...

Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyaların baş katibləri Füzuliyə və Şuşaya səfər ediblər (FOTO)

Siyasət Materials 3 Oktyabr 2022 14:58 (UTC +04:00)
Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyaların baş katibləri Füzuliyə və Şuşaya səfər ediblər (FOTO)

Bakı. Trend:

ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən təlim proqramının iştirakçıları Füzuliyə və Şuşaya səfər ediblər.

Afrikanın 14 ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının Baş katiblərindən ibarət qrup əvvəlcə Füzuli şəhəri ərazisində yerləşən və işğal zamanı dağıntılara məruz qalmış abidələr və şəhər mərkəzi ilə tanış olublar. Eyni zamanda, Füzulinin Merdinli kəndindəki məscidə səfər işğala məruz qalmış ərazilərimizdə mədəni abidələrə qarşı törədilmiş vandalizm aktları barədə ümumi təəsürat yaradıb. Daha sonra mədəniyyət paytaxtımız olan Şuşada Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəyli və Bülbülün büstləri də daxil olmaqla bir sıra tarixi-mədəni abidələrin yerləşdiyi ərazilərə baş çəkiblər.

Şuşada aparılan quruculuq işləri ilə yaxından tanış olan qonaqlar Gövhərağa məscidinin və digər abidələrin tarixi ilə bağlı məlumatlandırılıb, Cıdır düzündən açılan panoramik mənzərəni seyr edərək bu səfəri əks etdirən fotolar çəkiblər. Proqram iştirakçıları 30 il ərzində dağıntıdan əziyyət çəkən şəhərin qısa zamanda yenidən qurulmasını tarixi hadisə kimi qiymətləndiriblər. Onlar şahid olduqları dağıntılarla bağlı Azərbaycan həqiqətlərini təmsil etdikləri regionda geniş şəkildə təbliğ edəcəklərini diqqətə çatdırıblar.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları ziyarətçilərin nəzərinə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilib. Bildirilib ki, təməli Qarabağ xanı Pənahəli xan tərəfindən 1752-ci ildə qoyulan şəhərin 270 illiyi ölkə miqyasında qeyd edilir.

Xatırladaq ki, Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyalarının Baş katibləri İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən həyata keçirilən təlim proqramı çərçivəsində ölkəmizə səfər ediblər. Oktyabrın 8-i başa çatacaq Proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, sözügedən regionda ölkəmiz barədə məlumatlılığın artırılması, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri haqqında yeniliklərin çatdırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti