...

Böyük Qayıdışa dair I Dövlət Proqramı azad edilmiş ərazilərin bərpasını sürətləndirəcək

Siyasət Materials 19 Noyabr 2022 17:59 (UTC +04:00)
Böyük Qayıdışa dair I Dövlət Proqramı azad edilmiş ərazilərin bərpasını sürətləndirəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəddir. Həmin soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqları anı çox səbrsizliklə gözləyirdilər və bu proqramın təsdiq olması onlar üçün çox böyük sevinc bəxş etmiş oldu.

Məsələ ilə bağlı Trend-in sualını cavalandıran Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Proqramın təsdiq edilməsi xalqına 30 illik həsrətdənm sonra qələbə sevincini yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, Qarabağ və Şərqi Zəngəzurun cənnətə çevirməklə bağlı sözlərin əməli təzahürüdür.

“Bu proqramın təsdiq edilməsi çox böyük əhəmiyyətə malik bir hadisədir. 30 illik işğal dövründə ərazilərimiz ermənilər tərəfindən böyük talançılıq, dağıntılara məruz qalıb. İşğal dövründə Azərbaycanın şəhərləri, qəsəbələri, kəndləri və digər yaşayış məntəqələrini, o cümlədən infrastrukturu tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan edilib, iqtisadiyyatımıza əhəmiyyətli dərəcədə zərər vurulub, bir milyondan artıq soydaşımız öz dogma yurdlarından didərgin düşüb.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi və bu zəfərdən dərhal sonra həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlanıldı. İlk növbədə təbii ki, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə start verildi və bu gün həmin məsələlər davam edir. Bununla yanaşı həmin ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun yaradılması, nəqliyyat-kommunikasiya xətlərinin qurulması, xüsusilə də Zəngəzur dəhlizinin açılması istiqamətində layihələr icra edilib və hazırda da bu istiqamətdə işlər davam edir. Təbii ki, hədəf Azərbaycanın bu ərazilərini çiçəklənən diyara çevirməkdir”, - deyə deputat bildirib.

O qeyd edib ki, azad edilmiş ərazilərimizə böyük qayıdışın təmin edilməsi ölkəmizin 2032-ci ilə qədər 5 milli prioritetlərdən biri kimi müəyyən olunub və uğurla həyata keçirilməkdədir.

“Bu milli prioritetlər əsasında tərtib olunmuş Azərbaycan Respublikasının 2022-2026-cı illərdə Sosial-iqtisadi inkişaf Strategiyası qarşıya qoyulan məqsədlərə çatmağa kömək edəcək mühüm yol xəritəsidir. Böyük Qayıdışa dair I Dövlət Proqramında qlobal trendlər, ərazilərin bərpası və yenidənqurulması üzrə mövcud vəziyyət, hədəf, göstəricilər, Dövlət Proqramının məqsədləri, prioritet istiqamətləri, maliyyələşmə mənbələri, monitorinq və icrasının qiymətləndirilməsi, tədbirlər planı və digər mühüm məsələlər yer alıb. Bu proqram 30 ildir doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın layiqli şəkildə geri dönməsinin təmin edilməsi istiqamətində çox mühüm sənəddir”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə Trend-ə deyib ki, tarixi zəfərimizdən sonra milli-strateji vəzifə kimi qarşımızda duran ən mühüm məsələlərdən bir xalqımızın üzün illərdir gözlədiyi Böyük Qaydıdışın reallaşdırılmasıdır. Özlüyündə bu, çətin, mürəkkəb, eyni zamanda, müqəddəs bir vəzifədir.

O qeyd edib ki, artıq iki ildir ki, bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol-kommunikasiya,enerji və infrasturktur layihələri həyata keçirilib və keçirilməkdir.

“Ancaq bunun dövlət proqramı çərçivəsində həyata keçirilməsi zərurəti var idi ki, Azərbaycan Prezidenti məhz bu zərurəti nəzərə alaraq “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci Dövlət Proqramı haqqında" sərəncam imzaladı.

Sərəncamda Böyük Qayıdış 5 milli prioritetimizdən biri kimi səciyyəndirilərək mərhələli şəkildə proqramın icrası ilə bağlı konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur. Proqram üzrə icraçılar müəyyənləşdirilərək konkret vəzifələr nəzərdə turulur, eyni zamanda, görülən işlərlə bağlı qiymətləndirmə aparacaq qurum müəyyənləşdirilir.

Bu tədbirlər konkret vaxt və qrafik əsasında aparılaçağı üçün keçmiş məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti