...

Ermənistan rəhbərliyi müharibədən sonra da çox böyük səhvlərə yol verməkdədir - Aydın Quliyev

Siyasət Materials 17 Avqust 2021 15:43 (UTC +04:00)
Ermənistan rəhbərliyi müharibədən sonra da çox böyük səhvlərə yol verməkdədir - Aydın Quliyev

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi bir daha sübut etdi ki, Ermənistan rəhbərləri Vətən müharibəsinə qədərki dövrdə olduğu kimi müharibədən sonra da çox böyük səhvlərə yol verməkdədir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin 88-91-ci illərdən apardığı yanlış siyasət regionu müharibəyə gətirib çıxardı: "Ermənistanın 10 noyabr razılaşmasından sonrakı siyasətinin də nə qədər dağıdıcı olduğunu Prezident İlham Əliyev dəqiq təhlil etdi. Prezident İlham Əliyevin fikir və mülahizələri bir qalib ölkə başçısının məğlub tərəfə yönəltdiyi sadə ittihamlar yox, obyektiv təhlillər və düz yola əməli çağırış tezisləridir. Azərbaycan Prezidenti Ermənistanın daxili siyasət ideologiyasında dərin boşluğun olduğunu göstərdi. Eyni zamanda Prezident İlham Əliyev Ermənistanın xaricdə apardığı siyasətin bütün regionun əmin-amanlığını təhdid etdiyini də əsaslandırdı.
Ermənistanda heç kim etiraf etməsə də, 30 illik şovinist-istilaçı siyasətin rüsvayçı məğlubiyyəti bu ölkəni həqiqətən dərin psixoloji böhrana atıb. Azərbaycan Prezidenti onu da tam haqlı olaraq söylədi ki, son parlament seçkilərində erməni xalqının Paşinyana yenidən üstünlük verməsi bu xalqın postmüharibə reallıqları ilə tam barışdığını ortaya qoyur. Azərbaycan Prezidentinin seçkidən sonrakı Ermənistanın daxili reallıqlarına qoyduğu dəqiq diaqnoz həm də belə bir qənaətə gəlməyə əsas verir ki, erməni cəmiyyəti hələ də şovinist-istilaçı dairələrin hegemonluğundan tam qurtara bilməyib. Bu mənada Azərbaycan Prezidentinin erməni siyasətçilərinə və dövlət xadimlərinə çağırış, tələb və iddiaları ilk növbədə onların ağır psixoloji, ideoloji və geosiyasi böhrandan ən real çıxış yollarıdır".

Ekspert deyib ki, Azərbaycan Prezidenti "saziş təklifimiz həmişə masanın üstündə olmayacaq" deməklə əslində Ermənistana sonuncu şansı verdi: "Paşinyan bu şansı dəyərləndirə bilsə, regionun və öz dövlətinin mənafeləri baxımından ən doğru siyasəti aparmış olacaq. Prezident İlham Əliyev Etmənistana saziş təklifi ilə regionun barış və tərəqqi platformasını təqdim edir. Azərbaycan Prezidenti gizlətmədi və açıq dedi ki, Ermənistanın antisazişçilik yolunu davam etdirəcəyi təqdirdə Azərbaycanın çox güclü alternativ siyasət variantları var. Yəni Prezident İlham Əliyev Ermənistanın həm müharibə, həm də sülh sazişi siyasətinə konseptual hazır olduğunu nümayiş etdirdi. Azərbaycan Ermənistanın müharibə siyasətinə də, sülh siyasətinə də hazırdı.

Prezident İlham Əliyevin qonşu ölkələrdən gözləntiləri regionumuzun bütün geosiyasət vektorları barədə onun dərin təsəvvürə malik olduğunun göstəricisidir. Prezidentimiz " 3+3" formatında Gürcüstanla bağlı məqama haqlı eyham vurmaqla mühüm regional bir əməkdaşlıq formatının gələcəyini çox aydın gördüyünü gostərdi. Eyni sözləri onun "Azərbaycan, Ermənistan, Gürcüstan əməkdaşlığı üçün ilk addım atılmalıdır" kimi cəsarətli və uzaq hədəfli bəyanatı barədə də demək olar".

Baş redaktor bildirib ki, Prezident İlham Əliyevin əməkdaşlıq, sülh, sabitlik və geosiyasət barədə bütün fikirləri tək Azərbaycanın yox, bütün region dövlətlərinin mənafeyinə uyğundur: "Rusiyanın 10 noyabr sənədini tam icra etməsi və Ermənistanı silahlandırmaqdan geri durması təkcə Azərbaycanın dövlət maraqlarında olan məsələ deyil. Prezidentin Rusiyaya ünvanlı çağırışları həm də Rusiyanın regionda nüfuz və mövcudluğunun möhkəmlənməsinə təsir edə bilər. Aydın məsələdir ki, Rusiya Qarabağda sülhyaratma missiyasını yarımçıq icra etməkdə davam etsə, bütün nüfuzunu itirəcək. Rusiyanın dövlət elitası Prezident İlham Əliyevin gözləntilərinə pozitiv yanaşa bilsə, regionda sülh və təhlükəsizliyə yeni mərhələ aça bilər. Prezident İlham Əliyevin Rusiyaya açıq mesajının ən dərin mahiyyəti budur ki, Rusiya regionun təhlükəsizlik məsələlərində irticaçı Ermənistanı özünə müttəfiq etməklə köhnə səhvlərini təkrar edir.

Prezident İlham Əliyev Zəngəzur dəhlizində yanaşı komunikasiyalar prinsipini 10 noyabr sənədinin tərkib hissəsi kimi bəyan etməklə bir sıra yersiz diskussiyalara son qoydu. Yanaşı komunikasiyalar prinsipinə uyğun olaraq "Zəngəzur dəhlizində dəmiryolu ilə bərabər avtomobil yolu da çəkilməlidir" tələbi Prezidentin tarix qarşısında ən böyük xidmətlərindən biri olacaq. Prezidentin tələbi Zəngəzur dəhlizi ətrafında Ermənistanın və bəzi başqa qüvvələrin spekulyasiyalarının qabağını kəsir.

Prezident Azərbaycan-Türkiyə qardaşlığına budəfəki yanaşmasında mövcud elementlərin təhlilini aparmaqla yanaşı mühüm strateji bir hədəfi də müəyyənləşdirdi. İki ölkənin bugünkü qardaşlığını regional faktor adlandıran Prezident onun gələcəkdə qlobal faktora çevriləcəyini böyük inamla söylədi. Dövlət başçısı Azərbaycan-Türkiyə tandeminin böyük qlobal perspektivini göstərməklə bu gün bölgəmizdə Türkiyənin varlığına müvəqqəti baxanlara sərt mesaj verdi: "Türkiyə bu regionda nəinki həmişə olacaq, hətta qlobal bir tandemin vacib tərəfini təşkil edəcək" .

Prezident İlham Əliyev Ermənistanın hansı siyasət aparmasından asılı olmayaraq Azərbaycanın müharibəyə hər an hazır olmaq siyasətinin dönməzliyini və bunun ən etibarlı müdafiə olduğunu bir daha qətiyyətlə bəyan etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti