...

Ermənistanın növbəti hərbi təxribata hazırlaşması sülh prosesinə ciddi zərbədir - Sahil Kərimli (FOTO/VİDEO)

Siyasət Materials 18 Oktyabr 2022 09:46 (UTC +04:00)
Ermənistanın növbəti hərbi təxribata hazırlaşması sülh prosesinə ciddi zərbədir - Sahil Kərimli (FOTO/VİDEO)

Bakı. Trend:

Ermənistan Azərbaycanın Daşkəsən rayonu ilə sərhəddə xeyli sayda canlı qüvvə və ağır texnika cəmləşdirməklə yenidən genişmiqyaslı hərbi təxribat törətməyə hazırlaşır. Bu, sülh prosesinə ciddi zərbədir. Ermənistanın hərbi-siyasi rəhbərliyi bilməlidir ki, əgər hər hansı təcavüzkar addım atılarsa, bu onlara əvvəlkilərdən də qat-qat ağır itki hesabına başa gələcək.

Bunu Yeni TV-yə müsahibəsində Trend BİA-nın baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib.

O əlavə edib ki, Ermənistan son hərəkətləri ilə bölgədə yeni müharibə ocağı yaratmaq, bununla da regional sülhə və təhlükəsizliyə ciddi zərbə vurmaq niyyətindədir. “Görünür, rəsmi İrəvan Fransa prezidenti Emmanuel Makronun son məsuliyyətsiz bəyanatlarından ruhlanıb və nəyəsə nail olmağa çalışır. Ermənistan rəhbərliyi unudur ki, hərbi təxribat olacağı təqdirdə müzəffər Azərbaycan Ordusunun cavabı daha öldürücü və sərt olacaq. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanı haqq işindən heç bir qüvvə döndərə bilməz, heç bir zəng, xahiş, təzyiq qəhrəman ordumuzu dayandırmağa qadir deyil. Paşinyan hakimiyyəti bu reallığı yaxşı dəyərləndirməli, düzgün hesablamalıdır. Əks halda uduzan həmişəki kimi yenə Ermənistan olacaq”.

Siyasi şərhçi daha sonra vurğulayıb ki, hazırda Ermənistanın Azərbaycanla sərhəddə yaratdığı gərginlik hər an alovlana bilər və belə olduğu halda bütün məsuliyyət İrəvanın üzərində qalacaq: “Ermənistan bir tərəfdən Azərbaycanın irəli sürdüyü 5 bənddən ibarət təklifləri qəbul etdiyini, sülh müqaviləsinin imzalanmasına razı olduğunu bəyan edir. Digər tərəfdən isə sərhədə qoşun yığır, yeni təxribata hazırlaşır. Bunu necə başa düşmək olar? Əlbəttə ki, bu, Ermənistanın növbəti riyakarlığıdır. Yaxşı olar ki, Nikol Paşinyan hansısa ölkələrə, himayədarlara güvənib Ermənistanı daha da ağır duruma salmasın. Çünki çətin durumda onları heç bir qüvvə xilas edə bilməyəcək”.

S.Kərimli onu da bildirib ki, Azərbaycan dövləti 2020-ci ilin noyabrından bəri uzunmüddətli sülhə nail olmaq üçün bütün imkanlardan istifadə edib və gec-tez qarşıya qoyulan hədəfə çatılacaq: “Ermənistanı sülhə məcbur etmək üçün ikiillik yol keçilib. Müzəffər Ali Baş Komandan İlham Əliyev həm siyasi, həm də hərbi müstəvidə qətiyyətli mövqe ortaya qoyub. Azərbaycan Cənubi Qafqazda daimi sülhün bərqərar edilməsi üçün var gücü ilə çalışır. Burada əsas məqsəd təkcə Azərbaycanda deyil, ümumilikdə regionda yerləşən bütün ölkələrdə əmin-amanlığı təmin etmək, hətərəfli yüksəlişə və inkişafa şərait yaratmaqdır. Təəssüf ki, regionda bu hədəflərə doğru yeganə maneə Ermənistandır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti