...

Sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiyalı təhsil mühitinin yaradılması heç də asan proses deyil - Sevil Mikayılova

Siyasət Materials 5 May 2022 16:11 (UTC +04:00)
Sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiyalı təhsil mühitinin yaradılması heç də asan proses deyil - Sevil Mikayılova

Bakı. Trend:

Sağlamlıq imkanları məhdud şəxslərin inteqrasiya təlimli tədris müəssislərində təhsil almaları ilə bağlı yeni növ ümumtəhsil məktəblərinin yaradılması çox müsbət addımdır. Bu kateqoriyadan olan şəxslərin cəmiyyətə inteqrasiyası və böyüməsi, mümkün psixoloji baryerlərin qarşısının alınması, eləcə də hərtərəfli təhsil hüquqlarının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Trend xəbər verir ki, bunu deputat Sevil Mikayılova Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Mikayılova bildirib ki, bu, təhsil müəssisələrinə sağlamlığının ağırlığı səbəbindən inklüziv tədris alması mümkün olmayan sağlamlıq imkanları məhdud olan şəxslər cəlb olunacaqlar.

Belə çıxır ki, daha məhdud sağlamlıq imkanları olan uşaqlar eyni məktəblərdə digər şagirdlərlə fərqli siniflərdə birlikdə təhsil alacaq. Ona görə də qanun layihəsində bu müəssisələrdə onların sağlamlıq vəziyyətinə uyğun xüsusi şəraitin yaradılması ilə bağlı müddəa yer alır. Lakin xüsusi nəzarət vacibdir, cavabdeh şəxs qismində çıxış edəcək tərəfin məsuliyyətlərinin dəqiqləşdirilməsi düşünürəm ki, mütləqdir. İnteqrasiyalı təhsil mühitinin yaradılması heç də asan proses deyil. Belə ki, fərqli bir təsnifat olmaqla bu xüsusi ümumtəhsil məktəbləri inteqrasiyalı təhsili necə təmin edəcək, hansı kateqoriyada müəyyənləşən sağlamlıq imkanlarının məhdudiyyətləri şəxsin bu təhsilə cəlb olunması üçün əsas meyardır? Bunu məktəb və ya səhiyyə qurumu müəyyən edəcək? Son qərar valideyn tərəfindən və ya aidiyyəti üzrə müvafiq icra qurumu tərəfindən verilir? Bu suallara aydınlıq gətirilməsinə ehtiyac var. Eyni zamanda, bu tip məktəblərin yaradılmasının effektiv nəticə verməsi üçün xüsusi standartların tətbiq olunmasına diqqət yetirmək lazımdır, təlim prosesində müəllimlərlə yanaşı, psixoloqlar da işləməlidirlər. Ona görə də, ilkin mərhələdə pilot layihə formasında fəaliyyət göstərən bir neçə məktəb olsa, yaxşı olar, artıq təcrübəyə əsaslanaraq müəyyən qərarlar vermək mümkün olacaq. Bundan əlavə, bölgələrdə şəhər və qəsəbələrə nisbətən əhalinin seyrək məskunlaşmasını nəzərə alsaq, say baxımından az ola biləcək bu kateqoriyadan olan şəxslər üçün inteqrasiyalı təhsil müəssisələrinin necə yaradılması ilə bağlı suallar da yaranır. Hansı say tərkibi olmalıdır ki, bu cür məktəblər təşkil edilsin", - deyə deputat qeyd edib.

S.Mikayılova əlavə edib ki, təqdim olunmuş Qeyddə Ümumtəhsil haqqında Azərbaycan Respublikası qanununa edilən dəyişikliklərin əsas məqsədinin sağlamlıq imkanları məhdud şəxslərin təhsilin bütün pillələrində digər şəxslərlə bərabər səviyyədə təhsil almalarını təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarət olduğu bildirilir.

"Ona görə də, təhsilin yuxarı pillələrində inteqrasiyalı sistemin necə tətbiq olunacağı ilə bağlı məsələ də maraq doğurur. Gələcəkdə bu qanun layihəsinin qəbulu ilə təhsilin digər pillələrində (ali, bakalavr, magistr) hansısa dəyişikliklər ola bilərmi?

Qanun layihəsi sağlamlıq imkanları məhdud şəxslərin inteqrasiyalı təhsilini təmin etməklə cəmiyyətdə onların bərabərhüquqlu inkişafını təbii ki, təmin edəcək. Bu səbəbdən, gələcəyimizin uşaqların və yeniyetmələrin təlim-tərbiyəsindən üzvi asılılığını nəzərə alaraq bu qanuna daha diqqətli, ən xırda detalları da nəzərə almaqla yanaşmağımız vacibir", - deyə deputat vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti