...

Azərbaycan dövlətçiliyinin təməlində Ulu Öndərin zəngin siyasi irsi dayanır - Səttar Möhbalıyev

Siyasət Materials 1 Oktyabr 2022 16:01 (UTC +04:00)
Azərbaycan dövlətçiliyinin təməlində Ulu Öndərin zəngin siyasi irsi dayanır - Səttar Möhbalıyev

Bakı. Trend:

Dünya tarixində Azərbaycanın yeri həm də onun xalqının yetirdiyi şəxsiyyətlərin rolu ilə böyükdür. Tariximizdə dərin iz qoymuş həmin şəxsiyyətlər xalqın taleyüklü məsələlərini öz üzərinə götürmüş, əhəmiyyətli strateji qərarlar qəbul edərək onu üzləşdiyi bəlalardan xilas etmiş, dövlətimizin mövcudluğunu qoruyub saxlamışdır. Belə dahilərdən biri də müstəqil, suveren, demokratik dövlət quran, onu beynəlxalq səviyyəyə yüksəldən, söz sahibi edən, xalqının xoşbəxt həyatını təmin edən Heydər Əliyev fenomenidir. Bu dahi şəxsiyyət rəhbərlik etdiyi xalqın bütün istəklərini layiqincə, böyük peşəkarlıqla, yoruldum demədən çalışaraq yerinə yetirdi. Eləcə də bir dövlətin güclü, qüdrətli olması üçün ən xırda siyasi detalları belə nəzərə alaraq əlindən gələn hər şeyi etdi. Ən əsası isə Ulu Öndərimiz bütün bu işləri böyük şövqlə, xalqını, dövlətini sevərək edirdi. Bu yolda heç bir təzyiqdən, təxribatdan çəkinməyərək, bütün əngəlləri və maneələri mahir ustalıqla aşaraq böyük hədəflərə doğru şərəfli bir yol aldı. Dönüb 1993-cü ilin Azərbaycanına bir nəzər yetirək: hakimiyyət böhranı, ölkədə xaos və anarxiya, vətəndaş müharibəsi, parçalanma təhlükəsi, sosial-iqtisadi vəziyyətin ağırlığı və xalqın son dərəcə ağır pisxoloji durumu. Bir sözlə, dövlətin məhv olması üçün hər şey ortada idi. Yüksək intellektə, parlaq zəkaya, peşəkar idarəçilik keyfiyyətlərinə sahib Heydər Əliyev xalqdan aldığı sarsılmaz dəstəklə xilaskarlıq missiyasını uğurla yekunlaşdırdı. Bu çətin, keşməkeşli, həm də şərəfli missiyanı vicdan və ləyaqətlə icra etməyi bacaran Heydər Əliyev sonsuz sevdiyi xalqının inamını qazanmaqla Ümummilli Lider zirvəsini fəth etdi.

Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində xalq öz liderinə heç bir tərəddüd etmədən, şəxsiyyətinə böyük inam və etimadla səsini verdi. O, ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi, güclü iqtisadiyyatı olan, müstəqil xarici siyasətə sahib, demokratik əsaslarla qüdrətli bir dövlət qurdu. Bu gün uğurlarından qürur duyduğumuz qüdrətli Azərbaycanı. Heydər Əliyev ilk gündən demokratiya yolu tutdu. Vətəndaşların daxili azadlığını, sərbəstliyini, mənəvi ucalığını ali dəyər hesab edirdi. O, bu torpaq, Vətən üçün, xalq üçün doğulmuşdu, Azərbaycanın tərəqqisi, azadlığı, müstəqilliyi naminə usanmadan çalışdı. Məhz bu səbəblərdəndir ki, xalqın öz dahi oğluna sevgisi sonsuz və əbədidir”, - AHİK sədri bildirib.

“Bugünkü güclü Azərbaycanın bütün uğurlarının kökündə dahi Heydər Əliyevin uzaqgörənliyi, düşünülmüş, gələcəyə hesablanmış siyasəti dayanır. Ulu Öndərin müzəffər davamçısı cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etmişdir ki, Azərbaycanın daha güclü, qüdrətli dövlət olması üçün Heydər Əliyev siyasəti davam etdiriləcək. Bu siyasi kursun layiqli davamı nəticəsində bu gün ölkəmiz bütün sahələr üzrə hərtərəfli inkişaf edərək Cənubi Qafqazın liderinə çevrilib. Fəxarətlə deyə bilərik ki, regionda Azərbaycanın təmsil olunmadığı heç bir iqtisadi və siyasi layihənin icrasından danışmaq belə mümkün deyil”, - Milli Məclisin deputatı vurğulayıb.

“Yeri gəlmişkən, bildirim ki, Azərbaycan həmkarlar ittifaqlarının müstəqil qurum kimi formalaşmasında, möhkəmlənməsində, böyük nüfuz qazanmasında Ulu Öndərin danılmaz xidmətləri dayanır. Onun yenidən hakimiyyətə gəlişi ilə həmkarlar ittifaqlarının həyatında yeni dövr başladı. Ümummilli Liderin şəxsi təşəbbüsü və nəzarəti altında 1994-cü ildə qəbul edilən “Həmkarlar ittifaqları haqqında” qanun imkan verdi ki, istər Milli Məclisdə, istərsə də Nazirlər Kabinetində əhalinin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı mühüm məsələlərə dair qərarların qəbulunda təşkilatın verdiyi təkliflər əsas yerlərdən birini tutsun. Əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqlarının hüquqları tanındı. Azərbaycan həmkarlar ittifaqları beynəlxalq həmkarlar ittifaqları hərəkatının tərkib hissəsinə çevrildi. Ulu Öndər hər zaman həmkarlar ittifaqlarının fəaliyyətini izləyir, ona dövlət dəstəyi göstərir, qurultaylarına təbrik məktubları göndərir, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirir, dəyərli tövsiyələrini verirdi”, - AHİK sədri qeyd edib.

S.Möhbalıyev əlavə edib ki, müdrik və qədirbilən Azərbaycan xalqı ona dövlət yaradan, bu yolda yoruldum demədən mübarizə aparan, mənalı ömrünü xalqına bağışlayan, azərbaycanlı olduğu üçün fəxarət duyan dahi liderinin əziz xatirəsini daim uca tutur, yad edir: “Dövlətimizin başçısı cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması onun xalq və dövlət qarşısında misilsiz xidmətlərinə verilən ali dəyərin təzahürüdür. Bizim müqəddəs borcumuzdur ki, Heydər Əliyev ideyalarını hər zaman qoruyub saxlayaq, zəngin və qiymətli irsini növbəti nəsillərə ötürək. Bu irs bizim milli sərvətimizdir. Hər bir azərbaycanlının qüruruna, iftixar mənbəyinə çevrilən Heydər Əliyev xalqımızın tarixində və qəlbində daima yaşayacaq. Gələcək nəsillər bu Vətəni, bu dövləti onlara bəxş etmiş, müstəqil, suveren, demokratik, dünya siyasətində yüksək yeri və rolu olan qüdrətli Azərbaycan yaratmış Ulu Öndərini ehtiramla anacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti