Bakı. Samir Əli - Trend:
Prezidentin çağırışına cavab olaraq Azərbaycanda orduya könüllü yazılmaların kütləvi hal alması ən müasir dövlətçilik praktikalarında Azərbaycanın nümayiş etdirdiyi parlaq fenomenlərdən biridir.
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, könüllü səfərbərliyə kütləvi meyil ilk növbədə Prezident İlham Əliyevin siyasətinə cəmiyyətin inamı və etimadı ilə izah olunmalıdır: "Cəmiyyət birmənalı olaraq bu mövqedədir ki, Prezidentin hazırkı diplomatiyası və hərb siyasəti Qarabağ problemini ədalətlə həll etməyin misilsiz yoludur. Cəmiyyət görür ki, Prezident uzun illər ən müasir ordu quruculuğunu da yüksək səviyyədə aparmaqla uğurlu əks-müharibə üçün zamanı çox düzgün seçə bildi. Cəmiyyət və xüsusilə də gənclik yaxşı görür ki, məcburi şəkildə müharibəyə cəlb olunsaq da, əks-əməliyyatlar üçün əlverişli beynəlxalq mühit formalaşdıra bilmişik. İndi dünyada əksər mötəbər təşkilatlar və dövlət xadimləri Azərbaycanın ədalətli müharibə apardığına şübhə etmir. Cəmiyyət Prezidentin hazırkı" hərblə ərazi bütövlüyünü bərpa "platformasına tam güvənir və onun mütləq nəticələr verəcəyinə inanır. Kütləvi könüllülər dəstəsinin Prezidentə etimadı Azərbaycan dövlətinin mühüm güc mənbələrindən biridir. Bunun ordu üçün nə qədər böyük və toparlayıcı güc olduğuna əmin olmaq üçün Ermənistan ordusunda inzibati tədbirlərə və ordunun canlı qüvvə ilə komplektləşdirilməsində yaşanan ağır problemlərə baxmaq kifayətdir".
Baş redaktor deyib ki, Azərbaycanda cəmiyyət ordu ilə öz arasında hər hansı ziddiyyət, natamamlıq və ya anlaşılmazlıq görmür. Xalq orduya özünün ayrılmaz parçası kimi baxır:
"Azərbaycan cəmiyyəti ilə ordumuzun möhkəm birliyinin yaranmasında Prezidentin daxili və xarici siyasəti həlledici rol oynayır. Prezidentin çağırışı ilə müharibəyə könüllü getmək istəyən on minlərlə vətəndaşımız Azərbaycanın ikinci böyük ordusudur, bu ordu bütün cəhətlərdən nizami ordumuzu əvəz etmək, ona birləşmək və onun vəzifələrini yerinə yetirmək gücündədir. Könüllülərin kütləvi şəkildə Prezidentə dəstək verməsi həm də o deməkdir ki, Azərbaycanda üçtərəfli sarsılmaz ordu-prezident-xalq vəhdəti təşəkkül tapıb. Könüllülərin kütləvi şəkildə Prezidentə etimadı ümumcəmiyyət miqyaslı ictimai-siyasi həmrəyliyin tərkib hissəsidir. Vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyalar, media, dini icma və xalqların tam şəkildə Prezidentin siyasətinə dəstək verməsi qarşısıalınmaz prosesə çevrilib. Ölkədə hərbi könüllülər hərəkatının vüsət alması Prezidentlə total həmrəyliyin tərkib hissəsidir".