...

Deputat: Əhali sayı təxminən Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə yoluxma 60-70 mini ötür

Cəmiyyət Materials 11 İyul 2020 11:04 (UTC +04:00)
Deputat: Əhalisi bizim qədər olan inkişaf etmiş ölkələrdə koroavirusa yoluxmaların sayı 60-70 mini ötür
Deputat: Əhali sayı təxminən Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə yoluxma 60-70 mini ötür

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirus infeksiyasına qarşı mübarizə ölkəmiz üçün bir nömrəli məsələdir. Bu mübarizəyə dövlət bütün resurslarını səfərbər edib, vətəndaşların sağlamlığının qorunması məsələsi önə çəkilib.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar ilə son illər ölkəmizin səhiyyə infrastrukturu yenidən qurulub, bütün regionlarda müasir tələblərə cavab verən xəstəxanalar tikilib istifadəyə verilib:

“Əgər vaxtında səhiyyəmiz yenidən qurulmasaydı, ÜST-in elan etdiyi COVİD-19 qlobal pandemiyası həyatımıza girəndə səhiyyəmiz buna dözməzdi. Qısa bir zamanda 45 xəstəxana koronavirus xəstələrinin müalicəsinə cəlb olundu ki, bunların da 36-sı Prezident İlham Əliyevin sərəncamları ilə son dövrlərdə tikilib istifadəyə verilib.

Ölkə başçısının uzaqgörən siyasəti həm ölkəmizin iqtisadi inkişafında, həm də insanların sağlamlığının qorunmasında özünü göstərir. Məsələn, cənab Prezident 10 yeni modul xəstəxanasının tikintisinə tapşırıq verəndə hamı fikirləşirdi ki, bu xəstəxanalar niyə tikilir və ya buna ehtiyac yoxdur. Çünki həmin vaxt Azərbaycanda virusa yoluxanların sayı çox cüzi idi və insanlar da bunu ciddi qəbul etmirdi.

Amma son bir ayın dinamikası onu göstərdi ki, modul xəstəxanaların tikintisi ilə bağlı tapşırıq vaxtında verilmiş və günün vacib məsələsi oldu. Bu gün koronavirus infeksiyasına gündəlik yoluxma sayının 500-dən artıq olması, xəstəlikdən ölüm halları hamını narahat etməyə başlayıb.

Artıq 5 modul xəstəxana istifadəyə verilib, 6 iyulda FHN tərəfindən inşa olunmuş 800 yerlik yeni bir modul xəstəxanasının açılışı olub, 1-1,5 ay ərzində 1300 çarpayılıq daha bir yeni modul xəstəxana istifadəyə veriləcəkdir. Ümumiyyətlə qısa bir zamanda bütün regionlar əhatə olunmaqla 20 yeni modul xəstəxanasının tikilib istifadəyə verilməsi nəzərdə tutulur ki, bu da səhiyyəmizə koronavirus infeksiyasının yoluxma dinamikasını nəzarətdə saxlamığa imkan verəcək”.

A.Badamov vurğulayıb ki, ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizə uğurla aparılır:

“Əhalisi təxminən bizim qədər olan inkişaf etmiş ölkələrdə bu infeksiyanın yoluxma dinamikasına nəzər yetirsək, görürük ki, həmin ölkələrdə yoluxmaların sayı 60-70 mini, ölənlərin sayı isə on minləri ötüb. Bizdə bu göstəricilərin müqayisədə çox aşağı olmasını səhiyyəmizin uğuru hesab edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti