...

Alıcılar çox zaman məhsulun genetik modifikasiya olunub-olunmamasına diqqət yetirmirlər - Sevil Mikayılova

Siyasət Materials 12 Aprel 2022 13:50 (UTC +04:00)
Alıcılar çox zaman məhsulun genetik modifikasiya olunub-olunmamasına diqqət yetirmirlər - Sevil Mikayılova

Bakı. Trend:

“Qida təhlükəsizliyi haqqında" qanun layihəsi günün tələblərinə cavab verən vacib sənəddir, qida təhlükəsizliyinin təmin edilməsi üçün kifayət qədər əsaslar yaradır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova parlamentin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Mikayılova bildirib ki, layihə ilə bağlı bir neçə məsələyə toxunmaq lazımdır. Xüsusilə qanunun 13-cü maddəsində (Genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına dair tələblər) yalnız yem məhsullarına toxunulur.

"Qeyd etmək istərdim ki, dünyadakı genetik modifikasiya olunmuş (GMO) məhsulların həcmi və çeşidi böyüməkdə davam edir. GMO məhsulların insan sağlamlığına, bioloji müxtəlifliyə və ətraf mühitə son illərdə müşahidə olunan mənfi təsirləri ictimaiyyətin bu sahədə narahatlığını artırıb. GMO-lar bir sıra ölkələrdə qanunla tənzimlənir və məhdudlaşdırılır.

Hər kəsə məlumdur ki, mağazalarda genetik modifikasiya olunmuş ərzaq məhsulları, xüsusilə də meyvələr satılır. Alıcılar çox zaman məhsulun genetik modifikasiya olunub- olunmamasına diqqət yetirmirlər. Bəzi məhsulların üzərində “tərkibində GMO yoxdur” yazılsa da, digərlərində “tərkibində GMO var” kimi markirovkalar yoxdur. Hansı yaxşıdır ya pis bu barədə bildirilmir. Yaxşı olardı ki, qanun layihəsində genetik modfikasiya olunmuş ərzaq məhsulları ilə bağlı da tələblər müəyyən edilsin", - deyə S.Mikayılova əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsi ilə qadağandır. İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə görə transgen bitkilərin Azərbaycan Respublikası ərazisinə idxalına, rayonlaşdırılmasına və dövlət reyestrinə daxil edilməsinə görə - fiziki şəxslər üç min, vəzifəli şəxslər on min, hüquqi şəxslər isə əlli min manat cərimə edilir. Belə olan halda bu məsələ ilə bağlı qanun layihəsində müddəaların olmasına ehtiyac var.

"Qeyd etmək istərdim ki, AQTA-ya 2018-ci ildən başlayaraq müvafiq qurumlarla birlikdə GMO ilə bağlı qida təhlükəsizliyinə dair qanunvericiliyin təkmilləşdirilməsi tapşırılıb.

Toxunmaq istədiyim digər bir məsələ isə qida zəhərlənmələri ilə bağlıdır. Çünki bu gün cəmiyyətimizi narahat edən məsələlərdən biri də qida zəhərlənmələri ilə bağlıdır. Həm Bakı şəhərində, həm də regionlarda tez-tez həm ev şəraitində, həm də müxtəlif iaşə obyektlərində kütləvi qida zəhərlənmələri ilə bağlı halları görürük. Təəssüf ki, qida zəhərlənmələrindən dünyasını dəyişən insanlar da olur. Yaxşı olardı ki, bununla bağlı qaydalar sərtləşdirilsin, operativ və sistemli nəzarət mexanizmləri müəyyənləşdirilsin. Fraqmentar yoxlamalarla problemi həll etmək çətindir. Qanun layihəsində bununla bağlı da məsələ öz əksinini tapsa yaxşı olar. Öz növbəsində Qida Təhlükəsizliyi Agentliyinin qida zəhərlənmələrinin qarşısının alınması üçün daha intensiv fəaliyyət göstərməsi arzuolunandır, belə ki, ictimai iaşə obyektlərində, qida istehsalı müəssisələrindən satış nöqtələrinədək olan təminat və təchizat zəncirinə nəzarətin daha da gücləndirilməsinə ehtiyac var", - deyə S.Mikayılova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti