...

Əli Əhmədov: Milli Şuranın növbəti mitinqinin uğursuzluğunun səbəbi bu mitinqin insanları düşündürən məsələlərlə heç bir əlaqəsinin olmamasındadır

Siyasət Materials 19 Yanvar 2019 18:27 (UTC +04:00)
“Azərbaycanın ənənəvi müxalifəti cəmiyyətin siyasi konstruksiyasında özünə yer tapa bilməyib. Müxalifət demək olar ki, unudulub. Səbəbləri barədə dəfələrlə danışmışıq. Ən əsas səbəb müxalifətin sosial dayaqlarını itirməsidir.”
Əli Əhmədov: Milli Şuranın növbəti mitinqinin uğursuzluğunun səbəbi bu mitinqin insanları düşündürən məsələlərlə heç bir əlaqəsinin olmamasındadır

Bakı. Elçin Mehdiyev - Trend:

"Azərbaycanın ənənəvi müxalifəti cəmiyyətin siyasi konstruksiyasında özünə yer tapa bilməyib. Müxalifət demək olar ki, unudulub. Səbəbləri barədə dəfələrlə danışmışıq. Ən əsas səbəb müxalifətin sosial dayaqlarını itirməsidir."

Bu fikirləri YAP-ın Sədr müavini – icra katibi Əli Əhmədov Trend-in "Yeni Azərbaycan Partiyası Milli Şuranın 19 yanvar mitinqini necə qiymətləndirir" sualını cavablandırarkən səsləndirib.

Milli Şuranın 19 yanvar tarixində keçirilən mitinqinin əvvəllər olduğu kimi, yenə də uğursuz keçdiyini diqqətə çatdıran Əli Əhmədov bildirib: "Mənə belə gəlir ki, bu mitinqin əsas mənası müxalifətin öz varlığını göstərmək cəhdi ilə bağlıdır. Müxalifət öz varlığını göstərmək üçün mitinq keçirirsə, deməli əslində bir siyasi qüvvə kimi mövcud deyil. Digər tərəfdən, Milli Şura insanlardan, xalqın istək və arzularından ayrı düşüb. Onun təşkil etdiyi mitinqin insanları düşündürən məsələlərlə heç bir əlaqəsi yoxdur. Bu gün Azərbaycan cəmiyyəti üçün aktual olan məsələlərdən müxalifət çox uzaqdır. Ona görə də onların mitinqi xalq üçün aktual deyil. İnanın ki, əhalinin heç bir faizi də bu gün müxalifətin mitinqə çıxmasından xəbəri yoxdur. Cəmiyyət müxalifətə və onun kiçik, əhəmiyyətsiz mitinqlərinə çoxdan biganədir."

YAP Sədrinin müavini "İqtidar müxalifətin mitinq fəallığının artmasından ehtiyatlanırmı" sualına cavabında isə qeyd edib ki, iqtidarın xalq tərəfindən dəstəyi kifayət qədər yüksək və qətidir: "Azərbaycanda insanlar üçün yaradılmış təhlükəsizlik və sabitlik, inkişaf, gələcəyə nikbinlik, əmin-amanlıq və s. pozitiv məqamlar xalqın bugünkü iqtidara müsbət münasibətin əsasını təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan köklü surətdə dəyişib, inkişaf edib. Hazırda müsbət dəyişikliklər prosesi davam edir, daha da intensivləşir. Azərbaycanın gələcəyi ilə çox böyük layihələr həyata keçirilir. İnsanların optimizmi də təbii olaraq artır. Belə olan halda kiçik müxalifətin kiçik mitinqləri iqtidara heç bir təhlükə mənbəyi deyildir."

Ə.Əhmədov qeyd edib: "Sonda onu demək istəyirəm ki, Azərbaycanda son 10-15 il ərzində çox şey müsbətə doğru dəyişib, bir müxalifətdən başqa. Bu günün ənənəvi müxalifəti inert, aktuallığını itirmiş ideyaların daşıyıcısı olan azsaylı marginal qrup olaraq qalmaqdadır. Yeni Azərbaycan Partiyası onu siyasi güc olaraq görmür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti