...

QH üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini daim dəstəkləyib - Rauf Əliyev

Siyasət Materials 4 İyul 2022 14:27 (UTC +04:00)
QH üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini daim dəstəkləyib - Rauf Əliyev

Bakı. Trend:

Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin Bakı konfransı öz işini başa çatdırmışdır. “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunmuş konfransda 40-dan çox ölkənin parlament nümayəndə heyyəti, 9 büynəlxalq parlament təşkilatının təmsilşiləri iştirak etmişdir. Üç gün davam edən konfransda “Bakı Bəyannaməsi” və “ Qoşulmama Hərəkatının Patlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilmişdir. 30 iyun 2022-ci il tarixində keçirilən Qşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etmişdir. Cənab Prezident çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur. İlk növbədə, qeyd olunmuşdur ki, Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi irəli sürülmüş yeganə təşəbbüs deyil.

Digər vacib bir təşəbbüs Gənclər Şəbəkəsidir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Bildirilmişdir ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsi təsadüfi deyil. Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi üzvlərin yekdil həmrəyliyi ilə baş verdi. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir.

Ölkələr arasında əməkdaşlığın inkişaf erdirilməsində Parlament diplomatiyasının rolundan danışan cənab Prezident qeyd etmişdir ki, “Parlament diplomatiyası və parlamentlərarası münasibətlərin inkişafı əhəmiyyətli vəzifədir. Parlament şəbəkəsi təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq”.

Pandemiya dövründə Azərbaycanın beynəlxalq arenada bu xəstəliklə mübarizədə fəal rol oynadığı qeyd olunmuşdur. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Pandemiya dövründə Azərbaycan tərəfindən 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunub və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Azərbaycan peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idi.

Bildirilmişdir ki, Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən həmişə Azərbaycan xalqının ədalətli mübarizəsi dəstəklənib. Qoşulmama Hərəkatında təmsil olunan ölkələr anti Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular.

ATƏT-in Minsk qrupu ilə əlaqədar münasibət bildirən cənab Prezident qeyd etmişdir ki, Minsk qrupu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Azərbaycan xalqı təqribən 30 il ərzində gözləyirdi ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və Azərbaycan torpaqlarını əbədi işğal altında saxlamaqdan ibarət idi. Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan cənab Prezident qeyd etmişdir ki, “Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi”. Azərbaycan öz gücünə bu qətnamələri icra etdi. 2020-ci ilin noyabrın 10-da 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan təslim olmağa və məğlubiyyətini etiraf etməyə məcbur oldu.

Qoşulmama Hərəkatının beynəlxalq arenada daha fəal rol oynaya biləcəyini bildirərək cənab Prezident qeyd etmişdir ki, “Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına yönəlib. Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Bu gün dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidiyik. Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada fəal rol oynamaq üçün platforma da ola bilər”.

Rauf Əliyev,
Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti