...

Paris açıq şəkildə İrəvanla "xristian həmrəyliyi"ni nümayiş etdirir - Rufiz Hafizoğlu

Siyasət Materials 17 Noyabr 2022 12:31 (UTC +04:00)
Paris açıq şəkildə İrəvanla "xristian həmrəyliyi"ni nümayiş etdirir - Rufiz Hafizoğlu

Rufiz Hafizoğlu

Bakı. Trend:

Ermənilərin əksəriyyətinin, dünya ermənilərinin fikrincə “böyük Ermənistan”ın tərkib hissəsi olan Fransa Azərbaycana qarşı qətnamə qəbul edib. Erməni arağından sərxoş olmuş fransız parlamentarilərindən başqa heç nə gözləməyə dəyməz.

Bu qətnamə heç bir hüquqi qüvvəsi olmayan kağız parçasından başqa bir şey deyil. Şübhəsiz ki, bu qətnamə fransız parlamentarilərinin erməni diasporunun marionetləri olduğunu və sənədin “kollektiv Qərb”i nəzərə alaraq qəbul edildiyini göstərir. “Demokratiyanın beşiyi"ndə hesab edirlər ki, bununla başqa ölkələrə “nümunə göstərmiş” olurlar. Lakin nəzərə alınmır ki, “kollektiv Qərb” anlayışı artıq çoxdan mövcud deyil, Paris Avropanın autsayderidir və bu prosesi Fransa rəsmilərinin elə özləri sürətləndirir.

Qeyd edək ki, bu qətnamə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını ifadə etməklə yanaşı, həm də öhdəliklərə, xüsusən də Azərbaycan və Fransa arasında “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq müqaviləsi”nin (1993) 2-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş öhdəliklərə tamamilə ziddir. Ümumiyyətlə, Fransanın heç vaxt hər hansı bir öhdəliyi olmayıb, bu, Azərbaycan ərazilərinin 30 illik işğalı zamanı müşahidə olunub. Faktiki olaraq, ATƏT-in Minsk qrupunun üzvü olan Fransa sadəcə olaraq keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərirmiş kimi davranırdı. Amma Azərbaycan bu münaqişəni təkbaşına həll edən kimi Paris qəfildən öz “öhdəliklərini”, amma yalnız İrəvan qarşısındakı öhdəlikərini xatırladı və noyabrın 15-də Azərbaycana qarşı qərəzli qətnamə qəbul etdi.

Milli Məclis Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnanmə ilə bağlı ölkə hökumətinə bir sıra tədbirlərin görülməsi ilə bağlı çağırış edib:

- Fransa hökuməti tərəfindən birtərəflik təminatı verilməyənə qədər onun Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədər təşəbbüs və fəaliyyətlərdə iştirakına cəlb edilməsinə imkan verilməməsi, bu məsələlərlə bağlı Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması;

- Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik, siyasi, insanlıq əleyhinə cinayətlərinin və hərbi cinayətlərinin beynəlxalq təşkilat çərçivəsində qaldırılması;

- İƏT çərçivəsində Fransanın islamofobiya siyasəti məsələsinin gündəliyə çıxarılması;

- Türk dövlətləri təşkilatları çərçivəsində Fransanın islamofobiya siyasətinin gündəliyə çıxarılması.

Mahiyyət etibarilə, Fransa tarixində heç bir münaqişənin həlli praktikası yoxdur, yalnız Ruanda və Əlcəzairdə soyqırımlar olub. Tarixi soyqırımlar və müharibə cinayətləri ilə bağlı faktlarla dolu olan Fransa həm də “söz azadlığı” adı altında islamofobiyanı fəal şəkildə təbliğ edib. Azərbaycana qarşı qəbul edilən qətnamə qondarma “xristian həmrəyliyi”ndən başqa bir şey deyil və Paris bu cür hərəkətləri ilə Fransanın artıq dünyəvi dövlət olmadığını, dərin orta əsrlərdə qalmış bir ölkə olduğunu bütün dünyaya nümayiş etdirir.

Rufiz Hafizoğlu

Trend BİA baş direktorunun müavini

Məqalədə:
Xəbər lenti

Xəbər lenti