...

Qarabağda çəkilən yollarla bağlı Fransanın "Lagazetteaz.fr" qəzeti məqalə yayımlayıb

Siyasət Materials 3 İyun 2021 16:55 (UTC +04:00)
Qarabağda çəkilən yollarla bağlı Fransanın "Lagazetteaz.fr" qəzeti məqalə yayımlayıb

Bakı. Trend:

Fransanın "lagazetteaz.fr" onlayn qəzetində "Qarabağa gedən yollar" adlı məqalə dərc olunub.

Trend-in məlumatına görə, məqalədə qeyd edilir ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə Qarabağı və ətraf rayonları erməni işğalından azad etdi. Bununla öz ərazi bütövlüyünü təmin edən Azərbaycanın hazırda qarşısında duran ən əsas vəzifə işğaldan azad olunan ərazilərin yenidən qurulması və dirçəldilməsidir. Bu istiqamətdə artıq bir sıra mühüm layihələrin icrasına başlanılıb. Təbii ki, hər şeydən öncə yol infrastrukturunun yaradılması qarşıya qoyulan vacib vəzifələrdəndir.

Bu baxımdan, Azərbaycanın dövlət başçısının işğaldan azad olunan ərazilərə hər səfərində hansısa strateji əhəmiyyətli yolun və ya hava limanının təməli qoyulur. Misal üçün, Prezident İlham Əliyev cari il yanvarın 14-də işğaldan azad olunan Füzuli rayonuna səfəri çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoydu.

Füzuli-Şuşa yolunun yeni işlənmiş layihəsinə körpü və tunellərin inşası daxildir. Çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına da yeni yol çəkiləcək.

Füzuli rayonunda təməli qoyulan beynəlxalq hava limanının isə uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq. Hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən fevralın 14-də təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttindən də bəhs edilir. Bildirilir ki, ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək.

Həmçinin, vurğulanır ki, martın 15-də Azərbaycan Prezidenti tərəfindən Füzuli-Hadrut avtomobil yolnun da təməli qoyuldu. Bu yol başlanğıcını Zəfər yolundan götürür və yeni inşa ediləcək Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Uzunluğu 13 kilometr olan bu yol 4 hərəkət zolaqlı olacaq. Yol boyunca avtomobil körpüləri inşa ediləcək.

Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu isə başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yol boyunca avtomobil körpüləri tikiləcək.

Məqalədə, həmçinin Zəngilan hava limanı, Zəngilan-Horadiz avtomobil yolu, eləcə də Bərdə-Ağdam avtomobil yolundan bəhs edilir. Bildirilir ki, bu layihələr Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti