...

Fransa və İran hakimiyyətlərinin oxşar siyasəti və Prezident İlham Əliyevin diqqətçəkən müqayisəsi

Siyasət Materials 26 Noyabr 2022 15:48 (UTC +04:00)
Fransa və İran hakimiyyətlərinin oxşar siyasəti və Prezident İlham Əliyevin diqqətçəkən müqayisəsi
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Cənubi Azərbaycandakı soydaşlarımızın problemlərindən və Tehranın Bakıya qarşı apardığı aqressiv siyasətdən danışıb.

Ölkə başçısı rəsmi Tehranın o tayda yaşayan soydaşlarımızın Azərbaycan dilində təhsil almaq hüququnu əlindən almasına toxunub. Prezident İlham Əliyev İran hakimiyyətinə Azərbaycandakı təhsil sistemini misal çəkib.

Sitat: “Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq”.

Prezident İlham Əliyevin cənubi azərbaycanlılarla bağlı məsələyə yanaşması, hər çıxışında mövzuya toxunması göstərir ki, onların təhsil problemi, hüquq və azadlıqları barədə müzakirələr Bakının daimi siyasi gündəliyinə daxil edilib.

Ölkə başçısı cənubi azərbaycanlıların sıxışdırılması fonunda Tehranın Bakıya qarşı yürütdüyü aqressiv siyasətdən də danışıb. Prezident İlham Əliyev bildirib ki, hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik.

Sitat: “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

Ölkə başçısı gərginliyin Tehranın hazırki hakimiyyəti tərəfindən alovlandırıldığına işarə edərək, İranın keçmiş prezidentlərinin Azərbaycanla münasibətlərə necə həssas yanaşmasına toxunub.

Sitat: “Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”.

Ölkə başçısı buna oxşar fikirləri oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Fransanın keçmiş liderlərinin və hazırki prezidenti Emmanuel Makronun Bakıya qarşı yürütdüyü siyasətlə bağlı müqayisə apararkən də söyləmişdi.

Sitat: “...Beləliklə, təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, - mənim isə Prezident Şirakla da, Prezident Sarkozi ilə də, Prezident Ollandla da kifayət qədər sıx ünsiyyət qurmaq imkanım var idi və münasibətlər kifayət qədər ölçülüb-biçilmiş, kifayət qədər mehriban idi və Fransada müəyyən erməni diasporu amilinə baxmayaraq, biz həmişə Fransanın əvvəlki prezidentlərinin fəaliyyətini, balanslaşdırılmış qəbul edirdik, - mahiyyət etibarilə bütün bunların üstündən xətt çəkdi. Buna görə də istərdim ki, həmkarlarımı bu vəziyyət barədə məlumatlandırım...”

Göründüyü kimi, Azərbaycan həm İranın, həm də Fransanın keçmiş hakimiyyətləri ilə yüksək səviyyəli münasibətlərə sahib olub. Bu bir daha onu göstərir ki, Bakı heç vaxt ikitərəfli əlaqələrin pozulmasında maraqlı olmayıb.

Hazırda isə Azərbaycan İran və Fransanın mövcud hakimiyyətlərinin Bakıya qarşı dəyişən siyasi ritorikasına adekvat davranışlar sərgiləyir. Yəni Tehran və Paris əvvəlki hakimiyyətlərin dövründə Azərbaycanın maraqları ilə hesablaşdığı üçün Bakıdan belə siyasi ritorika görməmişdi. Yeni hakimiyyətlər isə aqressiv siyasət yürütdüyü üçün eyni cavabı alırlar.

Ehtimal etmək olar ki, Paris və Tehran Bakının belə adekvat və sərras cavablar verəcəyini, adıçəkilən ölkələrin rəsmilərinin fakt qarşısında qoyulacağını gözləmirdi. Amma əksi oldu. Görünür, İran və Fransa rəsmiləri Cənubi Qafqaza, xüsusilə Azərbaycana baxışlarını dəyişməlidirlər. Çünki 44 günlük müharibə həm Cənubi Qafqazla, həm də Azərbaycanla bağlı reallıqlar dəyişib. İndi Azərbaycan ona qarşı qəbul olunan qətnamələrə də, hədə-qorxulara da, hərbi təhdidlərə də eyni dillə cavab verir.

Proseslər göstərir ki, İranda Rəisi, Fransada isə Makron hakimiyyəti davam etdiyi müddətcə Azərbaycanla münasibətlər əvvəlki tempinə qayıtmayacaq. Çünki ziddiyyətlər pik həddədir. Bu səbəbdən, əgər həmin ölkələrin hakimiyyətləri münasibətlərin normallaşmasını istəyirlərsə, Azərbaycana qarşı aqressiv davranışlardan, siyasi təzyiqlərdən əl çəkməlidirlər.

Prezident İlham Əliyevin də çıxışlarından anlaşılır ki, əks təqdirdə bu gərginlik uzunmüddətli olacaq. Uzunmüddətli gərginlik isə yalnız adıçəkilən dövlətlərin iqtidadi və siyasi maraqlarına ziyan vuracaq, ümumilikdə qarşılıqlı etibarı zədələyəcək.

Xəbər lenti

Xəbər lenti