...

Brüssel görüşünün nəticələri Azərbaycanın növbəti diplomatik uğurudur - Afət Həsənova

Siyasət Materials 1 Sentyabr 2022 11:37 (UTC +04:00)
Brüssel görüşünün nəticələri Azərbaycanın növbəti diplomatik uğurudur - Afət Həsənova

Bakı. Trend:

Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunan nəticələr Azərbaycanın növbəti diplomatik uğurudur.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, avqustun 31-də Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Aİ Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanat Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində yaranan yeni reallıqların dünya birliyi tərəfindən qəbul olunduğunun daha bir göstəricisidir.

O qeyd edib ki, görüş nəticəsində verilən bəyanat Azərbaycanın maraqlarına tam uyğundur.

Bu görüş Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf üçün olduqca mühümdür. Belə ki, görüş nəticəsində Ermənistan və Azərbaycan arasındakı dövlətlərarası münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı razılığa gəlinib və xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verilib.

Bundan əlavə görüşdən əldə olunan daha bir mühüm nəticə həssas məsələ olan delimitasiya ilə bağlıdır. Belə ki, görüşdə sərhədlərin delimitasiyasına dair bütün məsələlərlə bağlı əldə olunmuş irəliləyişləri və sabit vəziyyəti daha yaxşı təmin etmək nəzərdən keçirilib və Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəlinib.

Bununla yanaşı görüşdə həmçinin humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, əsirlər və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr aparılıb, nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələr nəzərdən keçirilib. Göründüyü kimi Ş.Mişelin bəyanatı Azərbaycanın mövqeyinin qəbul edildiyini bir daha təsdiq edir. Bu bəyanat Azərbaycanın növbəti uğurudur və ölkəmizin mövqeyi ilə tam üst-üstə düşür”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, bu bəyanat Ermənistanın bundan sonrakı mərhələdə təxribatlara əl atmaq və indiyə qədər imzalanmış sənədlərlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmaq imkanlarından məhrum edir. “Bütün bu proseslər cənab Prezident İlham Əliyevin apardığı qətiyyətli və düşünülmüş siyasətinin məntiqi nəticəsidir.

Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında əldə etdiyi qələbəni siyasi müstəvidə də davam etdirməkdədir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti