...

Prezident İlham Əliyevin çıxışı TDT-nin yaxın gələcək üçün yol xəritəsi kimi dəyərləndirilə bilər - Vüqar İskəndərov

Siyasət Materials 14 Noyabr 2022 10:40 (UTC +04:00)
Prezident İlham Əliyevin çıxışı TDT-nin yaxın gələcək üçün yol xəritəsi kimi dəyərləndirilə bilər - Vüqar İskəndərov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hər zaman türk dünyasının birliyi, dərin inteqrasiyası üçün çalışan Azərbaycan eyni prinsipiallığı bu gün də sərgiləyir. Cənab Prezident İlham Əliyevin noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışı bunu bir daha təsdiq edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Səmərqənddəki çıxışında səsləndirdiyi fikirlər, əslində, TDT-nin yaxın gələcək üçün yol xəritəsi kimi dəyərləndirilə bilər.

“Çünki cənab Prezident dedi ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Dövlət başçısı bildirdi ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb. Hesab edirəm ki, cənab Prezident çıxışında “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları daim təşkilatın gündəliyində olmalıdır. Bu istiqamətdə lazımi addımlar atılmalıdır. Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir. Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”, deməklə türk dünyasının yol xəritəsinin əsas konturlarını göstərmiş oldu”, - deyə deputat bildirib.

V.İskəndərov qeyd edib ki, ümumilikdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir:

“Təsadüfi deyil ki, bu təşkilatın əsası da məhz Azərbaycanda, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə qoyulub. Cənab Prezident İlham Əliyevin noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündəki çıxışında da bəyan etdiyi kimi həmin ildən başlayaraq təşkilat böyük inkişaf yolu keçib. Vurğulandığı kimi Azərbaycan həmişə 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən türk dünyasının sıx birləşməsinə çalışıb. Təbii ki, bu işlərin mərkəzində dayanan ən mühüm amillərdən biri də cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliliyi, prinsipiallığı və hər zaman birliklə bağlı türk dövlətlərinə çağırışı olub”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti