...

Biz bu günlərdə böyük xarici dəstək də görmüşük - Tamam Cəfərova

Siyasət Materials 24 İyul 2020 11:27 (UTC +04:00)
Biz bu günlərdə böyük xarici dəstək də görmüşük  - Tamam Cəfərova

Bakı. Trend:

"İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var.

Bu sözləri iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışında Prezident Cənab İlham Əlivev deyib. Şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin daim diqqət mərkəzində olması və son illər ərzində bu istiqamətdə görülın böyük işlər haqqında məlumat verən dövlətimizin başçısı ölkəmizin ictimai-siyasi həyatını əks etdirən bir sıra mühüm məsələlərə də toxunmuş, Azərbaycan xalqına öz dəyərli fikirlərini çatdırmışdır.

Cənab Prezident çıxışında Ermənistan silahlı qüvvələrinin 12 iyulda Tovuz bölgəsində ərazilərimizə soxulması, mərd Azərbaycan əsgərləri tərəfindən həmin hücumun qarşısının mətanətlə alınması, düşmən tərəfinə vurulan sarsıdıcı zərbələr barədə geniş açıqlama vermiş və bu hadisələr zamanı Azərbaycanın güclü beynəlxalq dəstək gördüyünü xüsusilə vurğulamışdır: “Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq. Mən bir məsələyə də toxunmaq istəyirəm. İstəyirəm ki, Azərbaycan xalqı bunu bilsin. İndi, əlbəttə ki, məlumat məkanı çox genişdir. Biz bu günlərdə heç vaxt olmadığı qədər, - nə 1990-cı illərin əvvəllərində ki, müharibə gedirdi, nə də başqa dövrdə, - çox güclü beynəlxalq dəstək gördük. Təbii ki, ilk dəstək, ilk qardaşlıq addımı qardaş Türkiyədən gəldi. Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan birmənalı şəkildə Azərbaycanı dəstəklədi, bildirdi ki, Azərbaycanın yanındadır. Bildirdi ki, Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqlar. Bu dəstəyə görə mən öz qardaşıma dərin təşəkkürümü bildirmək istəyirəm...Mən də hər zaman dostum, qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana böyük hörmət göstərmişəm. Türkiyə xalqına mənim məhəbbətim heç kəs üçün sirr deyil. Dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkələr yoxdur. Bu, həm tarixə, bizim ortaq, etnik köklərə, həm də bugünkü siyasətə əsaslanır. Eyni zamanda, Türkiyənin digər yüksək vəzifəli rəsmi şəxsləri, o cümlədən Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstərmişlər.”

Cənab Prezident Azərbaycanına dəstək göstərən beynəlxalq təşkilatlardan ilk növbədə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını qeyd etmişdir.

İslam Əməkdaşlıq Təşkilatının dəstəyini yüksək qiymətləndirən Prezident İlham Əliyev vurğulamışdır:”..siz də bilirsiniz, mən İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər səylər göstərirəm. Azərbaycan nə qədər çalışır ki, bəzi İslam ölkələri arasında olan hansısa ixtilaflar aradan qaldırılsın, yaxud da yumşalsın ki, ilk növbədə, biz öz evimizdə qayda-qanun, həmrəylik, dostluq yaradaq. Biz gərək, ilk növbədə, müsəlman aləmində birlik yaradaq. Çünki əgər burada birlik olmasa, onda bizim taleyimiz necə olacaq? Müsəlman ölkələri bunu qiymətləndirir. Bütün ölkələr - 57 müsəlman ölkəsi bizi dəstəklədi. Bu, həm haqq-ədalətə verilən, həm də Azərbaycana verilən dəstəkdir”.

Ölkəmizi dəstəkləyənlər arasında özündə 120 ölkəni cəmləşdirən Qoşulmama Hərəkatı da xüsusi qeyd olunmalıdır.

Çox diqqətçəkən haldır ki, Ermənistanın da üzv olduğu və kömək üçün müraciət etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 6 üzvündən 3-ü (KTMT) beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə, Belarus Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu.

Cənab Prezidentin çıxışında qeyd etdiyi kimi, “bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq.”

Tamam Cəfərova

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti