Xankəndi. Trend:
Azərbaycan ilə Çinin ticarət həcminin artırılmasına dair böyük planları var.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunun iştirakçıları ilə görüşündəki çıxışında bildirib.
Dövlət başçısı vurğulayıb: “Hazırda bunun üçün böyük potensial mövcuddur. Artıq Çinin bir çox şəhərindən Azərbaycana və Azərbaycan vasitəsilə Qərbə konteyner qatarları yola salınır. Onların sayı ildən-ilə, həm də onlarla faiz həcmində artır. Düşünürəm ki, yaxın vaxtlarda bu, dəfələrlə artırılacaq”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan əvvəldən ÇXR Sədri Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib və öz tərəfindən ölkə ərazisində müvafiq nəqliyyat-logistika infrastrukturu hazırlayıb.
“Çin şirkətləri Günəş elektrik stansiyaları layihələrinin reallaşdırılmasında podratçı qismində fəal iştirak edir. İnvestor şirkətlərin satın aldığı Günəş panelləri Çin istehsalıdır. Bu yaxınlarda biz həm də Çin şirkətləri ilə yaşıl - Günəş və külək enerjisi istehsalı sahəsində əməkdaşlığa başlamışıq. Artıq müvafiq sazişlər imzalanıb və zənnimcə, bu da bizim qarşılıqlı faydalı əməkdaşlığımıza yaxşı əlavə töhfə olacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.