...

Səbinə Əliyevanın Ombudsman kimi fəaliyyətindən 3 il ötür (FOTO)

Siyasət Materials 29 Noyabr 2022 10:00 (UTC +04:00)
Səbinə Əliyevanın Ombudsman kimi fəaliyyətindən 3 il ötür (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ombudsman seçilməsindən 3 il ötür.

Trend-in məlumatına görə, 28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilib, 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalanıb və beləliklədə təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradılıb.

2002-ci il oktyabrın 28-də isə faktiki olaraq Ombudsman Aparatı fəaliyyətə başlayıb.

Səbinə Əliyeva Ölkə Prezidentinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən 104 səs çoxluğu ilə 29 noyabr 2019-cu iltarixdə Ombudsman seçilib.

Səbinə Əliyevanın rəhbərliyi altında Ombudsman təsisatı tərəfindən son illər ərzində insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm işlər həyata keçirilib, Ombudsman Aparatında kifayət qədər böyük yeniliklər baş verib, beynəlxalq təşkilatların tövsiyələri və xarici ölkə ombudsmanlarının təcrübələri nəzərə alınmaqla yeni struktur islahatları həyata keçirilib.

Səbinə Əliyeva Ombudsman kimi fəaliyyətə başladığı ilk gündən etibarən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində soydaşlarımızın kütləvi şəkildə pozulmuş hüquqlarının müdafiəsi, işğal nəticəsində ölkəmizin tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinə çatdırılması, pozulmuş insan hüquq və azadlıqlarının bərpası işi priroitet kimi müəyyənləşdirilib.

Bu gün Ombudsman Aparatı dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpası məsələsini nəzarətə götürür, lazımi tədbirlərin görülməsi üçün addımlar atır.

Azərbaycan Ombudsmanı ölkəmizin haqq səsini, qaçqınların və keçmiş məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasını, azərbaycanlılara qarşı törədilmiş müharibə cinayətlərinin təqsirkarlarının cəzalandırılması məsələlərini daim beynəlxalq təşkilatların nümayəndələri, xarici dövlətlərin rəsmi şəxsləri ilə görüşlərdə, beynəlxalq tədbirlərdə qaldırır və bu istiqamətdə davamlı fəaliyyət həyata keçirir.

Eyni zamanda Ombudsman Aparatı vətəndaşlardan daxil olan şikayətlərin araşdırılmasında və mövcud həll yollarının tapılmasında operativ şəkildə çalışır. Əhalinin müxtəlif kateqoriyasına aid insanların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir.

Ombudsman Səbinə Əliyeva, Ombudsman Aparatının əməkdaşları Azərbaycanda mövcud olan cəzaçəkmə müsissələrinə, istintaq təcridxanalarına mütəmadi olaraq başçəkmə həyata keçirir. Həmin müəssisələrdəki şəxslərlə rəftar məsələləri, saxlanılma şəraiti, qidalanma, tibbi yardım, telefon danışığı, görüş və digər hüquqların təmin olunması vəziyyəti yerində araşdırılır, hüquq və azadlıqlarının təmini, saxlanma şəraiti ilə bağlı müvafiq tövsiyələr verilir.

44 günlük Vətən müharibəsi dövründə Ombudsman Səbinə Əliyevanın rəhbərliyi altında Ombudsman aparatı fasiləsiz olaraq öz fəaliyyətini davam etdirib, Ermənistanın mülki əhaliyə münasibətdə törətmiş olduğu müharibə cinayətlərinin yerində araşdırılması məqsədilə hadisə yerlərinə səfərlər edib.

Belə ki, Səbinə Əliyevanın rəhbərliyi altında Ombudsman təsisatı 44 günlük Vətən müharibəsi və eləcə də post-müharibə dövründə Ermənistanın hərbi təcavüzünü və mülki obyektləri hədəfə alan, sülh və insanlıq əleyhinə, habelə müharibə və terrorçuluq cinayətlərini ifşa edən geniş fəaliyyət, o cümlədən faktaraşdırıcı missiyalar həyata keçirib, ardıcıl olaraq hesabatlar, bəyanat və müraciətlər hazırlayaraq yerli və beynəlxalq təşkilatlara, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərib, dünya ictimaiyyətinə video-müraciətlər hazırlayıb, yerli və xarici media qurumlarında məlumatlar təqdim edib.

Ümumilikdə, 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşlərindən başlayaraq, bu günədək Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, müxtəlif insan hüquq pozuntuları və bununla bağlı Ombudsmanın müharibə və postmüharibə dövründə həyata keçirdiyi fəaliyyətə dair 16 hesabat, 29 bəyanat, 7-si videomüraciət olmaqla, 29 müraciət, 200-dən çox mətbuat açıqlama, habelə 3 videoçarx hazırlanaraq, beynəlxalq ictimaiyyətə və aidiyyəti ünvanlara göndərilib, Ombudsman Aparatının rəsmi internet səhifəsi və sosial media səhifələrində yayımlanıb.

Aparılan struktur islahatlarından sonra Ombudsman Aparatının yenidən təşkil olunan mətbuat xidməti Aparatının fəaliyyətinin yerli və xarici mediada işıqlandırılması, sosial şəbəkələrdə işin təşkili, Ombudsman Aparatının rəsmi internet səhifəsinin modernləşdirilərək daha operativ idarə olunması və digər istiqamətlərdə fəaliyyət göstərir.

Ombudsman Səbinə Əliyevanın təşəbbüsü ilə müxtəlif beynəlxalq qurumlar və milli insan hüquqları təsisatları Ermənistanın həyata keçirdiyi işğalçılıq siyasəti və törətdiyi müharibə cinayətlərinin nəticələri ilə yerində tanış olaraq araşdırmalar aparmaq məqsədilə ölkəmizə dəvət olunub. Bu dəvətlər əsasında müharibə dövründə İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının prezidenti - Türkiyənin Baş Ombudsmanının, müharibədən sonrakı dövrdə isə Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədrinin, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin, Bolqarıstan Respublikasının Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyası sədrinin rəhbərlik etdiyi nümayəndə heyətləri ölkəmizdə səfərdə olaraq müstəqil təsisat qismində yerində araşdırmalar həyata keçiriblər.

Ombudsman Səbinə Əliyeva İkinci Qarabağ müharibəsində əsir düşmüş şəxslərlə bağlı məsələni də beynəlxalq təşkilatlar qarşısında qaldırıb. Ermənistan Silahlı Qüvvələri tərəfindən hərbi əsirlərə, xüsusilədə yaralılara və həlak olmuş şəxslərə münasibətdə törətdilmiş barbarlıq aktları faktlar əsasında diqqətə çatdırılıb.

Ombudsman Vətən müharibəsi zamanı yaralanmış hərbçilərimizə baş çəkib, Azərbaycana qaytarılmış hərbi əsir və girovlarla görüşüb və onların vəziyyətləri ilə maraqlanıb. Bu görüşlər şəhid ailələri, qazilərlə də mütəmadi aparılır, onların qayğıları ilə maraqlanılır, qaldırılan məsələlər nəzarətə götürülür.

Vətən müharibəsindəki tarixi qələbədən sonra post-münaqişə dövründə də Ombudsman Səbinə Əliyeva müsahibələrində, mətbuata açıqlamalarında növbəti dəfə Ermənistanın müharibə cinayətlərinə və xüsusilə də mina terroruna xüsusi diqqət çəkib.

Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransı növbəti əlamətdar hadisə oldu.

Beynəlxalq konfransda Türkiyə, Pakistan, Mərakeş, İndoneziya, Moldova, Yaponiya, Honq Konq, Şimali Kipr, Qırğızıstan, İran, Özbəkistan, Qazaxısan, Macarıstan, Çin və Koreyanın ombudsman və milli insan hüquqları təsisatlarının rəhbərləri və əməkdaşları, habelə beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak etdilər. Bakı Beynəlxalq Konfransının iştirakçılarının daha sonra Ağdama səfəri təşkil olundu və Ağdamda beynəlxalq konfransın iştirakçıları Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin nəticələri ilə yerində tanış oldular.

Bu sadalananlar Səbinə Əliyevanın Ombudsman kimi fəaliyyətinin kiçik bir hissəsini əhatə edir. Bu gün Səbinə Əliyevanın rəhbərliyi ilə Ombudsman aparatı istər ölkə daxilində, istərsədə xaricdə Azərbaycanla bağlı baş verən proseslərə xüsusi diqqət ayrırır. Vətən müharibəsindən sonra isə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına xüsusi önəm verilir.

Ombudsman tərəfindən şəhid ailələrinin, müharibə veteranlarının, qaçqın, məcburi köçkün və miqrantların, əlilliyi olan şəxslərin, qadınların, uşaqların, ahılların, hərbi qulluqçuların, həbsdə saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi məsələləri daim xüsusi diqqətdə saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti