...

Azərbaycan iqtisadi islahatlarla bağlı böyük işlər həyata keçirir

Siyasət Materials 1 Mart 2024 10:40 (UTC +04:00)

Bakı. Trend:

Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Almaniyanın aparıcı şirkət rəhbərlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün böyük potensialın mövcud olduğunu göstərir və hər iki ölkə bu potensialdan səmərəli şəkildə istifadə etməkdə maraqlıdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm töhfələr verir.

Ölkə başçısı cənab İlham Əliyevin alman iş adamları ilə ötən il Berlində, cari ildə isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini vurğulamaq lazımdır. Qeyd etmək lazımdır ki, 2023-cü ildə Azərbaycanla Almaniya dövlətləri arasında ticarət dövriyyəsi həcminin 45,4% artması iqtisadi əlaqələrin dinamikası barədə çox aydın təsəvvür yaradır: 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1,8 milyard dollara çatıb. Bu rəqəm kifayət qədər ciddi göstəricidir. Ölkələrimizin iqtisadi tərəfdaşlığının miqyasını nümayiş etdirir, eyni zamanda, əlaqələrin hər tərəfli genişləndirilməsi üçün imkanların geniş olduğunu söyləməyə əsas verir.

Görüş zamanı “Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən cənab İlham Əliyev vurğulayıb ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib” fikirlərini səsləndirməsi və Azərbaycanın Ermənistana hücum etməyi planlaşdırır fikri cənab Makronun insinuasiyalarıdır bildirməsi həqiqəti tam əks etdirmişdir.

Eyni zamanda Prezident İlham Əliyev qeyd etmişdir ki, “Azərbaycan sülh prosesinə sadiqdir. Məhz biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə niyə bunların hamısını hazırlamışıq”. Azərbaycanın mövqeyi hər kəsə bəllidir. Cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizin haqlı mövqeyi yüksək tribunalardan səsləndirilir. Azərbaycan regionda dayanıqlı və əbədi sülhü dəstəkləyir. Cinayətkar, təxribatçı və ikiüzlü xislətinə baxmayaraq Azərbaycan Ermənistana bu gün də sülh əlini uzadır.

Azərbaycanda çox sayda alman şirkətinin fəaliyyət göstərdiyini və enerji sahəsində alman şirkətləri ilə əməkdaşlıq üçün çox yaxşı imkanların olduğunu vurğulamaq lazımdır. Almaniya bərpa olunan enerji mənbələrinin inkişafında və tətbiqində dünya miqyasında aparıcı ölkələrindəndir. Azərbaycan da bu sahənin inkişafına xüsusi önəm verir. 2030-cu ilə kimi ölkəmiz beş min meqavata yaxın bərpa olunan enerji növlərinin yaradılmasını qarşısına qoymuşdur. Bu baxımdan Almaniya və Azərbaycan arasında xüsusilə "yaşıl enerji" sahəsində müzakirələrin gündəliyinin zəngin olduğunu qeyd etmək lazımdır. Azərbaycan və Almaniya ölkələri arasında yüksək səviyyəli iqtisadi-siyasi əlaqələr bütün digər istiqamətlərdə uğurlu nəticələr əldə etmək üçün yaxşı zəmin yaradır.

Milli Məclisin deputatı,
Rauf Əliyev

Xəbər lenti

Xəbər lenti