...

Soyqırımı törətmiş şəxslərin mühakiməsi və cəzalandırılması labüddür - Deputat

Siyasət Materials 26 Fevral 2022 13:35 (UTC +04:00)
Soyqırımı törətmiş şəxslərin mühakiməsi və cəzalandırılması labüddür - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan xalqı son 200 il ərzində davamlı olaraq erməni şovinistlərinin soyqırım siyasətindən əziyyət çəkib. Ruanda, Srebrenitsa, BabiYar soyqırımları kimi, Qaradağlı, Ağdaban, Başlıbel, Xocalı soyqırımı da insanlıq əleyhinə törədilmiş ən böyük cinayətdir.

Trend-in məlumatına görə, bunu deputat Könül Nurullayeva deyib.

O bildirib ki, beynəlxalq hüquq normalarına görə, soyqırım cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. BMT-nin soyqırımı cinayətinə dair Konvensiyada da bu tələb yer alıb.

"Bu vaxta qədər beynəlxalq hüquq normaları yaşanan soyqırımı cinayətlərinə tətbiq olunub. Ruanda soyqırımı zamanı 800 mindən çox tutsi hutilər tərəfindən qətlə yetirildi. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edirdi. 1991-1995-ci illərdə Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusu 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirdi. 2007-ci ildə Beynəlxalq Tribunal Srebneritsa hadisələrini soyqırım aktı kimi tanıdı.

Ermənistanda isə soyqırım cinayəti dövlət səviyyəsində dəstəklənir. Ermənistan üzv olduğu beynəlxalq konvensiya və sazişləri kobud surətdə pozub. Ermənistan Qaradağlı, Ağdaban, Başlıbel, Ballıqaya, eləcə də Xocalıda qanlı soyqırımı kimi ağır cinayətləri törədib. Məhz Xocalıda soyqırımın şahidlərindən biri, 366-cı motoalayın zabitlərindən birinin də söylədiyi kimi - insanın insana olan nifrəti burada həddini aşmışdı", - deyə K.Nurullayeva bildirib.

O vurğulayıb ki, BMT Baş Assambleyasının soyqırım cinayətinə dair müvafiq Konvensiyası başda olmaqla bir çox beynəlxalq hüquqi sənədlər, eləcə də Azərbaycan Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il tarixli fərmanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınmasına əsas yaradır.

"Eyni zamanda faktlar, canlı şahid ifadələri, foto və videomateriallar da Xocalı faciəsinin soyqırım olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, bir sıra ölkələrin parlamentləri, o cümlədən ABŞ-ın 20-dən çox ştatı bu faciəni soyqırım kimi tanıyıb. Beynəlxalq miqyasda Xocalı faciəsinə dair qəbul edilən sənədlər siyasi qiymətləndirmə xarakteri daşıyır. Bu sənədlər erməni cinayətkarlarının əsl simasının dünya ictimaiyyəti tərəfindən tanınması, faciə ilə bağlı həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

44 günlük Vətən müharibəsində Xocalı şəhidlərinin də qisası alındı. Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımın bütün iştirakçı və təşkilatçıları hələ də tam cəzalarını almasalar da, Xocalı cəlladları gec-tez ədalət mühakiməsi qarşısında cavab verməli olacaq", - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti