...

Prezident İlham Əliyev Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi - Vüqar Rəhimzadə

Siyasət Materials 1 May 2022 13:46 (UTC +04:00)
Prezident İlham Əliyev Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi - Vüqar Rəhimzadə

Bakı. Trend:

“Hər bir beynəlxalq səviyyəli tədbir onun təşəbbüskarı olan və ev sahibliyi edən ölkənin malik olduğu imkanların, hazırkı dövrdə hədəflərinin təqdimatında əhəmiyyətli rol oynayır. İstər 44 günlük İkinci Qarabağ müharibəsində çoxsaylı xarici mətbuata müsahibələrində, istərsə də postmünaqişə dövründə sual-cavab formatında təşkil olunan beynəlxalq konfranslarda dövlət başçısı İlham Əliyevin Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etməyin, artıq tarixin arxivinə atılmış Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin, dünyanın ikili standartlara söykənən siyasətinin yaratdığı etimadsızlıq mühitinin və həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasının nümunəsini ortaya qoyması beynəlxalq ictimaiyyətin ədalət hissini itirməmiş kəsimi tərəfindən daim təqdir olunur. Aprelin 28-də Şuşada işinə başlayan və ertəsi günü Bakıda işini davam etdirən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans bu baxımdan xüsusi diqqət çəkdi. Konfransda müzakirələrin böyük bir hissəsinin Ermənistanla Azərbaycan arasında gələcək əməkdaşlıq məsələsinə həsr olunması ölkəmizin regionda sülhün və əməkdaşlığın bərqərar edilməsində nə dərəcədə maraqlı olmasının bariz nümunəsini ortaya qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarının suallarını dünya səviyyəli, nüfuzlu, dünyada gedən prosesləri dərindən bilən, yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi kimi, əsl liderə xas olan xüsusiyyətləri nümayiş etdirməklə cavablandırması 20-dən çox ölkədən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertlərinin, tədqiqatçı-alimlərinin və media nümayəndələrinin regionumuzun bugünkü real mənzərəsi haqqında dolğun məlumatlar əldə etmələrinə geniş imkanlar açdı. Konfrans iştirakçılarının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları, əsl liderə xas olan yüksək keyfiyyətləri, ölkədə və dünyada gedən proseslərlə bağlı məlumatlılıq səviyyəsi, onları təhlil etmək, verilən sualları sərrast cavablandırmaq bacarığı haqqında fikirləri də deyilənlərin təsdiqidir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

V. Rəhimzadə qeyd edib ki, dövlət başçısı Azərbaycanın regionda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq etməsindən geniş söhbət açaraq bu hədəfi açıqladı ki, biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır: “Bu mühüm məqam da diqqətə çatdırıldı ki, Ermənistan bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Bu ölkə qonşularla münasibətləri normallaşdırmalı, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalı, Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı təmasdan çəkinməməlidir. Yeni reallıqların nəzərə alınması, revanşizm cəhdlərinə yol açmayan siyasətin yürüdülməsi Ermənistan üçün yeganə çıxış yolu olmalıdır.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Prezident İlham Əliyev konfransda, eyni zamanda, Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsinin yol xəritəsini təqdim etdi: “Azərbaycanın təqdim etdiyi sülh gündəliyi postmüharibə dövrünün yaratdığı yeni reallıqlara əsaslanır. Məhz bu reallığı dərk edən Ermənistan ölkəmizin irəli sürdüyü 5 prinsipin qəbulu fonunda sülh müqaviləsinin hazırlanmasına razılığını bildirib. Burada Ermənistandan tələb olunan əsas məsələ təbii ki, sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi üçün real addımlar atmaqdır. Azərbaycan regionda təhlükəsizlik və əməkdaşlığa bugünümüzün və sabahımızın prizmasından yanaşır. Çünki təhlükəsizlik mühiti yaradılmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz. Azərbaycanın iqtisadi uğurları da məhz ölkədə və regionda sabitliyin bərqərar edilməsi amilindən qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir. Özünün daxili və xarici siyasətində bu vacib amili daim ön planda saxladığına görə Azərbaycanın region ölkələri, ən başlıcası isə yaxın qonşularla əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Bu baxımdan tam əminliklə demək olar ki, ölkəmizin qardaş Türkiyə ilə müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsi, həmçinin Azərbaycan ilə Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə Azərbaycanın strateji maraqlarına əsaslanır.”

V. Rəhimzadə dövlət başçısının konfransda diqqət göstərdiyi məsələlər sırasında bəzi beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasətindən də geniş bəhs edib: “Beynəlxalq təşkilatların, mina problemi ilə məşğul olan beynəlxalq QHT-lərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mina probleminə laqeyd münasibəti diqqətdən kənarda qala bilməz. Bu gün aparıcı dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Postmüharibə dövründə bu prosesin tezliklə həyata keçirilməsində Avropa İttifaqının səyləri inkaredilməzdir. Avropa İttifaqının ədalətli vasitəçiliyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. ATƏT-in Minsk qrupu və onun həmsədrlik institutu isə artıq tarixin arxivinə göndərilib.”

YAP Xətai rayon təşkilatının sədri daha bir vacib məqama toxunaraq deyib: “Diqqəti 30 illik işğal dövründə beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrin kağız üzərində qalmasına yönəldən Prezident İlham Əliyev konfransda bu fonda bildirdi ki, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə heç zaman ümid bəsləməyin, çünki onların heç bir dəyəri yoxdur. BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi və həmin qətnamələr əsasən, Ermənistan hərbi qüvvələrinin dərhal ərazilərimizi tərk etməsini tələb edirdi. Buna baxmayaraq, 27 il ərzində qətnamələrin heç biri icra edilmədi, sonda Azərbaycan onları özü icra etməli oldu. Həmin qətnamələri qəbul edənlər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləridir. Amma işğalla bağlı uzun illər mövcud olan status-kvo həm həmsədrlər, həm də Ermənistan üçün məqbul idi. Təbii ki, Azərbaycan bu vəziyyətlə barışa bilməzdi. Ona görə də ölkənin iqtisadi imkanlarının artırılması, ordu quruculuğu sahəsində biri-birindən əhəmiyyətli addımlar atıldı. Dövlət başçısı İlham Əliyev konfransda bu məqamı xüsusi qeyd etdi ki, güclü orduya, güclü iqtisadiyyata və yeni nəslə ehtiyac var idi. Güclü ordunun olması dövlət siyasətinin illər boyu əsas prioriteti olub. Qarabağ uğrunda şəhid olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri, Vətənini sevən, yüksək motivasiyalı insanlar idi.”

YAP Xətai rayon təşkilatının sədri bu faktı da diqqətə çatdırıb ki, Ermənistanın 30 illik işğalı dövründə həmin ərazilərdə Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılmasına dünyada mədəni irsin qorunub saxlanmasını öz fəaliyyətinin prioriteti elan etmiş UNESCO-nun laqeyd münasibəti və “siyasi məsələlərlə məşğul olmamaq” adı altında həmin ərazilərə missiya göndərməkdən imtina etməsi, torpaqlarımız işğaldan azad edildikdən sonra bu təşkilatın fəallaşması və “erməni tarixi irsinin” müdafiəsinə qalxması da ikili standartların bariz nümunəsidir.

Vüqar Rəhimzadə Azərbaycanın regionun gələcəyi ilə bağlı planları əsasında Prezident İlham Əliyevin 10 ildən sonrakı mənzərəni necə gördüyünə diqqəti yönəldib: “ 10 ildən sonra Azərbaycan daha da güclü olacaq, Ermənistanla olan anlaşılmazlıqlar və problemlər öz həllini tapacaq. Üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq əlaqələri qurulacaq. Azərbaycan regional layihələrin müəllifi olaraq Türkiyə və Gürcüstan ilə üçtərəfli əməkdaşlıqda daim mühüm rol oynayıb. Yeni əməkdaşlıq formatlarının qurulmasında və inkişafında da mühüm layihələrin müəllifi, güclü iqtisadi potensiala malik ölkə kimi Azərbaycan liderliyi öz üzərinə götürəcək. Təbii ki, bir çox məsələlər Ermənistanda bundan sonrakı proseslərdən, bu ölkə hökumətinin sülh gündəliyi ilə bağlı planlarından asılı olacaq.”

“Prezident İlham Əliyev konfransda regionun dünənindən bugününə və gələcəyinə baxış əsasında Ermənistanın atmalı olduğu vacib addımları da açıqladı” söyləyən Vüqar Rəhimzadə dövlət başçısının “Düşünürəm ki, bizim gündəliyimizi düzgün başa düşmək üçün onlar bizim etdiklərimizi dərindən təhlil etməli və bu şansı əldən verməməlidirlər. Çünki bu, sonuncu şans olacaq, onlar bu qatara minməlidirlər” fikirlərini hədəflərin ümumiləşdirilmiş ifadəsi kimi dəyərləndirib: “Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri uğurla davam etdirilir. Soydaşlarımızın Böyük Qayıdışı prioritetdir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri icra edilir. Birinci “ağıllı şəhər” Ağdamda, “ağıllı kənd” isə Zəngilanda olacaq. Dövlət başçısı Azərbaycanın digər ərazilərində də bu layihələrin tətbiq ediləcəyini bildirdi. Azərbaycanın gələcək inkişafı ilə bağlı planlar genişdir və onların həyata keçirilməsi üçün bütün imkanlar mövcuddur: Dövlətimizin qətiyyəti, iradə, resurslar, səfərbərlik, cəmiyyətimizin birliyi və ölkədə sabitlik. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycan yalnız regionda deyil, dünya siyasətində yeniliklərə imza atır. Dövlət başçısı İlham Əliyev konfransda bir daha bu çağırışı etdi ki, biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib. Belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik. Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Bu, özü gözəl bir bünövrə olar.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti