Bakı. Trend:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Respublikasının Ankara şəhərində Türk Dünyası Mediatorlar Birliyinin (TDAB) Beynəlxalq Şurasının ilk iclasında iştirak edib.
Bu barədə Trend-ə Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxışı zamanı Ombudsman insan hüquqları ilə bağlı mübahisələrdə tərəflər arasında qarşılıqlı hörmət və güzəşt mühitinin yaradılmasında mediasiya prosesinin əhəmiyyətini vurğulayıb.
Müvəkkil mediasiya prosesinin tərəflər arasında birbaşa dialoq və anlaşma əsasında razılığın əldə edilməsinə şərait yaratmaqla yanaşı, cəmiyyətdə sülhün və ədalətin bərqərar olmasında da mühüm rol oynadığını qeyd edib.
Səbinə Əliyeva Ombudsman Aparatına ünvanlanmış müraciətlərdə mediasiya prosesindən fəal istifadə edildiyini bildirib, bu prosesdə tərəflər arasında birbaşa dialoqun təmin edilməsinə və barışığın təşviqinə önəm verildiyini qeyd edib. Müvəkkil pozulmuş insan hüquqlarının bərpası istiqamətində hüquqi çərçivədə aparılan işlərlə yanaşı, dövlət orqanlarının mənəvi dəyərləri təbliğ edərək, cəmiyyətdə yarana biləcək problemlərə qarşı daim əlaqəli xidmət göstərməsinin və qabaqlayıcı tədbirləri sistemli şəkildə həyata keçirməsinin əhəmiyyətini də xüsusi vurğulayıb.
Səbinə Əliyeva Ombudsman təsisatı ilə Mediasiya Şurası arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, mediasiya prosesi ilə bağlı şikayətlərin araşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə işinin təşkili istiqamətində birgə səmərəli fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb.
Müvəkkil hüquqi maarifləndirmə fəaliyyəti çərçivəsində müasir çağırışlar nəzərə alınmaqla dövlət xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi, yaxşı idarəçiliyin, eləcə də mübahisələrin alternativ həlli yollarının təbliği istiqamətində silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb.
Ombudsman Səbinə Əliyeva, həmçinin Türk Dünyası Mediatorlar Birliyinin (TDAB) Beynəlxalq Şurasının ilk iclası çərçivəsində “Qarabağ gecəsi” adlı tədbirdə də iştirak edib. Müvəkkil çıxışı zamanı Vətən müharibəsi zamanı əldə olunmuş Zəfərin türk dünyası üçün mühüm əhəmiyyət daşıdığını, dünyada sülh və əmin-amanlığın, regionda isə yeni əlaqələrin formalaşmasının vacibliyini bildirib.
Ombudsman Türkiyənin Baş Ombudsmanının və Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədrinin işğaldan azad edilmiş torpaqlarda aparılan faktaraşdırıcı missiyalarda fəal iştiraklarını, bu ölkənin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini məmnunluqla xatırladıb.
Müvəkkil hazırda keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıdışının təmin olunduğunu, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirildiyini qeyd edib.