Bakı. Trend:
Bu gün xalqımız daha bir möhtəşəm qələbə sevincini yaşayır. Ordumuzun Laçın şəhərinin mərkəzini, Zabux və Susu nəzarətə götürməsi Azərbaycanın növbəti böyük qələbəsidir. Bu möhtəşəm qələbə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə apardığı düşünülmüş siyasətin nəticəsidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Laçın Azərbaycan üçün strateji baxımdan
əhəmiyyət kəsb edən bir rayondur: “Əlbəttə ki, Ermənistan heç zaman
Laçını bizə qaytarmaq istəməzdi. 18 may 1992-ci ildə Laçını işğal
etdikdən sonra ermənilər orada qeyri-qanuni məskunlaşma
aparmşdılar, Laçında daim yaşayacaqları barədə xülyalar
qurmuşdular.
Lakin cənab Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki,
Azərbaycan heç zaman torpaqlarının bir qarşını da işğal altında
qoymayacaq, istər sülh, istərsə də müharibə yolu ilə öz
torpaqlarını işğaldan azad edəcək”, - deyə deputat bildirib.
O qeyd edib ki, nəhayət 27 sentyabr 2020-ci ildə başlayan müharibə cəmi 44 gün ərzində Ermənistanın acı məğlubiyyəti ilə nəticələndi, ermənilərin xülyaları boşa çıxdı.
“Əslində yüksək rütbəli erməni hərbçiləri etiraf edirlər ki, müharibənin elə ilk günlərindən uduzacaqlarını yəqin etmişdilər, Azərbaycan ordusu qarşısında tam gətirə bilməyəcəklərini yaxşı başa düşürdülər. Lakin ermənilər ümid edirdilər ki, Azərbaycana beynəlxalq səviyyədə təzyiq olunacaq, erməni havadarları onların köməyinə gələcək və Azərbaycanı dayandıracaqlar.
Ancaq ermənilərin bu ümidləri puça çıxdı, cənab Prezident İlham Əliyev bütün beynəlxalq təzyiqlərə sinə gələrək qəti mövqeyini və şərtlərini ortaya qoymuşdu. Eyni zamanda cənab Prezident ola biləcək beynəlxalq təzyiqləri zərərsizləşdirmək üçün müharibədən əvvəl siyasi müstəvidə, diplomatiya sahəsində kifayət qədər ciddi iş aparmışdı və müharibə dövründə də beynəlxalq qanunlara əsaslanaraq tutarlı arqumentlər ortaya qoymaqla təzyiqləri dəf etməyi bacardı.
Artıq hər yerdən əli üzülən, çarəsiz və aciz durumda qalan Ermənistan acı məğlubiyyəti qəbul etmək etmək və kapitulyasiya ilə razılaşmaq məcburiyyətində qaldı, cənab Prezident İlham Əliyevin şərtlərini qəbul etməyə vadar oldu, 10 noyabrda imzalanan bəyanata əsasən, işğalda qalan Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk etmək öhdəliyi götürdü. Azərbaycanın ciddi nəzarəti ilə bu öhdəlik yerinə yetirildi və avqustun 26-da Laçın şəhərinin mərkəzi, ətraf yaşayış məntəqləri, Laçın dəhlizi adlanan ərazi də Azərbaycanın nəzarətinə keçdi. Ermənilər hər vəclə Laçını tərk etmək öhdəliyini yerinə yetirməkdən yayınmağa çalışırdılar, ancaq cənab Prezident İlham Əliyevin qətiyyətli və prinsipal mövqeyi sayəsində ermənilərin bu məkirli niyyətlərinin qarşısını alındı və Azərbaycan Laçını tam nəzarətə götürdü. Bu gün Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb edən bir gün kimi yadda qalacaq”, - deyə deputat bildirib.
A.Həsənova vurğulayıb ki, ermənilər Laçını tərk edərkən öz terrorçu xislətlərindən əl çəkməyərək evləri, meşələri yandırdılar, terrorçu mahiyyətlərini bir daha dünyaya nümayiş etdirdilər. “Artıq o ərazilərin əsl sahibləri geri dönüb, Azərbaycan artıq orada bərpa və yenidənqurma işlərinə start verib və tezliklə laçınlılar öz doğma yurdlarına qayıdacaqlar”, - deyə deputat əlavə edib.