...

Avropa Komissiyası: Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsi 55% artıb

Siyasət Materials 19 İyun 2020 08:20 (UTC +04:00)
Avropa Komissiyası: Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsi 55% artıb

Bakı. Ləman Zeynalova - Trend:

2016-ci ildən 2019 ilədək olan dövrdə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında ticarət dövriyyəsi 55 faiz artıb.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) liderləri və Şərq Tərəfdaşlığı ölkələrinin videokonfransından sonra keçirilən mətbuat brifinqində deyib.

Sədr inkişaf edən şərq qonşuluğu Avropa İttifaqının strateji maraqlarına uyğun olduğunu qeyd edib:

"Buna görə biz davamlı Şərq tərəfdaşlığının yaradılmasında bu qədər fəal iştirak edirik. Davamlılıq dedikdə həm iqtisadi tərəqqi, həm sabitlik, həm də təhlükəsizliyi nəzərdə tuturuq. Bu gün biz tərəfdaşlığımızı 2020-dən sonrakı dövr üçün necə formalaşdıracağımızı və fokuslaşdırmağımızı müzakirə etdik. Lidərlər ilə birlikdə biz qarşıdakı illər üçün beş tərəfdaşlıq prioritetini müəyyən etdik. İlk növbədə, layiqli iş yerləri yaradan, ölkələrimiz arasında əlaqələri yaxşılaşdıran və xüsusilə gənclər üçün yeni imkanlar açan iqtisadiyyat yönümlü tərəfdaşlıq təmin etmək istəyirik. 2016-cı ildən 2019-cu ilədək ticarət dinamikasına baxsaq əgər, Aİ ilə Şərq Tərəfdaşlığı üzrə altı tərəfdaşımız arasında ikitərəfli ticarətin həcmi əhəmiyyətli dərəcədə artıb. Məsələn, Azərbaycanla ticarət həcmi 55 faiz, Ukrayna ilə isə 50 faiz artıb. Bundan əlavə, bölgələrarası ticarət iki dəfədən çox artıb".

O qeyd edib ki, ikinci vacib məqam imkanları genişləndirən tərəfdaşlıqdır:

"Səmərəli idarəetmə, demokratik təsisatlar, insan hüquqları, gender bərabərliyi, qanunun aliliyi - bunlar Aİ üçün vacib dəyərlərdir. Üçüncü prioritet sahəmiz rabitə sahəsində tərəfdaşlıqdır. Rəqəmsal çevrilməni həyata keçirməliyik. Aİ şərq qonşuları ilə birlikdə texnologiyanı modernləşdirmək və bölgədə yüksək keyfiyyətli infrastruktur xidmətləri göstərmək üçün çalışacaqdır".

O qeyd etdi ki, dördüncü vacib mövzu davamlı tərəfdaşlıqdır.

Beşinci prioritetdən danışan Ursula fon der Lyayen Komissiyanın vətəndaşlara həqiqətən fayda gətirəcək ciddi nəticələr əldə etmək üçün işlərini davam etdirəcəyini bildirib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti