...

Prezident İlham Əliyev Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı - Deputat

Siyasət Materials 22 Dekabr 2020 16:29 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycan bir çox sahələrdə göstəricilərinə və inkişafına görə dünyada öncül sıralarda dayanan ölkələrdən biridir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, Azərbaycan dünyada gedən geosiyasi proseslər, müharibə, qarşıdurmalar, məcburi köçkünlərin problemləri, qlobal iqtisadi çətinliklərə baxmayaraq, regionun inkişaf məkanına çevrilib:

“Bu gün Azərbaycanı dünyada multikultural dövlət kimi tanıyırlar. Eyni zamanda, ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan idman ölkəsi kimi tanınır. Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Buna misal, Dünya Bankının biznes hesabatına görə ötən il Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, Davos İqtisadi Forumunun qənaətinə görə islahatlara meyillilik və rəhbərliyə inam əmsalına görə dünyada 1-ci onluqda yer alır.

2019-cu il Azərbaycan üçün uğurlu il olmuşdur. Bu uğurlardan biri də Azərbaycanın Beynəlxalq İnkişaf Asossasiyasının hesabatında donor ölkəyə çevrilməsidir. Vaxtilə xəzinəsi olmayan, xarici dövlətlərdən borc istəyən, büdcəsi olmayan ölkənin donor ölkəyə çevrilməsi çox böyük uğurdur.

Bu, əlbəttə ki, düşünülmüş, məqsədyönlü, uğurlu siyasətin təzahürüdür. Hazırda Azərbaycan məhdud sayda olan Beynəlxalq Kosmik Ölkələr Klubunun üzvüdur. Kosmosda olan peyklərimiz qloballaşan dünyada ölkəmizin informasiya təhlükəsizliyini tam təmin edir”.

Deputat bildirib ki, son zamanlar bəşəriyyəti caynağına alan COVİD-19 koronavirus infeksiyası ilə mübarizə sahəsində dünyada Azərbaycan donor ölkə kimi çıxış edərək 30-dan çox ölkəyə bu xəstəliklə mübarizə üçün yardım edib:

“Azərbaycanın pandemiya ilə mübarizədə fəaliyyəti beynəlxalq təşkilatlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək dəyərləndirilir. Bu gün ölkəmiz bir çox beynəlxalq təşkilatların üzvüdür, hazırda ölkəmiz uğurla 2 beynəlxalq təşkilata sədrlik edir (Türk Ölkələrinin Əməkdaşlıq Şurası və 190 ölkəni birləşdirən Qoşulmama Hərəkatı).

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə infrastruktur layihələri uğurla həyata keçirilir. Əhalinin məşğulluq səviyyəsi günü-gündən yaxşılaşdırılır, dövlət idarəçiliyində, müvafiq icra hakimiyyəti orqanlarında uğurlu kadr islahatları aparılır. Gənc kadrların fəaliyyətinə geniş meydan verilir. Korrupsiya ilə mübarizə sahəsində geniş işlər görülür. Ölkə rəhbəri tərəfindən aparılan siyasət xalq tərəfindən yüksək dəyərləndirilir. Bütün bu yüksək səviyyədə aparılan məqsədyönlü, diqqətəlayiq işlərin əsasında xalqın iqtidara olan inamı, xalq-iqtidar birliyi dayanır”.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə həyata keçirilən uğurlu siyasət, strateji hədəflərin dəqiq müəyyən edilməsi və hadisələri dəqiq qiymətləndirməsi nəticəsində xalqımızın 30 illik həsrətinə, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu və ərazi bütövlüyümüz bərpa olundu:

“Azərbaycan Ordusu 44 gün ərzində düşməni məhv edərək öz tarixi torpaqlarını azad etdi. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına ən layiqli şəxsdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti