...

Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər insaniyyətdən kənardır - Afət Həsənova

Siyasət Materials 8 Sentyabr 2022 13:18 (UTC +04:00)
Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər insaniyyətdən kənardır - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilərin son 200 ildə Azərbaycan xalqına, mədəni irsinə qarşı törətdiyi vandalizm aktları heç bir insani çərçivəyə sığmır. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra ermənilərin törətdiyi daha iyrənc vandalizm aktları üzə çıxdı. Dünyaca məşhur fotoqraf Reza Deqatinin Laçında çəkdiyi video görüntülərdən göründüyü kimi ermənilər həmin ərazilərdə olan qəbirləri qazıb, insanların kəllə sümüklərini götürüb, qızıl dişlərini çıxarıblar. Bu vəhşilik insaniyyətdən kənar bir əməldir və mənəvi yoxluğun göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, ermənilər bu vəhşiliyi işğaldan azad edilmiş bütün ərazilərdə törədiblər, hətta qəbirsanlıqları yandırıblar.

“Buradan aydın görünür ki, ermənilər 30 il ərzində torpaqlarımızı işğal altında saxladıqları müddətdə azərbaycanlıların izlərini silməyə çalışıblar. Ermənilər Azərbaycan xalqının mədəni irsini dağıdıb, talayıb, saxtalaşdırmağa cəhd edib. Ermənilər təkcə Azərbaycan xalqına deyil, mədəniyyətimizə, mədəni irsimizə və tariximizə qarşı da terror törədiblər. Torpaqlarımızı 30 ilə qədər müddət ərzində işğal altında saxladığı müddətdə, mədəniyyət və tarixi abidələrimizi məhv ediblər. İşğaldan azad edildikdən sonra həmin ərazilərin monitorinqi ermənilərin mədəniyyətimizə də qarşı necə vəhşiliklər törətdiyini bir daha üzə çıxardı”, - deyə A.Həsənova qeyd edib.

Deputat vurğulayıb ki, Ermənistan tərəfindən 30 il işğal altında qalmış Azərbaycan ərazilərində 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olub. Ermənilər bütün bu abidələri məhv edib.

“Həmçinin işğal altında olmuş Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb.

Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilib. Bununla kifayətlənməyən erməni vandalları muzeylər və maddi-mədəni sərvətlərimizi talan ediblər. Dünya şöhrətli Kəlbəcər tarix-diyarşünaslıq muzeyinin 13 minədək, Laçın tarix-diyarşünaslıq muzeyinin 5 mindən çox qiymətli və nadir eksponatı Ermənistana daşınıb və müxtəlif ölkələrdə baha qiymətə satılıb”, - deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, ermənilər həmçinin ərazilərimizdə ekoloji terror törədiblər, təbiətimizi vəhşicəsinə talan ediblər.

“Ermənistanın ekoloji terroru nəticəsində regionda ekoloji tarazlıq pozulub. ermənilərin törətdiyi ekoloji terrorun, təbiətə vurduqları ziyanın miqyası o qədər böyükdür ki, onu heç zaman tamamilə aradan qaldırmaq mümkün olmayacaq: “Ermənilərin törətdiyi ekoloji vəhşilik, meşələri, flora və faunaları məhv etməsi, çayları çirkləndirməsi təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı bir cinayətdir, çünki ermənilərin bu vəhşiliyi nəticəsində regionda ekoloji balans pozulub”, - deyə deputat vurğulayıb.

Deputat bildirib ki, təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət bu vandalizmə indiyə qədər səssiz qalır. “Azərbaycanın çoxsaylı müraciətlərinə baxmayaraq müvafiq beynəlxalq təşkilatlar Ermənistanla bağlı heç bir addım atmayıb, onların törətdiyi vəhşiliklərlə bağlı heç bir araşdırma, qiymətləndirmə aparmayıb. Bu, Azərbaycana qarşı ikili standartların, qərəzli münasibətin göstəricisidir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti