Bakı. Trend:
Kolumbiyanın “Kanal On üç” televiziyasında yayımlanan “Bizim Kolumbiya” proqramında Azərbaycanın bu ölkəyə göstərdiyi humanitar maliyyə yardımı ilə bağlı xüsusi süjet yayımlanıb.
Trend xəbər verir ki, süjetdə Azərbaycanın Kolumbiyanın Duitama şəhərində yerləşən paramo qoruqlarının mühafizəsi məqsədilə ayırdığı yardımın əhəmiyyəti vurğulanıb. Bu, hər iki ölkənin ətraf mühitin qorunması və beynəlxalq əməkdaşlığa verdiyi xüsusi önəmin göstəricisi kimi təqdim olunub.
Proqram çərçivəsində Azərbaycanın Kolumbiyadakı səfiri Məmməd Talıbovun müsahibəsinə geniş yer verilib. Diplomat Azərbaycan ilə Kolumbiya arasında dostluq və qardaşlıq əlaqələrinin önəmini vurğulayaraq, bu il Azərbaycan tərəfindən Kolumbiyaya iki dəfə humanitar maliyyə yardımı göstərildiyini bildirib. O, ilk yardımın meşə yanğınlarının törətdiyi fəsadların aradan qaldırılmasına, ikinci yardımın isə Duitama şəhər bələdiyyəsinin ərazisindəki nadir ekosistem olan paramoların ekoloji problemlərinin həllinə yönəldiyini qeyd edib.
Səfir, paramoların zəngin fauna və florasını yerində araşdırmaq fürsəti əldə etdiyini bildirərək, Azərbaycanın dost Kolumbiya xalqının ekoloji problemlərinin həllinə töhfə verməyə davam edəcəyinə ümidvar olduğunu ifadə edib.
M.Talıbov Azərbaycanın iqlim dəyişikliyi və ətraf mühit məsələləri üzrə beynəlxalq çağırışlara verdiyi töhfələrdən də danışıb. O, Azərbaycanın ev sahibliyi etdiyi COP29-un tarixin ən uğurlu iqlim konfranslarından biri kimi yadda qaldığını və Kolumbiya nümayəndə heyətinin bu tədbirdə geniş təmsil olunduğunu xatırladıb. Diplomat, həmçinin, Azərbaycan nümayəndə heyətinin cari ilin oktyabr ayında Kolumbiyanın Kali şəhərində keçirilmiş COP16 konfransında fəal iştirak etdiyini qeyd edib.
Verilişdə iki ölkə arasındakı əlaqələrin son illərdəki müsbət inkişafı, siyasi dialoq səviyyəsi xüsusi vurğulanıb. 2024-cü ilin Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağı bir il olaraq əlamətdar olacağı da diqqətə çatdırılıb.