Bakı. Trend:
Müstəqil Azərbaycanın inkişaf tarixində ən mühüm hadisələrdən biri yeni Konstitusiyanın qəbuludur.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova bildirib.
A.Həsənova qeyd edib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin səriştəsiz fəaliyyəti nəticəsində ölkədə dərin böhran, idarəetmədə xaos və anarxiya yaranmışdı, dövlət institutları formalaşmamış, qanunçuluq pozulmuş, vətəndaşların təhlükəsizliyi və azad yaşamaq hüququ təmin edilməmişdi.
Deputat vurğulayıb ki, yalnız xalqın tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində bu təhlükəli proseslərə son qoyuldu, ölkədə sabitlik bərpa olundu və müasir dövlət quruculuğu üçün möhkəm təməl qoyuldu:
“Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası tərəfindən müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsi hazırlanaraq 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumu ilə qəbul edildi. Seçicilərin 91,9 faizi bu sənədin lehinə səs verərək, ölkəmizin gələcək inkişaf istiqamətini müəyyənləşdirdi. Ulu Öndərin 15 dekabr 1995-ci il tarixli Fərmanına əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd olunur”.
A.Həsənova qeyd edib ki, Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında xidmətləri saysız-hesabsızdır:
“Ulu Öndər Konstitusiyanın hazırlanması və qəbulunda misilsiz rol oynayıb. Bu sənəd təkcə yeni ictimai-siyasi sistemin hüquqi əsaslarını müəyyən etmədi, həm də Azərbaycanın hüquqi və demokratik dövlət kimi inkişafının yeni mərhələsini başlatdı. Konstitusiya insan hüquq və azadlıqlarının, qanunun aliliyinin və demokratik dəyərlərin qorunmasını dövlət idarəçiliyinin mərkəzinə gətirdi”.
Deputat əlavə edib ki, yeni Konstitusiyanın qəbulu müstəqil, hüquqi və dünyəvi dövlətin bərqərar olması istiqamətində Heydər Əliyev ideyalarının həyata keçirilməsi üçün möhkəm hüquqi baza yaratdı.
“Ulu Öndərin konstitusiya ilə bağlı irəli sürdüyü prinsiplər bu gün real həyatda da öz təsdiqini tapır. Heydər Əliyev deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
Deputat bildirib ki, təbii ki, Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından da tariximizin çox mühüm ictimai-siyasi hadisəsi idi.
A.Həsənova vurğulayıb ki, bu ideyalar bu gün Azərbaycanın qüdrətli, qalib və demokratik dövlət kimi inkişafının təməlini təşkil edir.
