...

Naxçıvan iqtisadiyyatı və blokadadan sonrakı dövr - TƏHLİL

Siyasət Materials 11 Noyabr 2020 15:39 (UTC +04:00)
Naxçıvan iqtisadiyyatı və blokadadan sonrakı dövr - TƏHLİL

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın Vətən müharibəsini qələbə ilə başa çatdırması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması tarixi hadisə ilə yanaşı, əhəmiyyətli iqtisadi zəfər kimi də mühüm əhəmiyyət kəsb edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış tarixi bəyannamənin mühüm bəndlərindən biri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat-kommunikasiyalarının bərpasının təmin edilməsidir:

“Həmin sənədin 9-cu bəndinə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

Bəyannaməyə daxil edilmiş bu bənd siyasi-iqtisadi-humanitar baxımdan mühüm əhəmiyyət kəsb etməklə Azərbaycanın qazandığı Qələbənin daha bir təntənəsi deməkdir. Bu qərar Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin regionda sıx və geniş əməkdaşlıq, təhlükəsizlik, sülhün və sabitliyin təşəbbüskarı kimi uzaqgörən müdrik siyasətinin növbəti təzahürdür. Cənab Prezident bu praqmatik və istedadlı siyasi dühası ilə regionda sabitlik və inkişaf üçün dərin zəminlər yaradır və uzun illərdir ki, Ermənistanın təcavüzkar siyasətindən 30 ildir ki, əziyyət çəkən Naxçıvanın blokadasını aradan qaldırmış olacaq.

Məhz Onun uzaqgörən müdrik qərarları sayəsində regionda çoxtərəfli əməkdaşlığa mane olan bütün problemlər kimi Naxçıvanın üzləşdiyi ağır çətinliklər də öz həllini tapacaq.

Məlum olduğu kimi, müstəqil Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası blokada şəraitində olmasına baxmayaraq, ötən 30 il ərzində özünün iqtisadi inkişafı ilə nəyə qadir olduğunu təsdiq etmişdir. Zəngin iqtisadi mənbələrə, təbii ehtiyatlara malik Muxtar Respublikanın iqtisadi resurslarından səmərəli istifadə sənaye, kənd təsərrüfatı, ticarət, əhali məşğulluğu, insanların həyat səviyyəsi kimi məsələlərin həllində mühüm rol oynamışdır. Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində blokada şəraitində olan bu bölgənin dağılmış iqtisadiyyatını yenidən bərpa etmək mümkün olmuş, Naxçıvanla qonşu İran və qardaş Türkiyə ilə əlaqələrin yaradılması 1993-cü ildən sonra bölgənin ərzaq, enerji təminatı məsələlərinin həllinə, ölkənin paytaxtı ilə hava yolu əlaqəsinin genişləndirilməsinə, aqrar və sənaye, digər iqtisadi islahatların aparılması muxtar respublikanın etibarlı müdafiəsini və inkişafını artırmışdır. Son 27 ildə bu bölgədə möhkəm makroiqtisadi sabitliyə nail olunmuş, cəmiyyətin bütün sahələrini əhatə edən genişmiqyaslı inkişaf sürətlənmişdir. Hazırda aparılan iqtisadi islahatlar və iqtisadiyyatın diversifikasiyası qeyri-neft sektorunun inkişafını təmin etməklə Naxçıvanda əhəmiyyətli irəliləyişlərə geniş imkanları artırmaqdadır. Xüsusilə də sənaye və kənd təsərrüfatı sahələri xüsusi əhəmiyyət kəsb edir. Azad sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili, aqrar sektorda emal sənayesinin genişləndirilməsi, sosial xidmət sahələrində kiçik və orta sahibkarlığın daha da gücləndirilməsi öz bəhrəsini verməkdədir. İqtisadi inkişafın mühüm göstəricisi olan ümumi daxili məhsulun (ÜDM) tərkibində sənayenin ilk yeri tutması da bunu bir daha sübut edir. 2020-ci ilin birinci yarısında muxtar respublikada 1 milyard manatdan artıq ümumi daxili məhsul istehsal edilmişdir ki, bu da, yüksək inkişafın göstəricisidir. Eyni zamanda, Naxçıvan hər il özünün ixrac potensialını da artırır.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat kommunikasiyalarının bərpa edilməsi isə yeni mərhələnin başlanmsına zəmin yaradır. Şərqlə Qərbin astanasında mühüm mövqe tutan Naxçıvan Muxtar Respublikasının postblokada dövründə yeni inkişaf mərhələsi başlayacaq. Bu region ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olmaqla vahid inkişaf proqramlarında yer alacaq, ölkə üzrə nəzərdə tutulan tədbirlərin icrası Muxtar Respublikada qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin, sosial infrastruktur təminatının yüksəlməsinə, sahibkarlıq mühitinin yaxşılaşmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun genişlənməsinə, yoxsulluq səviyyəsinin azalmasına gətirib çıxaracaq.

Muxtar Respublikasının bölgədə bütün ölkələrlə geniş əməkdaşlıq platforması, yaxın iqtisadi əlaqələr üçün etimad mühiti bərqərar olacaqdır. Bu bölgədə hamı üçün faydalı olan geniş və daha çoxşaxəli kommunikasiyaların, layihələrin həyata keçirilməsi üçün açıq qapı yaranacaq. Naxçıvanın zəngin iqtisadi resursları, əlverişli iqlim və təbiəti, geoiqtisadi mövqeyi, faydalı sərvətləri, mineral ehtiyatları dünya ölkələri üçün yeni imkanlar deməkdir. Nəqliyyat və kommunikasiyalarının bərpası, yenisinin inşası Naxçıvana yeni nəfəs verəcək, Azərbaycan Naxçıvan üzərindən Türkiyə ilə birbaşa əlaqə yaradacaq. Bu amil Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin artmasına, yük daşınmalarının daha asan və rahat şəkildə həyata keçirilməsinə səbəb olacaq. Nəticədə Naxçıvan mərkəzi logisgtika qovşağı kimi inkişafını daha da sürətləndirəcək.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan işğalçılıq siyasətinə və ərazi iddialarına son verməklə bu dəhlizin imkanlarından yararlana bilər, tranzit daşınmalarından böyük gəlirlər əldə edə bilər. Bu isə bölgədə sülh və möhkəm sabitlik üçün güclü baza deməkdir. Beləliklə, Azərbaycanın etibarlı siyasi güc mərkəzi kimi regional nəqliyyat-logisitika qovşağında aparıcı rol oyanamaqla mövqelərini daha da gücləndirəcək, iqtisadi və sərmayə resurslarının şaxələndirilməsini təmin edəcək. Qafqaz-Asiya-Avropa regionlarında siyasi-iqtisadi, mədəni-humanitar mənzərənin dəyişməsinə ciddi şəkildə təsir göstərəcəkdir. Eyni zamanda, zəngin iqtisadi resursları, təbiəti, turizm potensialı, transnəqliyyat və logistika imkanları, iqlim xüsusiyyətləri ilə Naxçıvan bölgəsi beynəlxalq investisiya və cəlbedici turizm zonasına çevrilmək imkanlarına malik olacaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti