...

Azərbaycan və Türkiyəyə qarşı dezinformasiya bu gün də davam edir - Hikmət Hacıyev

Siyasət Materials 14 May 2022 14:03 (UTC +04:00)
Azərbaycan və Türkiyəyə qarşı dezinformasiya bu gün də davam edir - Hikmət Hacıyev

Bakı. Trend:

2021-ci il Türk Dövlətləri Təşkilatının tarixində çox mühüm və əhəmiyyətli il olub. Çünki İstanbul Sammitində təşkilatımız məhz Türk Dövlətləri Təşkilatı adı altında təsis edildi. Həmin Sammitdə “Türk dünyasına baxış 2040” sənədi qəbul edildi ki, burada digər sahələrdə olduğu kimi, media və informasiya sahəsində də ölkələrimiz arasında əməkdaşlıqla qarşıya çox ciddi vəzifələr və tapşırıqlar qoyuldu.

Trend-in məlumatına görə, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda keçirilən Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısında çıxışı zamanı bildirib.

Media sahəsi üzrə birgə işlərin daha sistemli və koordinasiyalı şəkildə aparılması üçün təşkilat daxilində yaradılan qrupun üzv ölkələr arasında birgə fəaliyyətin təkmilləşdirilməsinə dəstək verəcəyini vurğulayan H.Hacıyev deyib ki, xüsusilə 2019-cu ildə VII Bakı Sammitində liderlərimiz tərəfindən qəbul edilən qərarlarla media, televiziya kimi sahələr üzrə əməkdaşlıq qarşımıza məqsəd kimi qoyulub. Türk dünyası olaraq bugünkü toplantıda çox mühüm məsələləri müzakirə etdik.

Türk Dövlətləri Təşkilatına uğurlu sədrlik etdiyi üçün Türkiyə dövlətinə minnətdarlığını bildirən Prezidentin köməkçisi keçən il keçirilən media forumunu xatırladaraq, o görüşün ölkələrimiz arasında media sahəsi üzrə təkcə rəhbər şəxslərin görüşü deyil, eyni zamanda, qurumlar arasında əməkdaşlıq baxımından da səmərəli olduğunu bildirib.

Liderlərimiz tərəfindən qarşımıza qoyulan məqsədlərin, sadəcə, əməkdaşlığa deyil, xalqlarımızın mənəvi yaxınlaşmasına da töhfə verdiyini deyən Hikmət Hacıyev ölkələrimizə qarşı aparılan dezinformasiya və saxta xəbər təbliğatlarının bu gün də davam etdiyini deyib.

“Azərbaycanın müstəqilliyinin ilk günlərindən biz bu kimi hücumlara məruz qalmışıq. Xüsusilə 44 günlük Qarabağ müharibəsində biz hibrid, psixoloji müharibənin bütün elementləri ilə üz-üzə qaldıq.

Bütün digər sahələrdə olduğu kimi, Azərbaycan və türk mediasının birgə fəaliyyəti, birgə səylər sayəsində haqq və ədaləti dünyaya çatdırmağa nail olduq”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti