...

Qlobal səylərin koordinasiyası minatəmizləmə sahəsində ən önəmli amillərdən biridir - ANAMA sədri

Siyasət Materials 1 Aprel 2022 18:19 (UTC +04:00)
Qlobal səylərin koordinasiyası minatəmizləmə sahəsində ən önəmli amillərdən biridir - ANAMA sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) üçün tam yeni bir format idi. Ancaq ümid edirik ki, tərəfdaşlarımızın dəstəyi nəticəsində bu tədbiri uğurlu bir platformaya çevirməyə nail ola bildik.

Trend-in məlumatına görə, bunu ANAMA-nın sədri Vüqar Süleymanov Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın yükununda bildirib.

O qeyd edib ki, konfrans gedişində biz bir daha müşahidə etdik ki, iştirakçıların Ağdama səfəri, onların mina probleminin miqyası ilə tanış olması ümumilikdə daha dəqiq təəssüratların formalaşması, problemin miqyasının və ciddiliyinin daha dəqiq qavranılmasında həlledici faktorlardan biri oldu.

“Təbii ki, bilavasitə yerində aparılan müşahidələr, problemlərlə yaxından tanışlıq bugünkü konfransın işinin, aparılan müzakirələrin də səmərəliliyini və hədəfyönümlülüyünü xeyli artırmışdır. Bu, bir daha onu təsdiq edir ki, qlobal minatəmizləmə səyləri mövcud problemlərlə yaxından tanışlığı, bu istiqamətdə ciddi məlumatlandırmanı şərtləndirir. İnanırıq ki, bu konfransın işi bu mövzunun beynəlxalq miqyasda gündəmə gətirilməsi, onun aktuallığının bir daha çatdırılması üçün az da olsa öz töhfəsini vermiş oldu.

Biz həm də onu müşahidə etdik ki, müzakirələr nəticəsində irəli sürülən təkliflər əsasən üst-üstə düşür və bütün iştirakçılar bir çox məsələlərlə bağlı vahid mövqedən çıxış edirlər. Düşünürük ki, bu, qlobal səylərin koordinasiyası və vahid məqsədlər ətrafında birləşdirilməsi üçün ən önəmli amillərdən biridir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi olaraq həm Qlobal Etimad Fondunun yaradılması, həm də minatəmizləmə fəaliyyətinin yeni Dayanıqlı İnkişaf Məqsədi perspektivindən qiymətləndirilməsi təkliflərini alqışlayırıq və ümid edirik ki, bu istiqamətdə müşahidə etdiyimiz vahid mövqe tezliklə öz real nəticələrini göstərəcəkdir.

Sonda bir daha bütün iştirakçılara öz təşəkkürümüzü çatdırmaq istərdim. Ümid edirik ki, bu səmərəli platformanın qurulması, müzakirələr və təcrübə mübadiləsi ANAMA üçün nə qədər faydalı olmuşdursa, digər tərəfdaşlarımız və konfrans iştirakçıları da tədbirdən bir o qədər faydalana bilmişlər. Diqqətiniz üçün təşəkkür edirəm”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti