...

Aİ ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır - Deputat

Siyasət Materials 22 İyul 2022 10:49 (UTC +04:00)
Aİ ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır - Deputat

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır. Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan-Aİ əlaqələrinin hazırki siyasi çərçivəsini “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd təşkil edir.

“Sənəd 2018-ci il iyul ayında Brüsseldə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Aİ Şurasının sabiq Prezidenti Donald Tuskun iştirakı ilə paraflanıb.

2021-ci ilin dekabr ayında qarşılıqlı razılıq əsasında Tərəfdaşlıq Prioritetləri 2024-cü ilə qədər uzadılıb.

Sənədin əsas xüsusiyyəti ondan ibarətdir ki, orada tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın sütunlarından biri kimi təsbit edilib.
Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzərində danışıqlar davam edir. Layihənin əksər hissəsi razılaşdırılmışdır.

Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. Azərbaycanın ticarətinin 40 faizdən çoxu Aİ üzv dövlətlərinin payına düşür”, - deyə deputat bildirib.

Deputat bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir.

“2015-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Cənub Qaz Dəhlizi layihəsinin icrası məsələlərinin əlaqələndirilməsi məqsədi ilə layihə iştirakçıları və tərəfdaş dövlətlərin enerji nazirlərindən ibarət Cənub Qaz Dəhlizi Məşvərət Şurası yaradılmış və hazırkı vaxtadək 8 iclası keçirilib.

4 fevral 2022-ci il tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclası zamanı Prezident İlham Əliyev və Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson arasında görüş zamanı Aİ və Azərbaycan arasında yeni enerji dialoqunun təsis edilməsi barədə razılıq əldə olunmuşdur.

2021-ci ildə ümumi ixrac olunan neftin 70 %-ə qədəri Aİ ölkələrinin payına düşür.
Qaz sahəsində əməkdaşlığa gəldikdə isə TAP layihəsi üzrə Azərbaycandan Avropaya təbii qazın nəqli 31 dekabr 2020-ci il tarixindən başlanıb. 2021-ci ildə TAP kəməri ilə Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin yanvar-iyun aylarında isə 5,4 milyard kubmetr təbii qaz ixrac olunub”, - deyə deputat bildirib.

A.Həsənova xatırladıb ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin 2022-ci il iyulun 18-də Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalandı.

“Memorandumun əsas mahiyyəti Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Aİ-yə çatdırılmasının təmin edilməsidir. Burada söhbət kommersiya məqsədəuyğunluğu və bazar tələbinə uyğun olaraq qaz tədarükünün diversifikasiyasını dəstəkləmək məqsədilə Xəzərin Azərbaycan sektorundakı təbii qazın Aİ-yə və potensial olaraq Qərbi Balkan ölkələrinə daşınmasından gedir.

Əsas hədəf kimi 2027-ci ilə kimi Aİ-ə ən azı illik 20 milyard m3 qazın ixrac edilməsi götürülür.

İmzalanan Memorandum gələcək əməkdaşlığımızın yol xəritəsidir. Planlaşdırılmış bütün məsələlər icra olunub. Şəbəkələrin qurulması əsas məsələlərdən biridir. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, şəbəkənin qurulması üzərində daha fəal çalışmalıyıq. Xəzərin qərb sahilində Azərbaycanın Xəzərdə ən iri ticarət donanması, müasir infrastruktur, gəmiqayırma imkanları, yeni dəniz limanı, bütün qonşularla birləşdirən dəmir yolları var.

Memorandumda bərpa olunan enerji sahəsində tərəflər arasında mümkün əməkdaşlığın qeyd olunması Aİ-ni ölkəmiz üçün yeni marketə çevirə bilər. İşğaldan azad olunan ərazilərdə alternativ və bərpa olunan enerji mənbələrinin, həmçinin Xəzər dənizində külək enerjisinin geniş potensialını nəzərə alaraq, bu, Azərbaycan üçün bərpa olunan enerjinin də Aİ-ə ixrac olunması imkanları yaradır”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti