...

Hulusi Akar Vətən müharibəsi şəhidi Valeh Məmiyevin ailə üzvləri ilə görüşüb (FOTO)

Siyasət Materials 23 Dekabr 2021 17:58 (UTC +04:00)
Hulusi Akar Vətən müharibəsi şəhidi Valeh Məmiyevin ailə üzvləri ilə görüşüb (FOTO)

Bakı. Humay Ağacanova - Trend:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ona “torpaqlarımızı işğaldan azad edəcəyik” sözünü verən Azərbaycan Ordusunun şəhid baş leytenantı Valeh Məmiyevin ailəsini qəbul edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdə keçirilən görüşdə şəhidin atası İsbat Məmiyev, anası İlhamə Məmiyeva, qardaşı Vüsal Məmiyev və qardaşı oğlu Sabir Məmiyev iştirak edib.

Bundan başqa, tədbirə Türkiyədə təhsilini davam edən Vətən müharibəsi şəhidlərinin övladlarından Anar İbrahimli, Şəbnəm Qubadova, habelə Vətən müharibəsi qazisi Ayxan Mövsümov və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qatılıb.

H.Akar başda Valeh Məmiyev olmaqla Vətən müharibəsi şəhidlərinə Allahdan rəhmət, qazilərinə isə şəfa diləyib.

“İki il öncə bir təlimdə qarşılaşdığımızda Valehə “Bura təlim yeridir. Hünər 30 il işğal altındakı əraziləri azad etməkdir” dedim. Valeh də mənə Azərbaycanın öz ərazilərini azad etmək üçün şərəf sözü verdi. Orada biz tarixə şahid olduq. Şəhidlərimizin, qazilərimizin vətən, millət, bayraq uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıqlar əsla unudulmayacaq. Onların xatirələrini əsla unutdurmayacağıq”, - deyə nazir bildirib.

Nazir azərbaycanlı tələbələrə də xitab edərək onları daha çox çalışmağa, sahib olduqları biliklərlə gələcəyi qurmağa çağırıb.

Sonda azərbaycanlı tələbələr Azərbaycan bayrağını milli müdafiə nazirinə, o isə öz növbəsində, Vətən müharibəsi şəhidi baş leytenant Valeh Memiyevlə çəkilmiş şəkli şəhidin ailəsinə hədiyyə edib.

V.Məmiyev ötən il avqustun 13-də Azərbaycanda təşkil edilən Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərində uğurla iştirak edən hərbçilərdən biri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti