbət əsnasında danışıqların münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında aparılması və danışıqların davam etdirilməsi bir daha təsbit edildi. Həmçinin MDB-nin Sankt-Peterburqda keçirilmiş qeyri-rəsmi Sammitində dövlətimizin başçısının Ermənistan baş naziri ilə növbəti söhbəti baş tutub. ATƏT-in Milanda keçirilmiş nazirlər toplantısında Minsk qrupunun həmsədrləri ilə birlikdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qəbul etdikləri birgə bəyanat danışıqların mövcud format əsasında davam etdirilməsini bir daha təsdiq edərək Prezident İlham Əliyevin yürütdüyü diplomatiyanın qalibiyyətini nümayiş etdirir.

Bu xüsusda Prezident İlham Əliyevin nümayiş etdirdiyi konstruktiv siyasət və münaqişənin substantiv danışıqlar yolu ilə həll edilməsi mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir, ictimai açıqlamalarda və keçirilən görüşlərdə bu dəstək açıq şəkildə ifadə olunur.

İl ərzində Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyinə dəstəyin gücləndirilməsi istiqamətində ardıcıl siyasət davam etdirilib. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Brüsseldə paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək öz əksini tapıb. Dövlətimizin başçısının iştirak etdiyi NATO-nun Brüssel Zirvə toplantısının nəticəsi olaraq qəbul edilmiş yekun bəyanatda Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstək və münaqişənin bu prinsiplər əsasında həllinə çağırış edən mövqe bir daha ifadə olunub.

Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi və Vətənə qaytarılması məsələsini Prezident İlham Əliyev daim diqqət mərkəzində saxlayır və davamlı şəkildə bu məsələni ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və digər rəsmi nümayəndə heyətləri ilə müzakirə edir. Dövlətimizin başçısının humanist xarakter daşıyan və “hamının hamıya” prinsipi əsasında Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı dəyişdirilməsi təklifini bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri dəstəkləyirlər.

Prezident İlham Əliyevin qəti və ardıcıl siyasəti Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində də marginal vəziyyətə düşməsini şərtləndirib. Azərbaycan bu təşkilatın üzvü deyil, amma Ermənistanın bu təşkilatdakı statusundan sui-istifadə edərək yürütdüyü siyasətə münasibətdə ölkəmiz biganə qala bilməzdi. Nəticə etibarilə, bu təşkilatın statusuna xələl gətirən Ermənistan nümayəndəsi baş katib postundan uzaqlaşdırıldı və Ermənistanın bu vəzifəni əlində saxlamasına imkan verilmədi.

Prezident İlham Əliyevin yürütdüyü strateji diplomatiyanın və məntiqli xarici siyasətin nəticəsidir ki, Azərbaycanın beynəlxalq nüfuzu və çəkisi, regional liderlik rolu daha da yüksəlir və möhkəmlənir.

VI Qlobal Bakı Forumunun açılışında çıxış edən Prezident İlham Əliyev bildirmişdi: “Bütün səylərimiz təhlükəsizliyin, sabitliyin və proqnozlaşdırmanın, eləcə də xalqlar arasında sülh şəraitində birgə yaşamanın və anlaşmanın möhkəmləndirilməsinə yönəlib”.

Azərbaycan bu gün regional və qlobal problemlərin həllinə fəal şəkildə töhfə verən dövlətdir. Ölkəmiz transregional nəqliyyat və enerji layihələri ilə region və onun hüdudlarından kənarda sülhün, sabitliyin möhkəmlənməsinə əhəmiyyətli dəstəyini verir. Regional mənsubiyyət və məsuliyyət prinsiplərindən çıxış edərək ikitərəfli və üçtərəfli əməkdaşlıq mexanizmləri ilə regionda sülhü, sabitliyi və əməkdaşlığı gücləndirir.

Azərbaycan beynəlxalq münasibətlərdə qanunun aliliyinə əsaslanan iqtisadi və siyasi düzənin formalaşdırılmasının tərəfdarı kimi çıxış edir.

Dövlət başçısının müəyyən etdiyi strateji tapşırıqlara uyğun olaraq, Azərbaycan 2019-2022-ci illərdə dünyanın 120 ölkəsinin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edəcək. 2018-ci ilin aprelində Qoşulmama Hərəkatı üzv dövlətlərinin Bakıda keçirilmiş xarici işlər nazirlərinin toplantısında çıxış edən Prezident İlham Əliyev hərəkatın əsasını təşkil edən Banduq prinsiplərinə uyğun olaraq Azərbaycanın sədrliyinin prioritetlərini, beynəlxalq sülh və təhlükəsizliyi möhkəmləndirmək istiqamətində baxışını təqdim etdi.

Yürüdülən siyasətin nəticəsidir ki, Azərbaycan bu gün həm də qlobal əhəmiyyətli strateji dialoq platforması rolunda çıxış edir.

2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter daşıyır. Belə ki, 2017-ci ilin fevralında Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş qərargah rəisi, 2017-ci ilin sentyabrında isə NATO-nun hərbi komitəsinin sədri ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında Bakıda görüşlər keçirilib.

Dünyada BMT-yə üzv olan 200-ə yaxın ölkə var və bu ölkələr arasında bu görüş məhz Azərbaycanda keçirilir. Avropada 50-yə yaxın ölkə var, ancaq bu görüş Azərbaycanda keçirilir. Bu xüsusda Prezident İlham Əliyev bildirmişdi: “Bunun bir neçə səbəbi var. İlk növbədə, bizə olan inam. Azərbaycan çox etibarlı tərəfdaşdır, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, verdiyimiz hər bir sözə əməl edirik və sözümüzün arxasında dayanırıq. Digər tərəfdən, bizə olan hörmət. Bu gün apardığımız siyasət bizə dünyada çox böyük hörmət qazandırıb, Azərbaycana çox böyük rəğbət var. Müstəqil siyasət apararaq, sözün əsl mənasında, müstəqil ölkə kimi özümüzü təsdiq edə bilmişik. Üçüncü səbəb ondan ibarətdir ki, həm Rusiya, həm də NATO ilə bizim sıx əlaqələrimiz var”.

Azərbaycan beynəlxalq ictimaiyyətin layiqli və məsuliyyətli üzvü olaraq, bu formatda görüşlərin keçirilməsinə ev sahibliyi etməklə qlobal sülh və təhlükəsizliyin, silahlara nəzarət rejiminin möhkəmləndirilməsinə, beynəlxalq səviyyədə gərginliyin azaldılmasına və strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir.

Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələr çoxşaxəlidir. Onlardan biri mədəni körpülərin qurulmasına yönələn səylərimizdir ki, bu da Asiya və Avropa, Avropa ilə müsəlman dünyası arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edir.

2008-ci ilin dekabrında Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransında İslam və Qərb sivilizasiyaları, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. Bu il 10 illiyini qeyd edən “Bakı Prosesi” qlobal səviyyədə mədəniyyətlərarası və sivilizasiyalararası dialoq prosesində mühüm rola malik nüfuzlu platformadır. Mütəmadi əsasda, o cümlədən 2018-ci ildə ölkəmizdə keçirilmiş Humanitar Forum qlobal humanitar məsələlərin müzakirə edildiyi və həll yollarının tapıldığı mühüm beynəlxalq formatdır.

Xarici siyasət uzunmüddətli strategiyaya hesablandığı üçün 2018-ci ildə dövlətimizin başçısı tərəfindən irəli sürülən bir sıra təşəbbüslər var ki onların nəticələri və uğurlarını Azərbaycan xalqı hələ qarşıdan gələn illər ərzində görəcək.

2018-ci il Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyi və suverenliyinin güclənməsinə xidmət edən illərdən biri olub. Dövlətimizin başçısının dediyi kimi, “Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti