...

Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərə böyük təkan verəcək - Corc Dik (ÖZƏL)

Siyasət Materials 19 Noyabr 2022 12:31 (UTC +04:00)
Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərə böyük təkan verəcək - Corc Dik (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərə böyük təkan verəcək.

Bunu şənbə günü Trend-ə müsahibəsində İsrailin Azərbacandakı səfiri Corc Dik deyib.

"Qeyd etmək lazımdır ki, bu qərar əsasən Azərbaycan rəhbərliyinin qətiyyətinin və hər iki tərəfin dostluğunun möhkəmləndirilməsi işinə sadiqliyinin nəticəsidir", - səfir deyib.

C.Dik bildirib ki, Azərbaycan İsraillə tərəfdaşlıq səviyyəsinin yüksəldilməsi üçün böyük addım atıb.

"İsraildə səfirlik açılması barədə tarixi qərar çox böyük rəmzi xarakter daşıyır: bu, dünyaya iki ölkə arasında qürur mənbəyi olan xüsusi dostluğun inkişaf etməsi və çiçəklənməsini hədəflədiyimiz barədə ismarıcdır. Səfirliyin açılması dövlət sektorundan ictimai, işgüzar və mədəniyyət sektorunadək münasibətlərimizi genişləndirməyə imkan verəcək", - deyə o bildirib.

Səfir hesab edir ki, bu addım həm də turizm, ticarət və mədəniyyət sahələrində praktiki əhəmiyyət daşıyır.

"Artıq Azərbaycanın İsraildə diplomatik nümayəndəliyi olacaq, bu isə İsraildə birbaşa görüşlər və danışıqlar keçirməyə imkan verəcək. Azərbaycanlı rəsmi şəxslər İsrailin texnologiya, innovasiya və kənd təsərrüfatı şirkətlərinin nümayəndələri ilə görüşlər keçirsələr, həmin şirkətlərin azərbaycanlı tərəfdaşlarla əlaqələrini təmin etsələr, nümayəndə heyətlərinin səfərlərini təşkil etsələr və ticarətin çiçəklənməsinə xidmət etsələr, iki ölkənin nələr əldə edə biləcəyini təsəvvür edin. Azərbaycan mədəniyyəti də öz növbəsində müntəzəm olaraq İsrail ictimaiyyətinə təqdim olunacaq və mədəni əlaqələrimiz möhkəmlənəcək. Turizm də, əlbəttə ki, bundan qazanclı çıxacaq, biz artıq hər il turist axınının artmasını görürük. Texnologiyalar və kənd təsərrüfatı ilə yanaşı, mən həm də səhiyyə, bərpa olunan enerji və "ağıllı" şəhərlər sektorunda potensial görürəm", - deyə səfir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti