...

Prezident İlham Əliyev: Laçın şəhərini növbəti ilin sonuna kimi bərpa etməyi planlaşdırırıq

Siyasət Materials 5 Oktyabr 2022 12:01 (UTC +04:00)
Prezident İlham Əliyev: Laçın şəhərini növbəti ilin sonuna kimi bərpa etməyi planlaşdırırıq

Bakı. Trend:

İki ay bundan əvvəl qayıtdığımız Laçın şəhərini növbəti ilin sonuna kimi bərpa etməyi planlaşdırırıq.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Ağdamda Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Beləliklə, biz artıq burada - Ağdamda bir neçə evin tikintisinə başlamışıq. Mən dünən burada idim və 3 kəndin - Xıdırlı, Kəngərli və Sarıcalının təməlqoyma mərasimlərində iştirak etmişdim. Maksimum iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacaqdır. Ağdam şəhərində biz demək olar ki, min yerlik məktəb tikirik. Bu məktəb də ola bilsin bu il, ya da gələn il hazır olacaq. Xəstəxana və bir neçə yaşayış binası tikilir. Bu, sadəcə, Ağdamdır. Eyni işlər Füzulidə, Qubadlıda, Zəngilanda da görülür. İki ay bundan əvvəl qayıtdığımız Laçın şəhərini növbəti ilin sonuna kimi bərpa etməyi planlaşdırırıq. Çünki dediyim kimi, orada qeyri-qanuni məskunlaşma var idi. Heç də bütün binalar sökülməmişdir. Biz artıq bir qrup mütəxəssisi oraya göndərmişik. Beləliklə, biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır. Əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. Canlarını qurban vermiş gənc nəsil, - müharibə zamanı demək olar ki, üç min nəfəri qurban verdik, - və Qələbəmizi qeyd edən minlərlə insan, bu, həqiqətən də müasir Azərbaycandır, bu, yeni Azərbaycandır. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və mən əminəm ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq və söhbət təkcə bizim regiondan getmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti