...

Hazırki şərtlər Bakıya böyük diplomatik üstünlük yaradıb - Deputat

Siyasət Materials 22 Oktyabr 2020 11:20 (UTC +04:00)
Hazırki şərtlər Bakıya böyük diplomatik üstünlük yaradıb - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan 27 sentyabrdan bugünədək döyüş meydanında öz torpaqlarını azad etməklə bərabər, bütün diplomatik əlaqələrə də açıq olduğunu nümayiş elətdirib.

Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, dövlətimiz beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinin diplomatik müstəvidə də davam etdirilməsilə bağlı hər cür siyasi dialoqa hazır olduğunu diqqətə çatdırıb:

“Çünki söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından gedir. Əslində hazırda müşahidə etdiyimiz diplomatik trafiki Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi strateji hərbi uğurlar təmin edib. Ona görə də diplomatik müstəvidə də yeni şərtlər yeni operativ müzakirələri aktuallaşdırıb. Bu isə rəsmi Bakıya bu vaxta qədər heç vaxt müşahidə olunmayan üstünlük yaradıb.

Xarici işlər nazirlərinin hazırkı mərhələdə həmsədr ölkələrdəki həmkarları ilə görüşməsi də məhz bu kontekstə baş tutur. Ona görə də ATƏT-in Minsk qrupu həmsədrləri mövcud hərbi-siyasi reallığı obyektiv şəkildə qiymətləndirərək məsələyə tamamilə yeni kontekstdə yanaşmalıdırlar. Azərbaycanın tələbləri ondan ibarətdir ki, həmsədrlər dərhal bəyanat verib bildirməlidirlər ki, işğalçı Ermənistan ordusu qeyd-şərtsiz Azərbaycanın torpaqlarından ən qısa müddətdə çıxmalıdır və bunu konkret vaxt və qrafik çərçivəsində etməlidir.

Dolayısı ilə ATƏT-in Minsk qrupunun həmsədrləri özlərinin də 1993-cü ildə səs verdikləri BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsini tələb etməlidirlər. Bu üç həmsədr ölkə həm də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü arasındadır və 1993-cü ildə məlum qətnamələrə səs veriblər. Biz mövcud hüquqi, hərbi-siyasi reallığa söykənərək ABŞ-dan daha obyektiv, cəsarətli və beynəlxalq hüququn həyata keçirilməsini tələb edən mövqe gözləyirik. Mən ümid edirəm ki, hazırkı mərhələdə diplomatik danışıqların mövzusu da bu istiqamətdə olacaq. Nəhayət biz həmsədr ölkələrin obyektiv mövqelərinin və bəyanatlarının şahidi olacağıq ya da ən azından bunu təmənna edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti