...

Azərbaycanın güclənməsi Prezident İlham Əliyevə yazılan məktubların əsas leytmotivlərindən biridir - Aydın Quliyev

Siyasət Materials 28 May 2021 17:55 (UTC +04:00)
Azərbaycanın güclənməsi Prezident İlham Əliyevə yazılan məktubların əsas leytmotivlərindən biridir - Aydın Quliyev

Bakı. Samir Əli - Trend:

Azərbaycanın güclənməsi Prezident İlham Əliyevə yazılan məktubların əsas leytmotivlərindən biridir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, nüfuzlu dövlət və hökumət baçılarının Azərbaycan Prezidentinə çoxsaylı təbrik məktubları dövlətimizin və şəxsən Prezident İlham Əliyevin güc və nüfuzunun dünya siyasətində önəmli fakta çevrildiyinin təsdiqidir.

Ekspert bildirib ki, dövlət başçılarının məktublarda toxunduqları məqamlar Prezidentin şəxsi nüfuzu və dövlətimizin güc faktorlarının bir-birini tamamladığını bir daha göstərir: "Xarici siyasi və dövlət liderləri Azərbaycanın müstəqil dövlət kimi yaranmasına və davamlı şəkildə güclənməsinə misilsiz önəm verdiklərini açıq ifadə edirlər. Təbriklərin məzmunu göstərir ki, Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinə müstəqil Azərbaycanın güclənməsində və beynəlxalq proseslərin daha mütərəqqi tərəflərə yönəldilməsində mühüm təsiri olan dövr kimi baxılır. Prezident İlham Əliyevə təbrik məktublarında Azərbaycanın uğurlarını göstərən oxşar və fərqli məqamlar Prezidentin daxili və xarici siyasətinin dünya liderləri tərəfindən nə qədər maraqla izləndiyini sübut edir. Prezidentə gələn çoxsaylı təbriklər Azərbaycanın nailiyyətlərini azaltmadan və ya şişirtmədən obyektiv və səmimi şəkildə ifadə edir. Azərbaycan barədə heç bilgisi olmayan istənilən əcnəbi vətəndaşın ölkəmizi yetərincə tanıması üçün Prezident Əliyevə gələn təbrik məktublarını oxuması kifayət edər.

Prezident İlham Əliyevə yazılan təbriklər Azərbaycanın 30 ildə müstəqil dövlətçiliyə doğru necə inkişaf etdiyini, sülh və təhlükəsizliyə, tərəqqi yönümlü dövlətlərarası əməkdaşlığa, beynəlxalq enerji təhlükəsizliyinə və nəqliyyat -logistika layihələrinin reallaşmasına, koronavirus pandemiyası ilə milli və qlobal mübarizə səylərinə hansı töhfələr verdiyinə dair qiymətli mənbələr rolunu oynayır".

Baş redaktor deyib ki, ABŞ prezidenti Avropanın enerji təminatının şaxələndirilməsində, regional enerji potensiallarının ixrac üçün konsentrasiyasında, qlobal terrorla birgə mübarizədə Prezident İlham Əliyevin rolunu ayrıca vurğulamaqla ölkəmizin hamı, eləcə də böyük dövlətlər üçün əvəzsiz partnyor olduğunu təsdiqləyir: "Almaniya prezidenti pandemiya ilə qlobal mübarizə əməkdaşlığı kontekstində Prezident İlham Əliyevin təşəbbüslərinə yüksək dəyər verməklə həm də ölkəmizin dünyada daha güclü və obyektiv təqdimatına töhfə vermiş oldu.

Dünya rəsmilərinin məzmunlu təbrik məktubları Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndiyinin ifadəsidir.
Təbrik məktubları dünya liderlərinin postmüharibə dövründə regionda Prezident İlham Əliyevin yaratdığı yeni reallıqlarla tam razılaşdıqlarını təsdiqləyir. Əcnəbi dövlət rəsmiləri Azərbaycanın siyasətinə yüksək qiymət verməklə bütün nailiyyətlərin müəllifi kimi Prezident İlham Əliyevlə əməkdaşlığı bundan sonra da davam etdirmək istəyində olduqlarını büruzə verirlər. Azərbaycanın güclənməsi və sabit inkişafının regional tərəqqi üçün vacib amil olması Prezident İlham Əliyevə yazılan məktubların əsas leytmotivlərindən biridir.

Dövlət və hökumət başçıları Prezident İlham Əliyevə "güclü lider və güclü dövlət bir-birini tamamlayır" mesajını Azərbaycanın uğurları fonunda göstərirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti