...

İrəvana verilən tarixi sülh şansı - Prezident İlham Əliyevin beynəlxalq oyunçulara Ağdamdan verdiyi açıq mesaj

Siyasət Materials 6 Oktyabr 2022 10:10 (UTC +04:00)
İrəvana verilən tarixi sülh şansı - Prezident İlham Əliyevin beynəlxalq oyunçulara Ağdamdan verdiyi açıq mesaj
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı Ermənistanın işğal dövründə Qarabağda törətdiyi vəhşiliklərdən, Ağdam və digər şəhərlərimizin xəritədən silinməsi prosesindən, azad olunmuş ərazilərdəki quruculuq işlərindən, beynəlxalq təşkilatların ermənilərin törətdiyi vəhşiliklərə göz yummasından, mina terrorundan, bölgədə yaşayan erməni əhalinin gələcək taleyindən və sülh prosesindən danışıb.

Azərbaycanın Qarabağın bərpası ilə bağlı prinsipial mövqeyi və Ermənistanın əngəl planı

Ölkə başçısı çıxışı zamanı Birinci Qarabağ Müharibəsi zamanı azərbaycanlıların üzləşdiyi humanitar böhrana toxunub.

Sitat: "Millətimiz ciddi humanitar böhrandan əziyyət çəkib. Çünki Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb. Bu, baş verəndə Azərbaycan əhalisi 8 milyondan az idi. Bir milyonun qaçqın və məcburi köçkünə çevrildiyini təsəvvürünüzə gətirə bilərsinizmi?.."

Prezident işğal dövründə bölgədəki məscidlərin dağıdılmasından da danışıb. Ölkə başçısı bildirib ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda mövcud olan 67 məsciddən 65-i tamamilə dağıdılıb.

Sitat: “Ermənilər yalnız şəhərdəki Cümə məscidini tam dağıtmayıblar, çünki ondan müşahidə məntəqəsi kimi istifadə ediblər. Cümə məscidində ermənilər donuz, inək saxlayırdılar. Ağdamda gördüklərinizi Qarabağ regionunun hər bir şəhərində görmək olar”.

Məlumdur ki, Azərbaycan şəhərlərinin xəritədən silinməsi, məscidlərin dağıdılması prosesi birbaşa Ermənistanın həmin dövrdə hakimiyyətdə olan rəhbərliyinin tapşırığı ilə həyata keçirilib. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycan torpaqlarında dövlət səviyyəsində vandalizm aktı törədib. Müharibə bitsə də, hələ də Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir.

Prezident İlham Əliyev çıxışı zamanı Qarabağın ermənilər tərəfindən minalanmasına toxunub və bildirib ki, Ermənistan işğal dövründə bir milyondan çox mina basdırıb.

Sitat: “Azərbaycana və azərbaycanlılara qarşı bu terror siyasəti davam etməkdədir. Azərbaycan minalara görə məcburi köçkünlərin öz evlərinə qayıtması problemi ilə üzləşib. Müharibə bitəndən indiyədək mina partlayışları nəticəsində 250-dən çox azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Təəssüf ki, onların sayı hər həftə artır. Elə ötən həftə 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb”.

Məlumata görə, hazırda işğaldan azad olunmuş ərazilərdə 390 709 tank və piyada əleyhinə mina, eləcə də digər partlayıcı qurğular var. Təxminən 147 988 hektar ərazi yüksək səviyyəli minalanmış, 675 570 hektar isə az səviyyəli minalanmış bölgə hesab olunur. 2022-2026-cı illər üçün planlaşdırılmış birinci mərhələ Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər, Xocavənd, Laçın, Şuşa və Zəngilan rayonlarında 83 yaşayış məntəqəsinin minalardan təmizlənməsini nəzərdə tutur.

Məlumdur ki, minalanmış ərazidə tikinti aparmaq uzun, insanları bölgəyə köçürmək isə riskli prosesdir. Ermənilər də minaları döşəyərkən çoxlu insan itkisini və Qarabağın bərpasının uzadılmasını hədəfləyiblər. Amma Azərbaycan üzərinə düşən tarixi missiyanı yerinə yetirir, minalanmış əraziləri sistemli şəkildə təmizləyir və Ermənistanın dağıtdığı Qarabağı yenidən bərpa edir.

Məsələn, Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, keçmiş məcburi köçkünlər üçün inşa olunacaq yaşayış məhəlləsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinin təməlqoyma mərasimində iştirak edib, İmarət Kompleksində görüləcək işlərlə, həmçinin Bərdə-Ağdam avtomobil yolunda görülən işlərlə tanış olub və Xurşidbanu Natəvanın abidəsinin açılışını edib.

Prezident İlham Əliyev Ağdamda keçirilən Forumda isə bildirib ki, işğaldan azad olunmuş ərazilərdə hazırda magistral yollar və kənd yolları tikilməkdədir.

Sitat: “Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, 12 kilometr uzunluğu olan 84 yeni körpü salınacaq. Bu bizim gördüyümüz işlərin yalnız bir hissəsidir”.

Aydındır ki, müharibə zamanı artilleriya və aviasiya zərbələri nəticəsində şəhərlərin dağıdılması, ziyan vurulması təbii haldır. Amma Birinci Qarabağ Müharibəsi zamanı Azərbaycan şəhərləri artilleriya və aviasiya zərbələri nəticəsində dağıdılmayıb, şəhərlər müharibədən sonra sistemli şəkildə sökülüb. Prezident də çıxışı zamanı bu məqama toxunub.

Ölkə başçısı Ağdam şəhərinin işğal illərində tamamilə dağıdıldığını, tikililərin daşlarının oğurlandığını və satıldığını vurğulayıb.

Sitat: “...Mən çox şadam ki, biz bu forumu burada - vaxtilə Ağdam şəhərinin yerləşdiyi yerdə təşkil etmişik. İndi gördüyünüz kimi, şəhərdən əsər-əlamət qalmayıb. Ağdam Qarabağın ən böyük şəhəri olub. O, Birinci Qarabağ müharibəsi zamanı deyil, işğal illərində dağıdılıb”.

Prezidentin diqqət çəkdiyi bu məqam beynəlxalq təşkilatları və maraqlı dövlətləri də düşündürməlidir. Maraqlıdır ki, heç bəzi beynəlxalq təşkilatlarda və regiona təsir etmək istəyən dövlətlərdə sual yaranırmı ki, Prezident İlham Əliyevin Ağdam səfəri zamanı 1993-cü ilə qədər mövcud olan və insanların yaşadığı Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinin təməlinin yenidən qoyulması hansı zərurətdən irəli gəlir? Əgər hər fürsətdə Azərbaycanı ittiham edən, 28 il ərzində Qarabağla bağlı səsini ucaltmayan, amma ölkəmizlə bağlı xırda bir məsələni qlobal səviyyədə müzakirə etməyə cəhd göstərən bəzi beynəlxalq təşkilatların rəhbərləri, ermənipərəst dövlətlərin prezidentləri, baş nazirləri, XİN rəhbərləri ermənilər tərəfindən yer üzündən silinmiş Ağdam şəhərinin üzərində helikopterlə bir dövrə vursalar, təməlqoymaların hansı səbəbdən baş tutduğunu öz gözləri ilə görmüş olarlar.

Şəhərlərimizin dağıdılmasına susanların sülh prosesinə daxilolma cəhdləri və Prezident İlham Əliyevin sərt mövqeyi

Ermənistan ötən 30 ilə yaxın müddətdə Azərbaycan xalqına qarşı vəhşiliklər törədərkən, bölgəyə mina döşəyərkən, məscidlərimizi və şəhərlərimizi dağıdarkən hüquq və ədalətdən danışan beynəlxalq təşkilatlar nə işlə məşğul idi?

Prezident İlham Əliyev çıxış zamanı bu məsələyə toxunub və beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqeyinə laqeyd yanaşmaşından danışıb. Ölkə başçısı qeyd edib ki, həmin qurumların qətnamələri 30 ilə yaxın kağız üzərində qaldı.

Sitat: “BMT, ATƏT və bu kimi digər mühüm beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasına dair qətnamə, qərar və bəyanatlar qəbul etməsinə baxmayaraq, bütün bunlar 30 ilə yaxın kağız üzərində qaldı. Bu müddət ərzində Ermənistana heç bir sanksiya tətbiq olunmadı. Beynəlxalq ictimaiyyətin Azərbaycanda yaşanan humanitar fəlakətə laqeyd yanaşdığını vurğulayan dövlətimizin başçısı xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri işğal edilmiş ərazilərə dəfələrlə səfər edib, şəhərlərin və kəndlərin kobud şəkildə dağıdılmasının şahidi olublar. Onlar ermənilərin bu ərazilərdə qeyri-qanuni məskunlaşdığını görüb, lakin Ermənistanı qınamayıblar”.

Ötən dövr ərzində münaqişənin həllinə nəzərçarpan töhvə verə bilməyən həmin qurumlar problem güc yolu ilə həll olunduqdan sonra hansı çıxış yolu təklif edə bilər? Təbii ki, heç bir. Çünki münaqişə artıq həll olunub və qalib tərəf var. Şərtləri qalib tərəf olan Azərbaycan diqtə edir. Azərbaycan münaqişə dövründə öhtəlik götürüb, onu uzun illər icra edə bilməyən beynəlxalq qurumların sülh prosesində iştirak etməsini istəmir. Məsələn, Bakı niyə 30 ilə yaxın müddətdə münaqişənin həllində vasitəçi olmaq üçün öhtəliklərini icra edə bilməyən ATƏT-in Minsk qrupu ilə sülh prosesində əməkdaşlıq etməlidir?

Prezident İlham Əliyev də Minsk qrupunun canlandırılması ilə bağlı cəhdlərdən danışarkən deyib ki, onlar öz mandatları çərçivəsində heç nə etmədilər.

Sitat: “İndi isə biz Minsk qrupunun yenidən canlandırılması səylərini görürük. Təbii ki, biz bunu dəstəkləyə bilmərik. Çünki onlar öz mandatları çərçivəsində heç nə etmədilər. Onların etdiyi yeganə şey bir yerə qədər nail olduğu erməni təcavüzünü qanuniləşdirmək və təcavüzkarla təcavüzün qurbanı arasında bir növ balans yaratmaq oldu”.

Aydındır ki, beynəlxalq təşkilatların vəzifəsi balans yaratmaqdan ibarət deyil, ədalətli mövqe ortaya qoyub, təcavüzkara sanksiya tətbiq edib, onu sülhə məcbur etməkdir. Amma Azərbaycan ictimaiyyəti ötən dövrdə Minsk qrupundan münaqişənin həlli ilə bağlı yalnız bu çağırışlarını eşidib:

- Münaqişənin hərbi yolla həlli yoxdur, sülh yolu ilə həll olunmalıdır;

- Münaqişə yalnız Minsk Qrupu çərçivəsində həll olunmalıdır;

Demək olar ki, 30 il ərzində eyni sözləri təkrar etdilər, qısa fasilələrlə regiona səfər edib, nəticəsiz görüşlər keçirib geri döndülər. Minsk qrupunun həmsədrləri bölgəyə o qədər mənasız səfərlər təşkil etmişdilər ki, artıq Azərbaycan xalqının bir növ gülüş obyektinə çevrilmişdilər. Minsk qrupu ötən dövr ərzində haqlı mövqeyimizi müdafiə edə bilmədiyi üçün Azərbaycan xalqı da Prezident İlham Əliyevin həmin təşkilatla bağlı mövqeyini qəti şəkildə dəstəkləyir və qrupun yenidən canlandırılmasında maraqlı deyil. Çünki Azərbaycan göstərdi ki, münaqişənin güc yolu ilə həlli var və Minsk qrupuna heç bir ehtiyac yoxdur.

İrəvana verilən tarixi sülh şansı və Prezidentin beynəlxalq oyunçulara verdiyi açıq mesaj

Ermənistanın hərbi-siyasi rəhbərliyi ölkədə və Qarabağda yaşayan ermənilər arasında sistemli anti-Azərbaycan təbliğatı aparsa da, bölgə əhalisini sülhə hazırlamaqda maraqlı olmasa da, rəsmi Bakı İrəvanın bu qeyri-konstruktiv hərəkətləri qarşısında sülhpərvər mövqeyindən geri çəkilmir, sülh prosesinə sadiqlik nümayiş etdirir. Prezident İlham Əliyev çıxışı zamanı həm Qarabağda yaşayan erməni əhali, həm də Ermənistana sülh təklifi ilə bağlı maraqlı məqamlara toxunub və bəzi beynəlxalq oyunçulara Azərbaycanın bölgənin gələcəyinə dair mövqeyini bir daha bəyan edib.

Ölkə başçısı vurğulayıb ki, Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik.

Qarabağın Azərbaycan torpağı olduğunu bir daha diqqətə çatdıran Prezident deyib: "İkinci Qarabağ müharibəsi bunu sübut etdi. Hətta işğal illərində dünyada Ermənistan da daxil olmaqla heç bir ölkə bu rejimi tanımadı".

Ölkə başçısı bu çıxışı ilə beynəlxalq oyunçulara açıq mesaj verir ki, Qarabağ Azərbaycan ərazisidir və. regiona təsir etmək üçün orada yaşayan erməni əhalidən istifadə etmələrinə imkan verilməyəcək.

Prezident Ermənistanla sülh prosesindən danışarkən Azərbaycanın mövqeyində qəti olduğunu diqqətə çatdırıb.

Sitat: “İnsanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik. Sülh sazişinin beynəlxalq hüququn beş prinsipinə əsaslanmalı olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, bu prinsiplərə ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanıması, gələcəkdə hər hansı ərazi iddialarından uzaq durması, güc tətbiqindən çəkinməsi, sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılması daxildir”.

Prezident Ermənistana sülh mesaji verməklə yanaşı xəbərdarlıq da edib.

Sitat: “Biz düşmənçiliyə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Bizdə sülh prosesi ilə bağlı müəyyən optimist fikirlər var. Çünki bir neçə gün bundan əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə sülh müqaviləsinin mətninin hazırlanması ilə bağlı müzakirələr aparıldı. Ümid edirik ki, bu proses uzun sürməyəcək. Biz 28 il davam edən Qarabağ münaqişəsinə dair danışıqlarda olduğu kimi, Ermənistanın razılaşmadığı məsələlərdə adətən istifadə etdiyi taktikaya yaxşı bələdik. Əgər bu, yenə davam edərsə, biz sülh əldə edə bilməyəcəyik. Əgər Ermənistanın seçimi belə olacaqsa, onlar növbəti ciddi səhv addım atmış olacaqlar. Onlar bizi düzgün qiymətləndirmədilər, onlar bizim iradəmizi, Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını düzgün qiymətləndirmədilər və buna görə cavab verməli oldular”.

Görünən odur ki, rəsmi Bakı sülhpərvər mövqeyindən geri çəkilməyəcək və həm bölgənin bərpası, həm də bölgədə iki xalqın birgəyaşayışının təmin edilməsi istiqamətində həyata keçirdiyi siyasəti davam etdirəcək. Azərbaycan ermənilərin xalqımıza etdiyi zülmlərə, beynəlxalq təşkilatların bu vəhşiliklərə laqeyd yanaşmasına baxmayaraq, yenə də humanist mövqe ortaya qoyur və Ermənistana sülh təklif edir. Azərbaycan daha 28 il sülh danışığı aparmaq fikrində deyil. Bu səbəbdən, rəsmi İrəvan Bakının sülh çağırışlarını gözardı etməməli, Azərbaycanın sülhpərvər mövqeyindən müsbət mənada səmərələnib, Cənubi Qafqazda hədəflənən uzunmüddətli sülhün bərqərar olması üçün səy göstərməlidir, ona verilən tarixi şansdan maksimum dərəcədə yararlanmalıdır.

Xəbər lenti

Xəbər lenti